Mətbuat konfransı
Azərbaycan Prezidenti İlham Əliyevin
Avstriyaya rəsmi səfəri
Xəbər
verdiyimiz kimi, mayın 13-də imzalanma mərasimindən sonra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Avstriya Respublikasının Prezidenti Haynts Fişerin mətbuat
konfransı olmuşdur.
Dövlət
başçıları əvvəlcə bəyanatlarla
çıxış etdilər.
Prezident İlham Əliyevin bəyanatı
- Sağ olun, cənab Prezident!
Əvvəlcə,
icazə verin, göstərdiyiniz səmimi qonaqpərvərliyə
görə Sizə dərin təşəkkürümü
bildirim. Ölkənizdə olmağımızdan və
dialoqumuzun davam etdirilməsindən çox şadıq.
Biz
hamımız Azərbaycana etdiyiniz səfəri və
apardığımız müzakirələri
xatırlayırıq. Qeyd etdiyiniz kimi, həmin səfərdən
sonra biz əməkdaşlığın bütün sahələrində
sürətli inkişafı hiss edirik. Fikrimcə, bəyannamənin
imzalanması ikitərəfli münasibətlərimizdə
mühüm mərhələdir. Bu, ölkələrimiz
arasında imzalanmış bütün sənədlər
arasında xüsusi yer tutur. Çünki o, əməkdaşlığımızın
mahiyyətini, əlaqələrimizin tarixini əks etdirir və
bir çox sahələri əhatə edir. Bu, olduqca
mühüm bəyannamədir. Sənəd münasibətlərin
və tərəfdaşlığın əla səviyyədə
olduğunu təsvir edir.
Əslində,
bu sözlər əməkdaşlığımızın səviyyəsini
səciyyələndirir. Biz güclü siyasi əlaqələr
qurmuşuq, daim əlaqədəyik. Bir-birimizi dəstəkləyirik
və cənab Prezidentin qeyd etdiyi kimi, bu dəstəyi beynəlxalq
təşkilatlarda davam etdirəcəyik.
Eyni
zamanda, iqtisadi əməkdaşlığa gəldikdə,
çox yaxşı nəticələrimiz vardır. Ticarət
dövriyyəsi artır və böyük potensiala malikdir.
Hazırda bir çox Avstriya şirkətləri Azərbaycanda
mühüm layihələri həyata keçirən
podratçı qismində fəaliyyət göstərir. Bu
layihələr turizm infrastrukturuna, incəsənətə,
memarlığa aiddir. Avstriya şirkətlərinin Azərbaycanda
əla nüfuzu vardır. Onlar Azərbaycanın hazırda həyata
keçirdiyi bir çox infrastruktur layihələrində bizə
yardım edirlər.
Bu
gün bir azdan sonra bizim işgüzar dairələrlə
görüşümüz olacaqdır. Bu tədbir də,
fikrimcə, cənab Prezident, əməkdaşlığımıza
növbəti dəstək verəcəkdir. Biz həmçinin
daha çox Azərbaycan şirkətlərinin Avstriyada
işləməsini arzulayırıq. Ümidvarıq ki, bu da
baş verəcəkdir.
Azərbaycan
şirkətləri üçün sərmayə
baxımından Avstriya çox cəlbedici ölkədir.
Dünyada ən şəffaf neft fondlarından olan Azərbaycan
Dövlət Neft Fondu Avropada və ümidvarıq ki, Avstriyada
sərmayə imkanlarını axtarır və sərmayə
layihələrinə başlayır.
Cənab
Prezident bildirdi və bu bəyannamədə qeyd olunub ki, biz
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllini müzakirə etdik.
Münaqişə beynəlxalq hüququn normaları, beynəlxalq
təşkilatların qərarları və qətnamələri
əsasında həll olunmalıdır. Onların arasında
mən erməni qoşunlarının Azərbaycan ərazilərindən
dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsini xüsusilə
qeyd etmək istəyirəm. Əfsuslar olsun ki, 20 ildir bu qətnamələr
yerinə yetirilmir, işğal davam edir. Bir milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkün vəziyyətinə
düşmüş, etnik təmizləmə siyasətinə
və soyqırımına məruz qalmışdır. Əfsuslar
olsun ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin
prezidentlərinin status-kvonun qəbulolunmazlığı barədə
verdikləri bəyanatlara Ermənistanda məhəl qoymurlar.
Status-kvonun dəyişilməsi Azərbaycan ərazilərinin
işğaldan azad edilməsinin başlanğıcı deməkdir.
Fikrimcə, bu, nə qədər tez baş verərsə,
danışıqlar prosesi daha sürətlə gedər və
danışıqlar prosesində müşahidə olunan
mühit mənfidən müsbətə doğru dəyişə
bilər. Azərbaycan ərazilərinin dərhal
işğaldan azad edilməsinin başlanması bizim gözlədiyimiz
məsələdir. Ümidvarıq ki, beynəlxalq ictimaiyyət
bu istiqamətdə daha fəal rol oynayacaqdır.
Əlbəttə
ki, biz enerji əməkdaşlığını da müzakirə
etdik. Bu əməkdaşlıq üçün yaxşı
perspektivlər vardır. Azərbaycan "Cənub qaz dəhlizi"nin
tikintisini nəinki dəstəkləyən, əslində, onu
başlayan ölkədir. Ötən
dəfə cənab Prezidentlə Bakıda keçirdiyimiz
görüşdən sonra biz mühüm nailiyyət əldə
etmişik. Burada Trans-Anadolu qaz boru kəmərinin tikintisi ilə
əlaqədar Türkiyə ilə əldə edilmiş
razılaşma nəzərdə tutulur. Bu, Azərbaycan
qazı üçün Avropa qitəsinə qapıları
açır. Bu məsələ ilə bağlı Avropa təsisatları
və Avropa İttifaqı ilə apardığımız
müzakirələr hər zaman bizim diqqət mərkəzimizdədir.
Avropa
İttifaqlı ilə Azərbaycan enerji sektorunda strateji tərəfdaşlıq
sazişini imzalamışdır. Orada Azərbaycan "Cənub
qaz dəhlizi"nin əsas qüvvəsi və təşəbbüskarı
kimi qeyd edilir. Fikrimcə, "Cənub qaz dəhlizi"
uğurla həyata keçiriləcəkdir.
Hazırda
"Şahdəniz" konsorsiumu təkliflərin kommersiya tərəfini
qiymətləndirir. Ümidvarıq ki, yaxın gələcəkdə
qərar qəbul olunacaq və nəticədə Azərbaycan
qazı Avropa qitəsinə çatdırılacaqdır.
Gördüyümüz
kimi, əla münasibətləri, yüksək səviyyədə
qarşılıqlı anlaşma münasibətlərini genişləndirmək və əməkdaşlığı
gücləndirmək üçün hər iki tərəfin
istəyi vardır. Hesab edirəm ki, bu səfər bu
baxımdan öz rolunu
oynayacaqdır.
Hörmətli
cənab Prezident, qonaqpərvərliyinizə görə
çox sağ olun. Bildirmək istəyirəm ki, mən Vyana
şəhərini və zəngin tarixi, xalqınızın
tarixi irsini özündə əks etdirən belə möhtəşəm
sarayı çox xoşladım.
* * *
Sonra
dövlət başçıları jurnalistlərin
suallarını cavablandırdılar.
* * *
Avstriya
jurnalisti: Cənab Prezident, Azərbaycan Türkiyənin dostu
sayılır. Həftənin sonunda Türkiyədə bomba
partlayışları baş verdi. Suriyada gedən müharibənin
Türkiyəyə yayılmasından
ehtiyatlanırsınızmı? Sualım hər iki prezidentədir.
Bu halda beynəlxalq ictimaiyyət buna reaksiya verməlidirmi və
necə?
Prezident
İlham ƏLİYEV: - Əlbəttə ki, bu, bizi narahat
edir. Mən Türkiyə Prezidentinə və Baş nazirinə
bu cür qəddar terror aktları ilə əlaqədar dərin
hüznlə başsağlığı verdim. Günahsız
adamlar yenə də bundan əziyyət çəkiblər. Əlbəttə,
biz narahatıq ki, terrorçuluq insanlara əziyyət verməkdə
davam edir. Terrorçuluğa qarşı mübarizə daha fəal
şəkildə aparılmalıdır. Yeri gəlmişkən,
BMT Təhlükəsizlik Şurasının üzvü kimi,
Azərbaycan sədr olduğu zaman biz beynəlxalq
terrorçuluğa qarşı mübarizənin
aparılması məsələsini irəli sürdük və
beynəlxalq ictimaiyyətin göstərdiyi səylərin birləşdirilməsinin
zəruriliyini qeyd etdik. Zənnimcə, bütövlükdə
beynəlxalq ictimaiyyət mövqeyimizi başa
düşdü.
Terror
təşkilatları arasında heç bir fərq
qoyulmalı deyildir. Terror aktı üçün heç bir əsaslandırma
və ya üzrlü səbəb ola bilməz. Terrorçuluq
beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir.
Beynəlxalq ictimaiyyət terrorçuluğun
qarşısının alınması üçün
ümumi səyləri, informasiya mübadiləsini gücləndirməlidir.
Əlbəttə
ki, Türkiyə Azərbaycanın dostudur. Bizim aramızda
gözəl münasibətlər vardır və biz
narahatıq ki, bu terrorçuluq əməlləri yayıla
bilər və günahsız insanlara əzab-əziyyət gətirə
bilər.
Prezident Haynts FİŞER:
- Mənim
sizin sualınıza verəcəyim cavab ondan ibarətdir ki, elə
indicə biz görüş əsnasında Suriyadakı vəziyyətə
toxunduq. Bildiyiniz kimi, Azərbaycan BMT Təhlükəsizlik
Şurasının üzvüdür. Şəxsən mən
inanıram ki, Suriyanın hazırkı hakimiyyəti Türkiyə
ilə əlavə cəbhəni yaratmaqla
düşdüyü vəziyyəti
ağırlaşdırıb. Hətta deyərdim ki, çox
ağırlaşdırıb.
Son
günlərdə baş verən maraqlı hadisələr
göstərir ki, Rusiyanın xarici işlər naziri ilə
ABŞ-ın Dövlət katibi arasında
danışıqlar aparılmışdır. Münaqişənin
səngidilməsi və dayandırılması
üçün Rusiya ilə ABŞ arasında razılıq
tapılarsa, bu, irəliyə doğru atılmış
böyük addım olar. Çünki BMT Təhlükəsizlik
Şurasının müsbət qərarı o vaxt
mümkün olar ki, Rusiya və ABŞ arasında Təhlükəsizlik
Şurasının qətnaməsinə aid bəzi fundamental məsələlər
üzərində razılıq əldə olunsun.
Mənim
şəxsi rəyim ondan ibarətdir ki, bu cür
münaqişələr hərbi vasitələrlə deyil, hər
zaman siyasi yolla həllini
tapmalıdır. Əgər kimsə münaqişəni
güc və qarşıdurma ilə həll etmək istəyirsə,
bu, pis fəsadlar verər. Mənə elə gəlir ki, misal
kimi, İraqın adını burada çəkməyə
ehtiyac belə yoxdur.
Vüqar SEYİDOV (Azərbaycan Dövlət
Teleqraf Agentliyi - AzərTAc): Sualım Avstriya Prezidentinədir.
İki ölkə arasında qeyri-enerji əməkdaşlığının
hansı konkret sahələri genişləndirilə bilər?
Prezident Haynts FİŞER:
- Əvvəlcə,
mən məmnunluqla qeyd edə bilərəm ki, Avstriyada
müxtəlif sahələrdə yüksək texnologiyalar
vardır. Mən infrastruktur, dəmir yolları, inşaat, səhiyyə
və xəstəxanaların tikintisi sahələrini nəzərdə
tuturam. Biz dost ölkə olaraq Azərbaycana bu
texnologiyaları təqdim etmək istəyirik və təqdim
edirik. İkincisi, turizm sahəsidir. Bu, Avstriyanın səciyyəvi
xüsusiyyətidir. Burada turizm çox yüksək səviyyədə
inkişaf edib. Beynəlxalq səviyyədə tanınır.
Azərbaycan gözəl ölkədir. Turizm ikinci sahədir.
Mədəniyyət üçüncü sahədir.
Universitetlər arasında sıx əməkdaşlıq
mövcuddur. Elmlər akademiyaları əməkdaşlıqda
olduqca maraqlıdır. Bu, üçüncü sahədir.
Bundan başqa, Avstriya həmçinin mədəni irsin
qorunması sahəsində də çalışır.
Bilirik ki, Bakıdakı mədəni irsin bəzi əsas
obyektlərində avstriyalı memarlar bərpa işlərinə
cəlb olunmuşlar. Bunlar bir sıra yaxşı nümunələrdir.
Əgər əlavə vaxt verilsəydi, mən digər sahələri
də tapardım. Verdiyiniz suala cavab bu qədər.
Jurnalist:
Sualım Prezident Əliyevədir. "Cənub qaz dəhlizi"
ilə əlaqədar qərara gəldikdə, Siz bu qərarın
iyunun sonunda qəbul ediləcəyini gözləyirsinizmi?
İkincisi, əgər "Cənub axını" layihəsi
həyata keçirilərsə, bunun "Nabukko"nun
reallaşmasına nə dərəcədə təsiri
olacaqdır?
Prezident İlham ƏLİYEV:
- Bu
qərarın yaxın zamanlarda qəbul olunmasını biz də
gözləyirik. Bu, "Şahdəniz" qrupunun birgə qərarı
olacaqdır.
Bu
gün cənab Prezidentlə müzakirə etdiyimiz kimi
ümidvarıq ki, həmin qərar sırf kommersiya
etibarlılığı baxımından qəbul ediləcəkdir.
Artıq qeyd etdiyim kimi, biz "Cənub qaz dəhlizi"nin həyata
keçirilməsi istiqamətində irəliyə doğru
böyük addım atmışıq. Bu halda, xüsusən,
TANAP layihəsi üzrə Türkiyə ilə Azərbaycan
arasında əldə edilmiş razılaşma nəzərdə
tutulur. Bu, layihənin həyata keçirilməsini xeyli
asanlaşdırır. Bir sözlə, biz əsas texniki və
maliyyə öhdəliklərini öz üzərimizə
götürməyə hazırıq. Biz strateji marşrutun
reallaşmasına real töhfə veririk. Çünki bunun nəticəsində
Azərbaycan Avropa qitəsində mühüm qaz
ixracatçısına çevriləcəkdir. Bu, bizə nəhəng
qaz potensialımızı reallaşdırmaq imkanı
yaradacaqdır. Bu gündən etibarən gələn on illər,
yüz illər ərzində ölkəmizin iqtisadi müstəqilliyini
təmin edəcəkdir.
Biz
Avropa təsisatları ilə Azərbaycan arasında əməkdaşlıq
səviyyəsindən çox məmnunuq və tərəfdaş
kimi real iş görürük.
Hazırda
regionda həyata keçirilən və gələcəkdə
həyata keçirilməsi
planlaşdırılan layihələrə gəldikdə rəqabət
bizi narahat etmir. Əksinə, fikrimcə, ədalətli rəqabət
uğur üçün ilkin əsas şərtdir. Bu, həm
də istehlakçılar üçün vacibdir.
Çünki onların daha çox seçimi olacaqdır.
Bu, həmçinin istehsalçılar üçün sərfəlidir.
Çünki onlar daha səmərəli işləyəcəklər.
Bu səbəbdən biz narahat deyilik. Lakin şaxələndirmə
haqqında danışdıqda fikrimcə, biz hamımız nəzərə
almalıyıq ki, əsas şaxələndirmə
marşrutun yox, mənbənin şaxələndirilməsidir.
AzərTAc
Azərbaycan.-2013.-15 may.-S.1.