Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı

 

Günü ilə əlaqədar bəyanat yaymışdır

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yaymışdır.

Bəyanat BMT-nin baş katibi, onun müavini, təşkilatın insan hüquqları üzrə ali komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici dövlətlərin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmışdır.

Bəyanatda  erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımızın ağır məşəqqətlərlə üzləşdiyi, soydaşlarımızın insan hüquqlarının kobudcasına, kütləvi surətdə pozulduğu diqqətə çatdırılmışdır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olduğu qeyd edilmişdir.

Bildirilmişdir ki, XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən  minlərlə erməni ailəsi köçürülmüşdür.

Keçmiş Sovet İttifaqının dağılması ərəfəsində yaranmış xaosdan istifadə edən Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ona bitişik yeddi rayonu işğal etmiş, beləliklə ölkəmizin 20 faiz ərazisi zəbt olunmuş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və onların Azərbaycanda törətdikləri milli qırğınla bağlı tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə  azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.

Qeyd olunmuşdur ki, bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələridir. Həmin il martın 30-da erməni-bolşevik birləşmələrinin Bakını gəmilərdən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca martın 31-də və aprelin 1-2-də qırğınlar kütləvi şəkil almış, silahlanmış erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetirmişlər.

Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində  on minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı qəddarlıqla öldürülmüş, məscidlər, məktəb binaları yandırılmışdır.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, Cümə və Təzəpir məscidlərini, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Təkcə Quba qəzasında erməni hərbi hissələri 122 kəndi yandırmış, 60 kişi, qadın və uşağı qətlə yetirmiş, 53 nəfər isə yaralanmışdır.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır.  Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə minlərlə insanın qətlə yetirilməsinin sübutu və onların xatirəsinə ehtiram əlaməti olaraq hazırda Quba Soyqırımı Muzeyi yaradılmaqdadır.

Bəyanatda vurğulanmışdır ki, beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədi ilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkib hissəsini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

Ermənistan indi də dünyanın nadir ölkələrindəndir ki, terroru öz dövlət siyasətinin tərkib hissəsinə çevirmişdir. 1918-ci il mart qırğınları və törədilmiş digər soyqırımları zamanı yüz minlərlə azərbaycanlının qatili olmuş şəxslər bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə yüksəldilmiş, onların xatirəsinə abidə-komplekslər ucaldılmışdır.

Qeyd edilmişdir ki, zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə, BMT Baş Məclisi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 2008-ci il 14 mart tarixli qətnamə, Avropa Şurası Parlament Assambleyası Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 və 1690 saylı qətnamə və tövsiyə qəbul etsə də, Ermənistan bunları hələ də yerinə yetirmir.

Halbuki bu qətnamələrdə Ermənistan işğalçı dövlət kimi tanınmış, birmənalı olaraq Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanında bu hadisələrə siyasi qiymət verilmiş və  azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunmuşdur. Artıq on beş ildir ki, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir. Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Azərbaycan Prezidenti  İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımını həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağımızı dəfələrlə bəyan etmişdir.

Diqqətə çatdırılmışdır ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində, xüsusilə tərəflər arasında etimadın qurulması sahəsində daha fəal iştirak etmək istəyini dəfələrlə bəyan etmişdir.         

 ABŞ-dakı Azərbaycan və türk diasporlarının nümayəndələri 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bu ölkənin Konqresinə müraciət ünvanlamış, həmin günün yad edilməsi üçün dəstək verməyi və dünya ictimaiyyətini bu istiqamətdə geniş məlumatlandırmağı xahiş etmişlər. 

Bu günlərdə ABŞ-ın Nyu-Cersi ştatının Dövlət Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımının 95 illiyi ilə bağlı qətnamə qəbul etmişdir.

Bəyanatda qeyd olunmuşdur ki, nüfuzlu beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüququn normaları və prinsiplərinə tam uyğun həyata keçirilməlidir. İşğalçı dövlət olan Ermənistan ərazi iddialarından əl çəkərək, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək onlar öz doğma yurdlarına qayıtmalı, əsir və girovlar azad olunmalıdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 31 mart.- S.4.