IDEA kampaniyasının quş sığınacaqları indi də Belarusun Berezinski Biosfer Qoruğunda quraşdırılmışdır

 

Hər il mayın 11-12-də Beynəlxalq Köçəri Quşlar Günü qeyd olunur.

Bu münasibətlə IDEA kampaniyası (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) tərəfindən Belarusun Berezinski Biosfer Qoruğunda 30-a yaxın quş sığınacağı quraşdırılmışdır.

 IDEA kampaniyasından AzərTAc-a bildirmişlər ki,  Berezinski Biosfer Qoruğu Belarus və Avropa təbii irsinin ayrılmaz tərkib hissəsini təşkil edir. Qoruq  1925-ci ildə enliyarpaqlı və iynəyarpaqlı meşə ilə örtülü sahənin unikal landşaftının qorunması və bu sahədə baş verən təbii prosesləri öyrənmək üçün yaradılmışdır. Zəngin flora və faunası olan qoruqda 52 növ məməli, 217 növ quş, 10 növ suda-quruda yaşayan və s. vardır.

IDEA kampaniyasının quş sığınacaqları Bişkek və Moskva şəhərlərində də quraşdırılmışdır.

IDEA kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə 2012-ci ilin may ayında Beynəlxalq Köçəri Quşlar Günü münasibəti ilə "Quşlar üçün sığınacaq dizaynı" adlı müsabiqə elan etmişdir. Müsabiqəyə 100-dən çox eskiz təqdim edilmişdir.

 

 

Azərbaycan.-2013.- 1 may.- S.3.