Abşeron rayonunun Hökməli qəsəbəsində "AzFP CO LTD" MMC-nin tərkibində fəaliyyət  göstərən zavodların açılışı olmuşdur

 

Prezident İlham Əliyevin Abşeron və Qobustan rayonlarına səfəri

 

 Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "AzFP CO LTD" MMC-nin tərkibində fəaliyyət göstərən birdəfəlik plastik qablar, priforminqlər, polistirol və polipropilen kisələr, süd məhsulları və dondurma istehsalı zavodlarının açılışında iştirak etmişdir.

"AzFP CO LTD" MMC-nin sədri Manuçehr Əhədpur Xangah dövlət başçısına məlumat verdi ki, 2006-cı ildən fəaliyyət göstərən şirkət tərəfindən Abşeron rayonunda yaradılan bu zavodlar və meyvə-tərəvəz soyuducu anbarları sahibkarlığın inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Müəssisələrdə 1500 nəfər işlə təmin olunmuşdur. Bu zavodların fəaliyyətə başlaması heyvandarlığın inkişafına müsbət təsir edəcəkdir. Zavodların yerləşdiyi ərazi ümumilikdə 8 hektardır. Müəssisələr ən son texnologiyalar əsasında yaradılmış, ərazidə geniş yaşıllıq işləri görülmüşdür.

Azərbaycan Prezidenti birdəfəlik plastik qablar, priforminqlər istehsalı zavodunu işə saldı.

Prezident İlham Əliyev zavodun istehsal prosesi ilə tanış oldu.

Bildirildi ki, zavodun tikintisinə 45 milyon manat vəsait sərf olunmuşdur. Müəssisənin gündəlik istehsal gücü 50 tondur. Burada 150 növdən çox polistirol, polipropilen xammalından qida məhsulları üçün istehlak taraları priforminqlər istehsal olunur. Hazırda zavodda ilk mərhələdə 200 nəfər çalışır. İstehsal prosesi tam kompyuterləşdirilmişdir. Bütün proses vahid mərkəzdən idarə olunur.

Dövlət başçısı burada istehsal olunan hazır plastik qablara baxdı.

Qeyd olundu ki, artıq sifarişlərin qəbuluna da başlanılmışdır.

Prezident İlham Əliyev polistirol polipropilen kisələr istehsalı zavodunun fəaliyyəti ilə tanış oldu.

Diqqətə çatdırıldı ki, bu müəssisənin yaradılmasına beş milyon manat investisiya qoyulmuşdur. Burada istehsal sahəsi iki hissədən ibarətdir. Birinci hissə yarımməmulat xəttindən, ikinci hissə isə məmulat xəttindən ibarətdir. Müəssisə gün ərzində 13 çeşiddə 125 min kisə istehsal etmək gücünə malikdir.

Sonra Prezident İlham Əliyev süd məhsulları dondurma istehsalı zavoduna gəldi.

Bildirildi ki, "Milla" brendi altında fəaliyyət göstərən zavoda 49 milyon manat investisiya qoyulmuşdur. Bu istehsal müəssisəsi ən müasir standartlara cavab verir. Müəssisədəki texnoloji avadanlıq Avropadan dəvət olunan mütəxəssislər tərəfindən quraşdırılmışdır. Hazırda zavod yüksək keyfiyyətli "Milla" ticarət markası altında 56 növ süd məhsulları istehsal edir.

Azərbaycan Prezidenti südün emalı qablaşdırılması prosesi ilə tanış oldu.

Bildirildi ki, burada ultra-yüksək temperaturda pasterizə edilmiş süd süd məhsulları qablaşdırılır. "Milla" Azərbaycanda ilk dəfə laktozaya qarşı həssas insanlar üçün laktozasız süd istehsal edir. Zavodda, həmçinin müxtəlif çeşidli meyvəli yoğurt, dondurma, qatıq, xama, ayran, süzmə qaymaq istehsal olunur. Zavodda ağartı məhsullarının tərkibinin keyfiyyətinin standartlara uyğunluğunu müəyyənləşdirən müasir laboratoriya fəaliyyət göstərir.

Dövlət başçısı süd dondurma istehsalı zavodunda buraxılan məhsulların nümayiş etdirildiyi stendlə tanış oldu.

Məlumat verildi ki, müəssisənin gündəlik istehsal gücü 250 ton təşkil edir. Müəssisədə kəsmik, pendir, kərə yağı, qatıq müxtəlif çeşidli digər məhsulların da istehsalı üçün hazırlıq işləri aparılır. Zavodun xammalla təmin edilməsi üçün müəssisənin nəzdində respublikanın ayrı-ayrı bölgələrində heyvandarlıq kompleksləri yaradılmışdır.

Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə bağlı tapşırıq tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 2 may.- S.1.