Fransanın nüfuzlu qəzeti Azərbaycana xüsusi nömrə həsr etmişdir

 

Fransanın gündəlik nəşr olunan nüfuzlu regional "Qərbi Fransa" qəzeti Fransanın Leql və Azərbaycanın Naftalan şəhərlərinin qardaşlaşmasına dair rəsmi sənədin imzalanması ərəfəsində ölkəmizə xüsusi nömrə həsr etmişdir.

Qəzetin "1963-cü ildən etibarən Leql qardaşlaşmanı artırır" sərlövhəli məqalədə bu ənənənin İsveçrənin Eql, Almaniyanın Clausthal Zellerfeid və Slovakiyanın Spisska Nova-Ves şəhərlərindən sonra Azərbaycanın Naftalan şəhəri ilə davam etdirildiyi, Leql şəhərinin hələlik  Fransada mer binası qarşısında dörd ölkənin bayrağının dalğalandığı yeganə şəhər olduğu diqqətə çəkilmişdir.

Məqalədə şəhərin meri Tierri Pinonun fikrinə istinadən bildirilir ki, bu qardaşlaşma ölkələrin demokratiya yolunda irəliləməsində Leqlin ənənəsidir. Mer Leqlin ilk dəfə 1965-ci ildə Almaniyanın Clausthal Zellerfeid şəhəri ilə qardaşlaşdığını, Naftalanla Leql arasında qardaşlaşmaya dair ilk niyyət protokolu imzalandıqdan sonra iki şəhər arasında dostluq əlaqələrinin möhkəmləndiyini, hər iki şəhər rəsmlərinin qarşılıqlı səfərlər etdiyini, keçən il Leqlin Molyer kollecinin idmançılarının Naftalanda həmkarları ilə yarışlar keçirdiyini, istedadlı  azərbaycanlı cazmenlərin konsertinin Leql sakinlərinə böyük təsir bağışladığı, 2010-cu ildə Naftalana səfərinin onda xüsusi təsir oyatdığını qeyd etmişdir.

Başqa bir məqalədə Leqllə Naftalan arasında əlaqələrin 2011-ci ildə inkişaf etdiyi, Leqlin Azərbaycanla Avropa arasında əsas körpü rolu oynayacağı vurğulanmışdır. 2011-ci ildən etibarən ölkəmizin dünyaya inteqrasiyasında önəmli rol oynayan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Orn departamentinin 30 icmasına yardım göstərildiyi yüksək qiymətləndirilmişdir. Məqalədə Leqlin meri Tierri Pinonun  "Fransada az tanınan Azərbaycan yaxşı tanınmalıdır" fikri xüsusi vurğulanmışdır.

"Bakı yaxşı tanınmaq üçün Ornu seçdi" başlıqlı məqalədə Azərbaycan ərazisinin 20 faizinin hələ müharibə vəziyyətində olduğu Ermənistan tərəfindən işğal edildiyi, Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğu, bir milyondan artıq qaçqın və məcburi kökünü olan Azərbaycanla Ermənistan arasında münaqişənin dinc yolla həlli ilə əlaqədar yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərdən birinin Fransa olduğu qeyd edilmişdir.

Digər məqalələrdə Parisdəki sənaye palatasında  Fransa və Azərbaycan iş adamlarının iştirakı ilə keçirilən iqtisadi forum, ölkəmizin ərazisi, əhalisi, Fransada 3 min azərbaycanlının yaşadığı barədə məlumatlar yer almışdır.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov qəzetin müxbirinə verdiyi müsahibəsində ölkəmizin Şərq aləmində ilk demokratik quruluşlu dövlət yaratdığını, 1991-ci ildə müstəqillik qazandıqdan sonra sürətlə inkişaf etdiyini, Ermənistan tərəfindən işğal olunan 20 faiz ərazisini geri qaytarmağın, Azərbaycanın əsas problemi olduğunu, Leqlin meri Tierri Pino və Orn departamentində senator seçilən Natali Qule ilə birlikdə iqtisadi əlaqələri və mədəni layihələri birgə təhlil etdiklərini, Fransa və Azərbaycan arasında əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirmişdir.

Qəzetdəki digər bir məqalədə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abbasovun Fransaya işgüzar səfəri çərçivəsində maldarlıq və taxılçılığın daha çox inkişaf etdiyi Bas-Normandi regionunun Orn departamentində olduğu, Azərbaycan və Fransa üçün maraq doğuran sahələrə dair departament rəhbərləri ilə görüşlər keçirdiyi barədə məlumat verilmişdir.

"Naftalan Leqlin yeni qardaşı olacaqdır" sərlövhəli məqalədə Naftalan neftinin xüsusi müalicə əhəmiyyəti daşımasından, bu neftin tarixindən, ümumiyyətlə, ölkəmizin yeraltı sərvətlərlə, xüsusilə, neft və qazla zənginliyindən bəhs olunmuşdur.

"Azərbaycan merləri Ornda səfərdə" başlıqlı yazıda ölkəmizin 9 rayonunun icra hakimiyyəti başçısının Arjentan yaşayış qəsəbəsinə səfəri, Bas-Normandi regionunda Orn departamenti ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına xüsusi önəm verildiyi yer almışdır.

Azərbaycanı Fransada tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Parisdəki səfirliyinin dəstəyi sayəsində "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində "Azərbaycan günləri" ilə bağlı sərgi və konsertin Fransanın artıq 13 şəhərində təşkil edildiyinə diqqət çəkən "Leqldə "Qafqazın mirvarisi" adlı sərgi" başlıqlı məqalədə belə bir tədbirin mayın 17-dən 19-dək Leql şəhərində də təşkil olunacağı bildirilmişdir. Eləcə də Fransa ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik çox qədim tarixi olduğu, gənc pianoçulardan Murad Hüseynov və Şahin Növrəslinin Leqldə solo konserti ilə çıxış etməsi erməni işğalı altında olan Şuşa şəhərinin Azərbaycan musiqisinin paytaxtı olması,   bir qrup fransalı senatorun Azərbaycana səfərləri barədə geniş məlumat verilmişdir.

"1957-ci il 30 may, pərdə qalxır..." adlı məqalədə isə qardaşlaşma ideyasının tarixindən və həyata keçirilməsindən söhbət açılmışdır.

Qəzetdə bəhs edilən mövzulara dair çoxlu sayda şəkillər dərc olunmuşdur.

 

 

Əsgər ƏLİYEV,

AzərTAcn xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2013.- 15 may.- S.6.