Azərbaycan Fransa üçün tərəfdaş ölkədir

 

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Ədliyyə Nazirliyində olmuşdur.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Fikrət Məmmədov ilə görüşdə Azərbaycan və Fransa arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin olduğu qeyd edilmişdir. Nazir geniş müqavilə bazasına söykənən bu əlaqələrin müxtəlif, o cümlədən hüquqi sahədə uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. Fikrət Məmmədov 2004-cü ildə iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin qarşılıqlı fəaliyyətin genişləndirilməsinə böyük təkan verdiyini vurğulamışdır.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu ədliyyə və məhkəmə islahatları, o cümlədən yeni məhkəmələrin yaradılması, infrastrukturun müasirləşdirilməsi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçim prosesi barədə məlumat vermiş, həyata keçirilən tədbirlərdə Fransanın təcrübəsindən bəhrələndiyini və nüfuzlu ekspertlərin iştirakını qeyd etmişdir.

Azərbaycanın Fransa üçün tərəfdaş ölkə olduğunu vurğulayan  səfir Prezident İlham Əliyevin ötən ilin payızında bu ölkəyə səfərinin hərtərəfli əlaqələrin inkişafına böyük töhfə verdiyini bildirmişdir. Diplomat güclü müstəqil tolerant respublikamızla bütün sahələrdə, o cümlədən hüquqi əməkdaşlığın daha da dərinləşdirilməsində marağını ifadə edərək bunun üçün geniş perspektivin olduğunu vurğulamışdır. Səfir ölkəmizin məhkəmə-hüquq sahəsindəki nailiyyətlərini təqdir edərək qarşılıqlı fəaliyyətin genişləndirilməsinə dəstək verməyə hazır olduğunu söyləmişdir.

Görüşdə əməkdaşlığın prioritetləri müzakirə olunmuş, qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

 

 

Azərbaycan.-2013.-14 may.-S.7.