Güvənc yerimiz... Özümüzük

 

Bəzən xalqların tarixi onun başına gələn fəlakətlər əsasında yaranır!

Ən çox fəlakətlər isə sayca az, ərazicə kiçik dövlətlərdə yaşayan xalqların  başına gətirilir!

Xüsusən o halda ki, həmin ərazi dünya üçün maraq doğursun, yeraltı və  yerüstü sərvətlərlə zəngin olsun!

Təəssüf  ki, Azərbaycanımızın qismətinə belə bir tale yaşamaq düşüb!

Bizi əvvəlcə parçalayıb kiçildiblər, sonra özgələrinə güzəştə gediblər!

Bununla da ürəkləri soyumayıb! Zorla ərazimizdə xain xislətli, bizə düşmən  münasibəti bəsləyən milləti yerləşdiriblər. Həmin milləti əllərində alətə çevirərək  vaxtaşırı onların əli ilə başımıza oyunlar açıblar, məkrli planlarını gerçəkləşdiriblər.

Həm də hər dəfə özümüzü borclu çıxarmağa çalışıblar! Adımızı "vəhşi", "qəddar"  qoymaq istəyiblər! (Bəzən isə müvəqqəti də olsa, buna nail olublar).

 

Etirazımızı bildirəndə, haqqımızı tələb edəndə güllələyiblər, məhbəsə atıblar,  sürgünə göndəriblər!

Fiziki və mənəvi repressiyalara düçar ediblər!

Hələ bu harasıdır! Keçmişimizi yada salmağı qadağan ediblər, tariximizi  unutdurmağa çalışıblar.

Bir sıra tarixi hadisələr,  şəxsiyyətlər barədə danışmaq yasaq edilib.  

Bizim üçün yeni, "ütülənmiş" tarix yazıblar.

Həmin "tarixdə" xalqımıza qarşı soyqırımı və repressiya əməllərini "inqilabi  hərəkat", "sinfi mübarizə" adı altında pərdələyiblər, belə aksiyalara qarşı  çıxanları "əksinqilabçı", "sinfi düşmən" elan edərək gözdən salmağa çalışıblar.

Tarixi mövzuda həqiqəti deyənlər və yazanlar isə sovet sistemi tərəfindən daim   təqib edilib, cəzalandırılıb!

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan, ulu öndər Heydər Əliyev xalqın arzu  tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra bu sahədə də ciddi dönüşün  əsası qoyuldu.

Ulu öndərin ən böyük tövsiyələrindən biri Azərbaycan tarixinin yenidən, "  ləkələrsiz", obyektiv və düzgün yazılması barədə oldu. Bunu təmin etməkdən ötrü o,  1998-ci ilin 26 martında "Azərbaycanlıların soyqırımı haqqında" çox möhtəşəm bir  fərmana imza atdı. Fərmanın aktuallığı və tarixiliyi həmin sənəddə Azərbaycan  tarixinin obyektiv yazılmasından ötrü zəruri istiqamətlərin göstərilməsindədir. Tarixin  müxtəlif mərhələlərində baş verən hadisələrin mahiyyətinin düzgün açılmasına doğru  və əksinə yönələn həmin məqamlar artıq tarixçilərimizin tədqiqatlarında və yeni  yazılan elmi əsərlərdə ciddiliklə nəzərə alınır.

 

"Azərbaycanlıların soyqırımı haqqında" fərmanın girişində deyilir: "Azərbaycan   Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv  mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə  qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz  siyasi-hüquqi   qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir".

Daha sonra "tarixin açılmamış səhifələri" ardıcıllıqla sadalanır:

"1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri  Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını  qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti  başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə  Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan  torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi";

"İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan   ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə  baxmayaraq, öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan    inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində,  azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi  qoyuldu";

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata  keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan  ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi";

"Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr  çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı  altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı   ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı  quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata  keçirilməyə başlandı";

"Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda,   Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi  qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə  yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb  məhv edilmişdir".

"Qardaş xalqların ittifaqı" adlandırılan sovet dövründə də xalqımıza qarşı repressiya  "gizli soyqırımı" əməlləri dayanmadı. Belə ki, həmin dövrdə xalqımıza qarşı  törədilən vəhşiliklər və deportasiya əməlləri pərdələnmiş, ütülənmiş şəkildə həyata keçirilirdi. Ancaq mahiyyət eyni idi: insanlar ata-baba torpaqlarından kütləvi şəkildə  çıxarılaraq boşalmış ərazilərdə ermənilər yerləşdirilir, proses zamanı böyük itkilər baş  verirdi. Məsələn, SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli "Ermənistan  SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz   ovalığına köçürülməsi haqqında xüsusi qərarı ilə 1948-1953-cü illərdə azərbaycanlılar dövlət səviyyəsində, həm də kütləvi şəkildə tarixi torpaqlarından çıxarıldılar.

Qırmızı imperiya çürüyüb dağılarkən yenə də son nəfəsində xalqımıza qarşı  mənfur niyyətini ortaya qoydu. Əvvəlcə "müstəqillik eşqinə düşən" xalqımıza  "qulaqburması" vermək üçün 20 Yanvar faciəsi törədildi, sonra ermənilərə Azərbaycan torpaqlarını işğal etməkdən ötrü hərbi-siyasi və informasiya dəstəyi  verildi. Bununla həm də xalqımıza qarşı yeni soyqırımlarının əsası qoyuldu.

Doğrudur, ilkin dövrlərdə belə məkrli əməllərə və qəddar planlara lazımi   düzgün hüquqi-siyasi qiymət verilmirdi. Amma tarix bu məsələyə də öz təshihlərini  etdi. Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər  Əliyev yaxın keçmişdə baş vermiş bir sıra faciələrin hüquqi-siyasi cəhətdən  qiymətləndirilməsi sahəsində də qətiyyətli addımlar  atdı. Milli Məclisdə deputat  istintaq komissiyaları yaradılaraq  əvvəlcə 20 Yanvar, sonra isə Xocalı faciələrinə  hüquqi-siyasi qiymət verildi, müvafiq sənədlər, qərar və sərəncamlar qəbul edilərək  xalqımıza qarşı törədilmiş kütləvi cinayətlərin dünya ictimaiyyətinə, beynəlxalq qurum  və təşkilatlara çatdırılması yönündə zəruri işlər görüldü.

Təəssüf ki, müasir dünya, bir sıra beynəlxalq qurum və təşkilatlar hələ   "ikili standartlar" əsasında fəaliyyət göstərir. Baş verən hadisələrə bu sayaq  yanaşma olanların vaxtında və obyektiv qiymətləndirilməsinə, gələcəkdə belə  halların qarşısının alınmasına və insanların kütləvi şəkildə pozulmuş hüquqlarının    bərpasına imkan vermir.

Əslində belə ədalətsizliklər dünya üçün yeni problemlərin yaranmasını  stimullaşdırmış olur!

Lakin Azərbaycan iqtidarı ruhdan düşmür, dayanıb durmur, geriyə çəkilmir!

Təkidlə, inadkarcasına yaxın və uzaq keçmişlərdə xalqımızın başına gətirilən  müsibətlərin obyektiv və prinsipiallıqla qiymətləndirilməsinə, torpaqlarımızın işğaldan  azad edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurd-yuvasına  qayıtmasına nail olmağa çalışır.

Uğurlu nəticələr qazanılır. Artıq Avropa Şurası, ATƏT, Avropa İttifaqı, İslam  Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı qəbul etdikləri qətnamə və  qərarlarda Ermənistanı işğalçı dövlət kimi göstərmişlər.

Xocalı faciəsinin dünya tərəfindən soyqırımıtək tanınması yolunda da ardıcıl   qətiyyətli addımlar atılır.

Ötən il dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının 20  illiyi münasibətilə Bakıda keçirilən ümumxalq yürüşü dünyada böyük əks-səda doğurdu. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər, xüsusən fondun vitse-prezidenti Leyla Əliyevanın başçılığı ilə aparılan "Xocalıya ədalət" kampaniyası ilbəil   daha səmərəli nəticələr verir. Cari ilin mart ayının 22-də ABŞ-ın Nyu-Cersi ştatının   Pax Turcica İnstitutunun illik kampaniyası nəticəsində 1918-ci ildə azərbaycanlıların  erməni daşnakları tərəfindən qətlə yetirilməsi faktını tanıyan qətnamə qəbul edilib.  Qətnamə həmçinin 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü olaraq da  tanımışdır.

Xatırladırıq ki, son illər ərzində Pakistan, Meksika və Kolumbiya parlamentlərində,  habelə Avropanın bir sıra ölkələrində - Bosniya və Herseqovina, Çexiya parlamentinin  Deputatlar Palatasının Xarici əlaqələr komitəsində də belə qərarlar qəbul olunmuşdur.

Amerika Birləşmiş Ştatlarında görülən işlərin səmərəsi də get-gedə yüksəlir. Belə ki, ABŞ-ın Texas, Massaçusets, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas,  Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya ştatlarında Xocalı soyqırımını rəsmən  tanıyan və faciəni qətliam kimi qəbul edən qərarlar çıxarılmışdır.

Yəqin ki, ATƏT və həmsədr dövlətlər ədalətli və prinsipial olsaydılar,   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çoxdan həllini tapmışdı.  Yaradıldığı gündən indiyədək heç nəyə nail ola bilməyən ATƏT-in dişsiz fəaliyyəti,  Ermənistanın çaldığı havaya oynaması lətifəyə çevrilməkdədir. Bəzən həmsədr  dövlətlərin özləri də anlaşılmaz, ziddiyyətli mövqe nümayiş etdirirlər. Xocalı  soyqırımının növbəti 21-ci ildönümü ərəfəsində belə halların yenidən şahidi  olduq:

- Rusiyanın "RİA-Novosti" agentliyinin internet saytında Vadim Dubnovun  "Qarabağ 25 il ərzində tanınmamış olmağa öyrənmişdir" adlı məqaləsində "siyasi  şərhçi" iddia edirdi ki, "DQR" tanınmamış dövlət olsa da, onu dövlət kimi qəbul  edirlər, çünki orada ermənilərin rahat yaşamasına heç bir maneə yoxdur. Ermənipərəst   ruhda yazılmış məqalədə çoxlu sayda faktoloji səhvlər də vardı. Doğrudur, Azərbaycan  tərəfinin təpkilərindən sonra həmin məqalə saytdan  çıxarıldı və orada səsləndirilən  fikirlərin "Rusiyanın dövlət mövqeyi olmadığı" bildirildi. Lakin  belə bir məqalənin yazılması da təsadüfi deyildi;

- ABŞ-da Ağ Evin rəsmi internet səhifəsinin "Biz xalqıq" bölməsində Xocalı  soyqırımı ilə bağlı yaradılmış petisiyada ABŞ administrasiyasından Xocalı   qurbanlarının xatirəsinə həsr edilmiş proklamasiyanın qəbul olunması, həmçinin həmin  hadisənin hərbi cinayət kimi tanınması xahiş edilirdi. Qısa müddətdə petisiyanı  dəstəkləyən yüz mindən çox imza toplandığından, qaydaya görə, prezident Barak   Hüseyn Obamanın məsələyə münasibət bildirəcəyi gözlənilirdi. Ağ Ev sözçüsünün   soyuq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üçün standart sayılan  cavabından başqa heç nə baş vermədi. Halbuki qaydaya görə belə olmalı deyildi;

- Fransa parlamentində isə insanlığa və demokratiyaya yaraşmayan zorakılıq   xuliqanlıq hadisəsi baş verdi. Fevralın 26-da Fransa Milli Assambleyasının binasında  Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov assambleyanın üzvü, ermənipərəst mövqeyi ilə tanınan deputat Fransua Roşebloun və  erməni  diasporunun  üzvləri  tərəfindən   vəhşicəsinə  döyülərək  onlara  ağır  bədən  xəsarətləri  yetirildi.

Dünyaya demokratiya və ədalət dərsi keçənlər hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədalətə nail ola bilməyiblər.

Azərbaycanın ən yaxın müttəfiqi, özünə dost və qardaş bildiyi Türkiyə də bəzən  yumşaq deyilsə, təəccüblü və izahı çətin olan gedişlər edir. Əvvəlki illərdə "futbol  diplomatiyası" oyununu müşahidə etmişdik. Hətta türk qazanında "əziz erməni  qonaqlar" üçün ləziz xörək bişirildiyini də eşitmişdik. Bu ilin başlanğıcında isə yeni  "sürprizlərin" şahidinə çevrildik. Türkiyənin Prezidenti Abdulla Gül Ermənistanda  keçirilən növbəti prezident seçkilərinin nəticəsi elan olunmamış tez-tələsik "köhnə və yeni" prezident Serj Sarkisyanı təbrik etdi. Az sonra Yerevanla Van arasında yeni hava  reysinin açılışının təqdimatı keçirildi.

Nə yaxşı ki, heç zaman mövqeyini dəyişməyən, canı canımızdan, qanı qanımızdan  olan doğma türk xalqı var! Yoxsa "özəl şirkətlər" çox oyundan çıxarlar. O "şirkətlər"  ki hər il Türkiyədən Ermənistana minlərlə TİR maşınlarında yük daşıyırlar və minlərlə  Ermənistan ermənisinə "miqrant statusu"nda Türkiyədə pul qazanaraq vətənlərinə göndərmələrinə şərait yaradırlar.

Dünya erməniliyi isə ciddi şəkildə 1915-ci ildə Türkiyədə baş vermiş "erməni  soyqırımı"nın 100 illiyinə geniş hazırlıq görür.

Danılmaz faktdır ki, Azərbaycan Türkiyə ilə münasibətlərində həmişə açıq,  səmimi və birgə maraqları birmənalı şəkildə qoruyub saxlamış, heç bir  "diplomatik" sapmalara heç  zaman yol verməmişdir!

Azərbaycan daim ilk növbədə özünə güvənib!

Azərbaycan daim öz yolu ilə gedib və gedəcəkdir!

Azərbaycan öz torpaqlarından, öz maraqlarından əl çəkməyib və çəkməyəcəkdir!

Bu yol çətin yoldur, ancaq onun alternativi  yoxdur!

Azərbaycan müstəqil dövlət olduğundan daim milli və dövləti maraqlarını  qorumalıdır!

Taleyinə isə ilk növbədə özü məsuliyyət daşıyır, özü cavabdehdir!

Ən etibarlı güvənc yerimiz isə özümüzük!

Azərbaycan gənci hamıdan qabaq önə çıxmalıdır, vətəndaş və vətənpərvər  mövqeyini sərgiləməlidir:

- ilk növbədə tarixini dərindən öyrənməli, keçmişini bilməlidir;

- milli-mənəvi dəyərlərinə, ataların qoyduğu şərəfli yola sahib çıxmalıdır;

- elmi biliklərə, informasiya-kommunikasiya texnologiyasına, müasir  dünyagörüşə yiyələnməlidir;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri  öyrənməli, ərazi bütövlüyünün bərpası uğrunda yorulmadan mübarizə  aparmalıdır;

- sivil mübarizənin üsul və metodlarını mənimsəməli, harada yaşamasından,  oxuyub işləməsindən asılı olmayaraq bir an belə Azərbaycan vətəndaşı olduğunu  unutmamalıdır!

Artıq dünyanın hər ölkəsində Azərbaycan gənci yaşayır, təhsil alır, fəaliyyət  göstərir. O, Azərbaycan həqiqətlərinin dünyaya qəbul etdirilməsi uğrunda mübarizəyə  qoşulub!

Bu çətin mübarizədə ilkin uğurlarını qazanıb, özünü təsdiq edib!

Bu il Xocalı soyqırımının ildönümü ərəfəsində elektron, internet və çap mediası   vasitəsilə onun sivil mübarizəsinin şahidi olduq!

Onun səsinin eşidildiyini, məqsədinə yaxınlaşdığını, bəzən isə hətta hədəfinə çatdığını gördük!

Həyat mübarizədir!

Belə mübarizədə yalnız iradəlilər və bacarıqlılar qalib gəlirlər!

Qələbə bizim olacaq, Azərbaycan gənci!

Çünki yolumuz haqq-ədalət yoludur!

Çünki arxamızda iqtisadi cəhətdən güclü, siyasi sahədə nüfuzlu müstəqil  Azərbaycan dövləti dayanır!

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.-2013.- 31 mart.- S.1-2.