Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukraynanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmişdir

 

Martın 29-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ukraynanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara ilə danışıqlar aparmışdır.

Görüşdən sonra keçirilmiş birgə mətbuat konfransında S.Lavrov demişdir: "Biz beynəlxalq gündəlik üzrə, xüsusən Dnestryanı münaqişənin nizamlanması, daha doğrusu, bu nizamasalmada irəliləyiş əldə etmək məsələlərini müzakirə etdik. Rusiya və Ukrayna təkcə vasitəçi dövlətlər deyil, həm də münaqişə tərəfləri arasında əldə olunacaq razılaşmaların təminatçısıdırlar. Bununla əlaqədar olaraq, biz bundan sonra fəaliyyətimizin əlaqələndirilməsi barədə şərtləşmişik. Biz ATƏT-in gündəliyində duran digər münaqişəli vəziyyətləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini, Kosovoda vəziyyəti və bir sıra digər məsələləri müzakirə etdik".

S.Lavrov vurğulamışdır ki, Rusiya Ukraynanın ATƏT-də sədrliyinin ilk üç ayının nəticələrini və qurumun builki prioritetlərini dəstəkləyir.

Görüşdə geniş əhatəli məsələlərin müzakirə olunduğunu qeyd edən Leonid Kojara demişdir: "Dondurulmuş münaqişələrlə bağlı  problemlərə xüsusi diqqət yetirilmişdir. Rusiya və Ukrayna 5+2 beynəlxalq formatında danışıqlar prosesinin təminatçısı və vasitəçisi olan dövlətlər kimi bu danışıqlar formatının bütün iştirakçılarının dəstəyi ilə Dnestryanı münaqişənin həllinə dəstək göstərməyə hazır olduqlarını təsdiq etmişlər".

Mətbuat konfransında bildirilmişdir ki, görüşdə Rusiya-Ukrayna əməkdaşlığının əsas məsələləri, bir sıra aktual regional problemlər gözdən keçirilmişdir. Tərəflər yüksək və ən yüksək səviyyədə görüşlərin və ikitərəfli tədbirlərin cədvəlini müzakirə etmişlər.

Rusiya Federasiyasının Qara dəniz Donanmasının Ukrayna ərazisində yerləşməsi ilə bağlı aktual məsələlərin  müzakirəsi zamanı Rusiya donanmasının Ukrayna ərazisində yerləşməsini baza sazişlərinə müvafiq surətdə tənzimləyən müqavilə-hüquqi bazanın inkişafı üzrə işləri bundan sonra da fəallaşdırmağa qarşılıqlı maraq ifadə olunmuşdur.

Azov-Kerç nizamasalması üzrə danışıqlar prosesinin gedişatının təhlilinə, habelə sərhəd məsələləri üzrə, o cümlədən Rusiya və Ukrayna vətəndaşlarının Rusiya-Ukrayna dövlət sərhədindən keçməsi qaydalarının sadələşdirilməsi kontekstində əməkdaşlıq məsələlərinə diqqət yetirilmişdir.

Rusiya ilə Ukraynanın mədəni-humanitar sahədə, o cümlədən Rusiyanın xristianlığı qəbul etməsinin 1025 illiyi və T.Şevçenkonun anadan olmasının 200 illiyi ilə bağlı qarşılıqlı fəaliyyətinin perspektivləri müzakirə edilmişdir.

İkitərəfli əməkdaşlıq məsələlərinin həlli,  MDB, BMT, Avropa Şurası və sair qurumlar çərçivəsində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün səylərin səmərəli əlaqələndirilməsini təmin etmək  məqsədi ilə Rusiya və Ukraynanın xarici siyasət idarələri arasında müntəzəm məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyi təsdiq edilmişdir.

Nazirlər Ukraynanın 2013-cü ildə ATƏT-ə sədrliyini nəzərə alaraq,  iki ölkənin ATƏT  çərçivəsində prioritetlərini, 2015-ci ildə Helsinki Yekun Aktının 40 illiyi münasibətilə ATƏT-in strateji baxışının işlənib hazırlanmasını nəzərdə tutan "Helsinki üstəgəl 40" prosesinin prespektivlərini müzakirə etmişlər. Təşkilatın hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar fəaliyyətinin aktual məsələlərinə, münaqişələrin həlli problemlərinə və ATƏT-in islahatına dair fikir mübadiləsi aparılmışdır.

Təhlükəsizliyin ümumi olması prinsipinə, transmilli təhdidlərə qarşı mübarizədə ATƏT-in potensialının möhkəmləndirilməsinə, inteqrasiya proseslərinə dair dialoqun inkişafına, yerdəyişmə azadlığı məsələlərinə, viza rejimlərinin liberallaşdırılmasına, seçkilərin müşahidə olunmasına, milli azlıqların hüquqlarının müdafiə olunmasına, habelə hüquqi status üzrə diskussiyaların davam etdirilməsinə və ATƏT-də islahatlar aparılması ilə bağlı digər məsələlərə xüsusi diqqət yetirilmişdir.

Görüşdə Ukraynanın sədrliyi dövründə və ATƏT XİNŞ-in dekabrın 5-6-da Kiyevdə keçiriləcək iclasına hazırlığın gedişatı zamanı əlaqələndirmə və qarşılıqlı fəaliyyət haqqında razılaşma əldə olunmuşdur.

 

 

Fəridə Abdullayeva,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2013.- 31 mart.- S.5.