«Avropa Olimpiya Oyunları Azərbaycan üçün çox əlamətdar hadisə olacaq»

 

Dünən  Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkinin, Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun və baş məsləhətçi Daq Arnotun iştirakı ilə Koordinasiya Komissiyasının görüşünün başa çatması münasibətilə mətbuat konfransı keçirildi.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışaraq idmançılarımızın qazandığı nailiyyətlərdən söz açdı. Bildirdi ki, Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi qərarının qəbul edilməsində bir neçə amil, ilk növbədə ölkəmizin beynəlxalq nüfuzu rol oynamışdır.

Avropa Oyunları Koordinasiya Komitəsi üzvlərinin ölkəmizdə olduğu müddət ərzində respublikamızın idman infrastrukturunun təqdimatının keçirildiyini vurğulayan Azad Rəhimov qeyd etdi ki, artıq qonaqlar Olimpiya kəndində olmuş və burada idmançılar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişlər: "Ümumiyyətlə, Birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə davam edir. Bilirsiniz ki, Bakının ilk Avropa Oyunlarının paytaxtı seçilməsi 32 beynəlxalq ekspertin geniş müzakirəsindən sonra qərara alınmışdır. Hazırda Azərbaycana  müxtəlif ölkələrdən ekspertlər dəvət olunurlar. Çalışırıq ki, ekspertlər Olimpiya Oyunlarını keçirə biləcək təcrübəyə malik olsunlar. Məsləhətçi vəzifəsinə Daq Arnot dəvət olunmuşdur. O, 2012-ci il London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində rəhbər vəzifələrdə yer aldığından böyük təcrübəyə malikdir. Digər vəzifələrə də namizədlərə baxılır, onlarla da müqavilə bağlanılacaq. Mütəxəssislər azərbaycanlı gənclərlə birgə işləyəcəklər. Gənclərimiz bunun sayəsində böyük təcrübə toplayaraq özləri də gələcəkdə yarış keçirmək üçün lazımi biliyə malik olacaqlar".

Sonda Birinci Avropa Olimpiya Oyunlarının 12-28 iyun 2015-ci il tarixləri arasında təşkil olunacağını diqqətə çatdıran nazir dedi ki, iddiaçılar idmanın 19 növündə mübarizə aparacaqlar. Siyahıda kamandan oxatma, üzgüçülük, atletika, badminton, basketbol (3x3), boks, kanoe, velosiped, çimərlik futbolu, gimnastika, cüdo, karate, stend atıcılığı, stolüstü tennis, taekvondo, triatlon, çimərlik voleybolu, güləş və qılıncoynatma yer almışdı.

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki bildirdi ki,  birgə səylər nəticəsində Olimpiya hərəkatı tarixində ən yaxşı oyunlardan birini təşkil etmək hədəfinə nail ola biləcəyik: "Mən Azərbaycana 5-ci dəfədir ki, səfər edirəm. Hər gəlişimdə yeni bir inkişafın şahidi olmuşam. Bakıda çox böyük inkişaf var. Şəhərinizdə müasir infrastruktur, xidmət obyektləri tikilir. Şəhər gündən-günə gözəlləşir. Böyük işlər görülür, ictimai yerlər, parklar salınır, binalar bərpa edilir. Biz çox şadıq ki, Azərbaycan Prezidenti İlham Əliyev eyni zamanda Milli Olimpiya Komitəsinin prezidentidir. Onunla görüşdük və əmin olduq ki, həqiqətən də belə bir komanda ilə işləmək bizim üçün şərəflidir və daha çox yaddaqalandır. Eyni zamanda Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə görüşdük. O, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. İnanıram ki, azərbaycanlı həmkarlarımın səyləri nəticəsində ilk Avropa Oyunları ölkənizdə, sözün əsl mənasında, uğur qazanacaq, Azərbaycan üçün əlamətdar hadisə olacaq".

Sonda çıxış edən Koordinasiya Komissiyasının sədri, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos dedi ki, bu, məsuliyyətli tədbirdir. Çoxnövlü idman oyunlarına ev sahibliyi etmək çox çətindir. Əsas məqsədimiz bu müddət ərzində oyunları yüksək səviyyədə təşkil etməkdir: "Görüləcək çox iş var. Oyunlarda Avropanın ən qabaqcıl atletləri iştirak edəcəklər. İdman obyektləri fantastikdir. Bu oyunlar Bakı üçün çox gözəl fürsət olacaq. Obyektlərin əksəriyyəti Olimpiya kəndinə yaxındır. Yeni tikilən obyektlər isə vaxtında istifadəyə veriləcək. Çalışacağıq ki, onların sınaqdan keçirilməsinə də vaxt qalsın. İnanırıq ki, bütün ekspertlər Azərbaycan tərəfinə bu möhtəşəm oyunları təşkil etmək işində öz yardımlarını əsirgəməyəcəklər".

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2013.- 1 may.- S.3.