Bakı qan gölündə üzdü

 

Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə mart ayının 31-i Azərbaycanlıların Soyqırımı  Günü kimi qeyd edilir. Bu fərman erməni faşizminin son iki əsrdə başımıza gətirdiyi ağlasığmaz müsibətlərə, soyqırımı və deportasiyalara verilən ilk siyasi-hüquqi qiymət idi. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri akademik Ramız Mehdiyevin "Tarixi ədalətin bərpası naminə atılmış mühüm addım" əsərində qeyd etdiyi kimi, "Bu fərman keçmiş tariximizə və bugünkü proseslərə baxışları köklü surətdə dəyişdirməyi nəzərdə tutan çox mühüm dövlət sənədi, konseptual siyasi baxışlara əsaslanan metodoloji bazadır. Bu fərman dünya miqyasında öz mövqelərini getdikcə möhkəmləndirən müstəqil Azərbaycan dövlətinin haqq səsi, ədalət harayıdır. Bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmağı və öz maraqlarını müdafiə etməyi bacaran dövlətin milli manifestidir. Bu fərman xalqımızın tarixi yaddaşının bərpası və möhkəmləndirilməsi, milli dəyərlərə və milli hisslərə söykənən mənəvi-əxlaqi tərbiyə sahəsində mühüm vəzifələr irəli sürmüşdür. Mənfur məqsədləri hər birimizə məlum olan erməni düşmənçiliyinin və ekstremizminin xalqımıza qarşı törətdiyi soyqırımı dəhşətlərinin aşkarlanması, gənclərə izah edilməsi, onların milli şüurunun, idrakının inkişafında, vətənpərvərlik tərbiyəsində əsas istiqamət olmaqla yanaşı, həm də keçmişimizin acı reallıqlarının bir daha təkrarlanmaması üçün milli yaddaş fenomeninə və ciddi xəbərdarlığa çevrilməlidir".

Ulu öndər bu tarıxı fərmanla beynəlxalq aləmə bir daha bəyan etdi ki, ermənilər nəinki 5 min illik zəngin tarixə malik Azərbaycana, bütünlükdə Cənubi Qafqaza zərrə qədər dəxli olmayan, xarakterlərindəki qatı riyakarlıq, satqınlıq və xəyanət üzündən yaşadıqları dövlətlərin heç birində uzun müddət duruş gətirə bilməyib, ölkədən-ölkəyə qovula-qovula gəlib Azərbaycan ərazilərində sığınacaq tapmış bir tayfadır. Böyük dövlətlərin həyata keçirdikləri siyasətin qəddar və məkrli icraçıları olan ermənilərin əli ilə XIX-XX əsrlərdə azərbaycanlılara qarşı dəfələrlə qanlı soyqırımları törədilmiş, Bakı, Şamaxı, Quba qəzalarında, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrimizdə dinc əhali qılıncdan keçirilmiş, qadınlara, uşaqlara, qocalara belə rəhm edilməmişdir. Qarət və zorakılıqla müşayiət olunan qətliamlar zamanı yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmiş, günahsız insanların başına olmazın müsibətlər gətirilmişdir. Azərbaycanı məhv edib, torpaqlarımız hesabına öz ərazilərini daha da genişləndirməyi qarşılarına məqsəd qoymuş daşnakların 1918-ci ilin martında "əksinqilabçı ünsürlərlə mübarizə" şüarı altında Bakıda törətdikləri qırğınlar ağlasığmaz dərəcədə dəhşətli idi.

Müstəqil tədqiqatçı Kulqe yazırdı: "15-20 nəfərlik dəstələrə bölünən silahlı ermənilər evlərə soxulub müsəlman əhalini ağır işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, iti bıçaqlarla dəlik-deşik edir, körpə uşaqları süngülərə keçirib havada oynadır, cəsədlərin burun və qulaqlarını kəsir, evlərə od vurub sakinlərqarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər". Erməni quldur dəstələri tarixi abidələri dağıdır, məscidləri yandırıb külə döndərir, dini kitablardan nəhəng tonqallar qalayır, ziyarətgahları dağıdıb yerlə yeksan edirdilər. Tatevos Amiryanın başçılıq etdiyi erməni quldur dəstəsi dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" Xeyriyyə Cəmiyyətinin  binasını od vurub yandırmış, Cümə məscidini top atəşinə tutaraq dağıtmış, Təzəpir məscidini uzaqvuran topla zədələmişlər.

Tədqiqatçı İ.Bağırova yazır ki, 1918-ci il martın 15-dən 20-dək "Daşnaksütyun" beynəlxalq erməni terror təşkilatının köməyilə Petrovskdan (Mahaçqaladan) Bakıya gəmilərlə külli miqdarda silah-sursat gətirilmişdi. Həmin silahlar "Daşnaksütyun"un əsas sponsorlarından biri olan, Bakınin məşhur neft maqnatı Mantaşevin və digər erməni sənayeçilərinin müəssisələrində gizlədilmişdi. O vaxt Bakıda xalqımıza qarşı törədiləcək faciəli hadisələrə ciddi hazırlıq gedirdi. Xatırladaq ki, Mantaşevin iki kürəkəni - V.KarqanovS.Tiqranov "Daşnaksütyun"un  ən fəal üzvləri idilər. Mantaşev Londonda təsis etdiyi Erməni Milli Bankına erməni terror təşkilatına kömək məqsədilə 1 milyon rubl köçürmüşdu. Erməni kilsəsinin və "Daşnaksütyun"un bütün pul əmanətləri də həmin bankda saxlanılırdı.

Fövqəladə İstintaq Komissiyasının sənədlərində deyilir ki, cani Tatevos Amiryanın başçılıq etdiyi erməni quldur dəstəsi adamları öldürərkən onların nə cinsinə, nə də yaşına baxırdı. Onlar günün günorta çağı 80 yaşlı Hacı Əmir Əliyevin evinə soxularaq onu 60 yaşlı arvadı ilə birlikdə vəhşicəsinə qətlə yetirmiş, onların 25 yaşlı gəlinlərini diri-diri divara mismarlamış, kiçik yaşlı 3 nəvəsinin başını kəşmişlər. Erməni quldurları Bakı yaxınlığındakı Məhəmmədli kəndində qocaları və qadınları qılıncdan keçirmiş və süngülərlə dəlik-deşik etmişlər. Onlar südəmər körpələri analarının əllərindən alıb tonqallara atır, meyitlərin burun və qulaqlarını kəsir, hamilə qadınların qarınlarını yırtırdılar. Həmin kəndin təkcə kiçik  bir məhəlləsində (indiki Güllüdərədə) 57 qadın, qoca və uşaq meyiti aşkar edilmişdi. Şahidlərin dediyinə görə, erməni caniləri izi itirmək və törətdikləri cinayətləri ört-basdır etmək üçün meyitlərin əksəriyyətini ya quyulara doldurur, ya da dənizə tullayırdılar. Ermənilər onların vəhşiliyindən hiddətlənərək qətliamı dayandırmağı tələb edən Bakı şəhərinin rus icmasının çoxsaylı üzvlərini belə amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış erməni vəhşiləri qorxu icində Allah evi olan məscidlərə sığınmış müsəlmanlara belə rəhm etmədən, məscidlərin qapılarını bağlamış və icindəki adamlarla birlikdə od vurub yandırmışlar.

Şahidlərin dediklərinə görə, 1918-ci il martın 21-də, Novruz bayramı günü təpədən dırnağa silahlanmış ermənilər məşhur terrorcu Hamazaspın və "Daşnaksütyun" terror təşkilatının üzvü, öz qəddarlığı ilə ad çıxarmış, sonralar uzun müddət Sovet İttifaqının rəhbərlərindən biri olmuş Anastas Mikoyanın əmrilə İçərişəhərin girəcəyində icərisində iki min nəfərdən artıq yaralı və xəstə azərbaycanlı, rus, ləzgi və yəhudi olan binanı mühasirəyə alıblar. Sonra dörd tərəfdən benzin töküb od vurublar. Çox keçməyib ki, bina ozü boyda od püskürən nəhəng bir tonqala dönüb. Oradan günahsız insanların tükürpərdici ah-naləsi yeri-göyü lərzəyə gətirib.                 

Xüsusi mühüm işlər üzrə məhkəmə müstəntiqi Komarovskinin raportunda deyilir ki, ermənilər 8-10 nəfər müsəlmanı kəndirlə bir-birlərinə bağlayır və mübahisə edirdilər ki, kim həmin adamları daha sərrast nişan alıb vura bilər. Bəzilərini isə iki-iki üz-üzə bağlayır və onların başlarını qılıncın bir həmləsi ilə vurmağa çalışırdılar. Lalayevin erməni quldur dəstəsi bu üsulla 50 adamı qətlə yetirmiş, ümumilikdə isə 535 günahsız müsəlmanın ömrünə son qoymuşdur.

Azərbaycanlıların yaşadıqları bütün məhəllələr yerlə yeksan edilmişdi. Erməni terror və quldur birləşmələri əslində kommunist hakimiyyəti adından azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçirirdilər. Təzəpir məscidindəki mənzərəni görənlərin az qala ağlı başından çıxırdı. Məscid meyitlərlə dolu idi.  Bakının ətraf kəndlərindən birində eybəcər hala salınmış 58 qadın meyiti tapılmışdı. Onların qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdı. Cavan türk qızlarını çiyinlərindən divara mıxlamışdılar. "Azərbaycan" qəzeti 1918-ci il 8 oktyabr tarixli nömrəsində yazırdı: "Uşaqların oğurlanması ilə məşğul olan quldur şaykanın başçısı Tatevos Amirov "sosialist ordusu"nun başçısı olduqdan sonra Bakıda və Bakıətrafı kəndlərdə 16 min nəfərədək müdafiəsiz yoxsul müsəlmanı qətlə yetirmiş, daşnak (həmçinin sosialist) quldur dəstələrinə başçılıq edən alçaq Styopa Lalayev isə Bakının bir çox məhəllələrini müsəlman ziyalılardan təmizləmişdir. O, ziyalıları evlərindən çıxarıb küçədə güllələyirdi. Şaumyan və onun kimi "demokratiya rəhbərləri" bu təcrübəni öz komandirləri üçün çox əla təcrübə hesab edirdilər".  

Erməni qatillərinin Bakıda törətdikləri dəhşətli qırğınlar sonradan genişlənib Azərbaycanın digər bölgələrini də öz ağuşuna aldı. Hamısı da kütləvi qətliamlar və dağıntılarla sonuclanırdı. Ümumilikdə 50 min nəfərdən artıq yurddaşımız erməni vəhşiliyinin qurbanı oldu. Nəhayət Nuru paşanın və Kazım Qarabəkir paşanın komandanlığı altında müzəffər türk ordusunun azərbaycanlı qan qardaşlarına köməyə gəlişi bolşevik maskalı erməni daşnaklarının törətdiyi qırğınlara son qoydu. Bundan sonra Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı və soyqırımı cinayətlərini araşdırmaq üçün Fövqəladə İstintaq Komissiyası təşkil etdi. Ancaq XI Qırmızı Ordunun Azərbaycana qarşı təcavüzü istintaqı tam başa çatdırmağa imkan vermədi.

Özünü Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi sayan müstəqil Azərbaycan Respublikasının vətəndaşları son iki əsrdə ermənilərin başımıza gətirdiyi ağlasığmaz müsibətləri əsla unutmamalı, onu dünya ictimaiyyətinə və gələcək nəsillərə tam aydınlığı ilə çatdırmalı, müqəddəs torpaqlarımızın işğaldan xilası naminə ölkə rəhbərinin, Ali Baş Komandanın ətrafında daha sıx birləşməlidirlər. Bu bizim vətəndaşlıq borcumuzdur.

 

 

Zeynal VƏFA

 

Azərbaycan.-2013.- 31 mart.- S.1.