«Heydər Əliyev mənim həyatımda»

 

"Azərbaycan" qəzeti redaksiyası tərəfindən hazırlanmış ikicildlik kitab ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə dəyərli töhfədir

 

 Ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da, ölkəmizi işıqlı sabahlara aparan bəşəri ideyaları ilə xalqımızın qəlbində əbədi yaşayır. Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini möhkəmləndirməsi də məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının, ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

Ulu öndərin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması Azərbaycan vətəndaşlarının ümdə istəyidir. Çünki Heydər Əliyev irsinin öyrənilməsi ümummilli liderin mahiyyətində xəlqilik və bəşərilik dayanan ideyalarının yaşaması, davam etdirilməsi və bütövlükdə Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin, ictimai-siyasi və mədəni həyatımızın inkişafı deməkdir.

Bu baxımdan, Prezident İlham Əliyevin bu il yanvarın 21-də imzaladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncam bütün məziyyətləri ilə yanaşı, həm də ulu öndərin irsinin öyrənilməsi, təbliği və gənc nəslə çatdırılması baxımından mühüm təşəbbüsdür. Sərəncama əsasən, bu gün respublikanın hər yerində, habelə xarici ölkələrdə çoxsaylı tədbirlər keçirilir.

Azərbaycan xalqının elliklə, dövlət səviyyəsində qeyd etdiyi hadisələrə daim özünün yüksək töhfələrini verən rəsmi dövlət nəşri "Azərbaycan" qəzeti fəaliyyətində ulu öndər Heydər Əliyevin yubileyinə geniş yer ayırıb. Qəzetin bu istiqamətdə həyata keçirdiyi layihələrdən biri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "dəyirmi masa"ların təşkili idi. Qeyd edək ki, bu ilin fevral ayında "Azərbaycan" qəzetinin Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə təşkil etdiyi "dəyirmi masa" ümumilikdə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ilk dövlət tədbiri idi.

"Azərbaycan" qəzetinin Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı həyata keçirdiyi möhtəşəm layihələrdən biri də "Heydər Əliyev mənim həyatımda" adlı kitabın yeni variantının hazırlanmısıdır. Qəzetin "Azərbaycan qədər əbədi" silsiləsindən nəşr etdirdiyi və xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf etdiyi bu kitab 8 il öncə işıq üzü görən eyni adlı kitabın təkmilləşdirilmiş və genişləndirilmiş ikicildlik nümunəsidir.

İndiyədək xalqımızın böyük oğlu Heydər Əliyev haqqında çoxlu kitablar yazılmışdır. "Heydər Əliyev mənim həyatımda" ikicildliyini fərqləndirən cəhət isə ondan ibarətdir ki, bu kitab ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində konkret şəxslərə göstərdiyi xeyirxahlıqları, yardımları, çoxsaylı insanların həyatında oynadığı müstəsna rolu əks etdirir. Sadə, zəhmətkeş insanların, əmək qəhrəmanlarının, elm adamlarının ictimaisiyasi xadimlərin xatirələri əsasında hazırlanan bu məqalələr toplusunda alicənablıq və mərhəmət mücəssəməsi olan Heydər Əliyev şəxsiyyətinin ucalığı, ali insan keyfiyyətləri real faktların dili ilə oxuculara təqdim edilir.

İkicildliyin məsləhətçisi və "Ön söz"ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Tarix elmləri doktoru, professor Əli Həsənovun redaktoru olduğu kitabın buraxılışa məsulu "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, tərtibçisi isə "Azərbaycan" qəzetinin Parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynlidir.

Kitabın hər iki cildi 7 fəsildən ibarətdir. "Ən böyük azərbaycanlı", "Həqiqət qədər sadə", "Böyük yolun başlanğıcı", "Birinci şəxs", "Missiya", "Əbədi müasirimiz", "Əsl vətəndaş, böyük şəxsiyyət, qüdrətli lider", "Heydər Əliyev dünyanın gözü ilə", "Tarix yaradan şəxsiyyət", "Azərbaycanın rəmzi", "Mərhəmət  və alicənablıq mücəssəməsi", "Ən yaxın dostumuz, ən böyük xeyirxahımız", "Sənə borcluyuq", "Milyonların taleyi həyatında əks olunan insan" adlanan bu fəsillərdə Heydər Əliyevin sovet illərində və müstəqillik dövründə müasiri olmuş, bir yerdə işləmiş, onun xeyir-duasını almış, alicənablığını görmüş, mərhəmətini hiss etmiş sadə insanların, sənət adamlarının, dövlət xadimlərinin, siyasətçilərin, idmançıların, ümumiyyətlə, taleyinə ümummilli lideri şəxsən tanımaq kimi gözəl bir qismət yazılmış insanların maraqlı xatirələri, ulu öndərin görkəmli dövlət xadimi kimi siyasi-ictimai və dövlətçilik fəaliyyətinə dair fikirləri məqalələr şəklində toplanıb.

"Heydər Əliyev mənim həyatımda" kitabının yeni variantının oxucular tərəfindən böyük maraqla qarşılanacağını elə ilk fəsillərdən görmək mümkündür. Belə ki, birinci cildin "Ən böyük azərbaycanlı" adlanan ilk fəslində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Mənim babam" adlı şeiri, ulu öndərin bitməyən ömrünün 80 illik salnaməsi, həyatda ən çox sevdikləri, özü və həyat yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva barədə fikirləri yer alıb. Bu fəsildə  həmçinin əbədiyaşar liderin Azərbaycan dövlətinə və xalqına həsr edilən ömür yolunda aldığı böyük mükafatlarla bağlı məlumatlar verilir.

"Həqiqət qədər sadə" adlanan ikinci fəsildə "Mənim siyasi və həyati dünyagörüşüm atamın təsiri altında formalaşmışdır", "Azərbaycanın taleyi Heydər Əliyevin taleyi ilə əbədi olaraq bağlandı", "Atamın böyüklüyü ilk növbədə qeyri-adi sevmək qabiliyyəti ilə müəyyənləşirdi" başlıqları ilə Prezident İlham Əliyevin, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın və Heydər Əliyevin qızı Sevil Əliyevanın fikirləri yer alıb.

Müasir Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. İkicildliyin hər bir fəslində yer alan xatirələrlə tanışlıq bir daha göstərir ki, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz ulu öndərin adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı inkişaf yoluna çıxarmış, bir dövlət kimi zamanın ağır və sərt burulğanlarından xilas etmişdir. Kitabın "Ön söz"ündə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yazdığı kimi: "İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursunmilli inkişaf strategiyasının müəllifidir. Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurlar var. Onların, istisna olmadan, hamısı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın".

Fotolarlaarxiv sənədlərinin surətləri ilə zəngin olan ikicildlikdə yer alan hər bir məqalə oxucuda əminlik və qürur hissi ilə belə bir qənaət formalaşdırır ki, Heylər Əliyev taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Bu faktın özü hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Ona görə də bu şəxsiyyət, böyük siyasi   və dövlət xadimi, ən əsası xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Eyni zamanda, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbini yaratmışdır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Əbədiyaşar liderimizin ölməz ruhuna və xatirəsinə böyük ehtiramın nümunəsi olan "Heydər Əliyev mənim həyatımda" ikicildliyi ulu öndərin irsinin tədqiqatçıları, eləcə də geniş oxucu kütləsi üçün dəyərli töhfədir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 2 may.- S.5.