«Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr»

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin "Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr" adlı monoqrafiyası çapdan çıxmışdır. "Əcəmi" nəşriyyatında nəşr olunmuş 270 səhifəlik bu kitabda görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sınaqlardan çıxmış və sistemli bir nəzəriyyəyə çevrilmiş dövlətçilik təliminin siyasi-ideoloji mahiyyəti və müasir dövrdəki əhəmiyyəti məsələləri araşdırılmış, elmi şəkildə əsaslandırılaraq ümumiləşdirilmişdir.

Üç fəsildən ibarət olan monoqrafiyanın "Dahilikzaman" adlanan birinci bölməsində "Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr", "Azərbaycanın qurtuluş zərurəti və Heydər Əliyevin xilaskarlıq missiyası", "Heydər Əliyevin Azərbaycançılıq siyasəti: ədəbi düşüncədən dövlət ideologiyasi səviyyəsinə", "Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə", "Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti və müasirlik" kimi məsələlər özünün geniş elmi həllini və aydın siyasi-ideoloji cavabını tapmışdır.

"Həyatda və böyük siyasətdə İlham Əliyev körpüləri" adlanan ikinci fəsildə ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycanın hazırkı inkişaf səviyyəsində mövcud reallıqlara uyğun olaraq yaradıcılıqla, novatorcasına uğurla davam etdirilməsi və daha da inkişaf etdirilərək zənginləşdirilməsi proseslərindən bəhs olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik strategiyasının əsasları: cəmiyyət hadisələrinə çoxaspektli, çoxşaxəli yanaşma, hərtərəfli dinamik inkişaf və modernləşmə məsələləri ölkəmizin ayrı-ayrı istiqamətlər üzrə yüksəliş proseslərinin fonunda şərh olunmuşdur.

Monoqrafiyanın üçüncü fəslində görkəmli dövlət xadimi Heydər Əliyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qədərki böyük inkişaf yolundan geniş söz açılmışdır. Bu fəsildəki "Tarixi gedişatın dönüş məqamı və müasir dövr" bölməsində böyük öndər Heydər Əliyevin həyatı və mübarizəsinin şərəfli və məsuliyyətli Naxçıvan dövrünün gedişatı tədqiq olunmuş, bu keşməkeşli dövrün tamobyektiv mənzərəsi canlandırılmışdır. Burada, eyni zamanda, fəslin adına uyğun olaraq son iyirmi ilə yaxın bir mərhələdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük qayğısı və muxtar respublika Ali Məclisinin Sədri Vasif Talıbovun məqsədyönlü ideya-təşkilatçılıq işi əsasında Naxçıvanda həyata keçirilmiş böyük quruculuq işlərinin əməli nəticələri öz əksini tapmışdır.

Kitabın sonunda görkəmli dövlət xadimi Heydər Əliyev haqqında mövzu ilə əlaqədar ölkədə və dünyada çap olunmuş elmi ədəbiyyatın siyahısı verilmişdir.

 

 

Azərbaycan.-2013.- 1 may.- S.6.