Azərbaycanın idman infrastrukturu gürcüstanlı nazirdə xoş təəssürat yaratmışdır

 

Azərbaycanda səfərdə olan Gürcüstanın idman və gənclərlə iş naziri Levan Kipiani mayın 13-də gənclər və idman naziri Azad Rəhimov ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə A.Rəhimov qonağa Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, həmçinin ölkəmizdə idmana göstərilən dövlət qayğısı barədə məlumat vermişdir.

Gürcüstanlı nazir isə ölkəsində həyata keçirilən idman və gənclər siyasətindən danışmışdır. Sonra iki ölkə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq haqqında mövcud sazişlərin müddəalarının həyata keçirilməsinin hazırkı vəziyyəti müzakirə edilmişdir.

Müzakirələrdə Azərbaycan-Gürcüstan sərhədində vaxtilə mövcud olmuş hər iki ölkənin gəncləri arasında mədəni kütləvi və idman tədbirlərinin keçirilməsi ənənəsinin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.

L.Kipiani Azərbaycanın idman infrastrukturu ilə tanışlığın onda xoş təəssürat yaratdığını bildirmişdir.

 

 

Azərbaycan.-2013.-14 may.-S.6.