Xarici İşlər Nazirliyində Azərbaycan-Yunanıstan münasibətləri müzakirə edilmişdir

 

Aprelin 30-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın xarici işlər naziri Dimitrios Avramopoulos başda olmaqla bu ölkənin nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə iki ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olması qeyd edilmişdir. E.Məmmədyarov vurğulamışdır ki, son vaxtlar iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 4 dəfə artmış və bir milyard dollara yaxınlaşmışdır. Azərbaycanlı nazir demişdir: "Bizim ortaq fikrimizə görə, hər iki ölkənin potensial imkanları o qədər genişdir ki, biz əmtəə dövriyyəsini artıra bilərik. Görüşdə bu istiqamətdə nəzərdə tutulan tədbirlər müzakirə edilmişdir. Biz qarşılıqlı turist axınlarının artırılması, həmçinin energetika sahəsində əməkdaşlıq tədbirlərini də müzakirə etmişik".

Bakıda keçirilən görüşlərin səmərəli olduğunu qeyd edən Dimitrios Avramopoulos ikitərəfli münasibətlərin inkişaf dinamikasında bu görüşlərin müsbət rol oynayacağına əmin olduğunu bildirmişdir. Dimitrios Avramopoulos qeyd etmişdir ki, budəfəki səfər Azərbaycan ilə Yunanıstan arasında diplomatik münasibətlərin iyirmi illik tarixində mühüm mərhələdir. Görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlıq barədə razılıq əldə edilmişdir.

Dağlıq Qarabağ münaqişəsində status-kvo barədə jurnalistlərin sualına cavab olaraq Dimitrios Avramopoulos bildirmişdir ki, Yunanıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və belə hesab edir ki, bu cür münaqişələr beynəlxalq hüquq normaları və prinsipləri nəzərə alınmaqla dinc yolla həll edilməlidir. O həmçinin qeyd etmişdir ki, Yunanıstan ATƏT-in üzvü olmaqla Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi məsələsində ATƏT-in Minsk qrupunun səylərini tamamilə dəstəkləyir.

 

 

Azərbaycan.-2013.- 1 may.- S.1.