İnkişafa xidmət edən ideyalar müəllifi

 

Azərbaycanda milli sahibkarlar sinfinin formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

 Lider amili tarixən hər bir dövlətin, xalqın inkişafında müstəsna rol oynayaraq inkişaf potensialını hərəkətə gətirmiş, bu potensialın səmərəli realizə edilməsinə zəruri əsaslar yaratmışdır. Milli inkişaf yolunun banisinə çevrilən belə xarizmatik liderlər həm də müsbət planda siyasi varislik ənənələri formalaşdıraraq müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin etmişlər. XX əsr Azərbaycan tarixinin ən böyük şəxsiyyəti - ulu öndər Heydər Əliyev də milli dövlətçiliyin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş rəhbər kimi xalqımızın tükənməz sevgisini qazanmışdır.

Tarixin axarını dəyişən böyük simaların ideya və prinsipləri, idarəçilik ənənələri, adətən zaman və məkanın fövqündə olur. Bu mənada, Heydər Əliyev dühasına layiq olduğu qiyməti vermək, onun Vətən və xalq naminə göstərdiyi misilsiz xidmətləri obyektiv dəyərləndirmək böyük məsuliyyət tələb edən məsələdir. Yüksək ehtiramla qələmə alınan ən xoş xatirələr, siyasi, iqtisadi, fəlsəfi fikir və mülahizələr ümummilli liderin insan, vətəndaş və lider kimi nəhəngliyinin miqyası barədə dolğun təsəvvür yaratmaq bəs etmir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi şanlı illər xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran tarixi prosesi əhatələyir.

Hər bir xalq öz taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin zəngin ömür yolunu, mükəmməl dövlətçilik və siyasi irsini, təcrübəsini öyrənərək gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl addımlar atır. Azərbaycan xalqı da ulu öndərin xatirəsini daim əziz tutmuş, onun bədiiləşdirilməsi istiqamətində mühüm addımlar atmışdır. Cənab İlham Əliyevin hələ 2004-cü ildə imzaladığı fərmanla ulu öndərin adının əbədiləşdirilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, hələ 70-80-ci illərdə tikintisinə əzmlə nail olduğu bir sıra möhtəşəm binalara onun adı verilmişdir.

2004-cü ildən analoqu olmayan əlahiddə statuslu ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu da nəcib, xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Fondun başlıca məqsədi ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikanın nüfuzunu artırmaq kimi strateji vəzifələrdən ibarətdir. Fondun fəaliyyəti eyni zamanda insan və vətəndaş hüquq-azadlıqlarının yüksək səviyyədə təminatına, bəşəriyyətin xilasına yönələn mütərəqqi idealların cəmiyyətdə möhkəm əsaslarla intişar tapmasına, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq və nəciblik, humanizm kimi müqəddəs dəyərlərin aşılanmasına yönəlmişdir.

Möhtərəm Prezident İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamı isə ulu öndərin xatirəsinin əbədiləşdirilməsi sahəsində növbəti mühüm addım olmuşdur. Sərəncamda vurğulandığı kimi, "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur".

Bugünkü müasir və qüdrətli Azərbaycanın ötən 20 ildə möhtəşəm uğur və nailiyyətlərə imza atmasının əsasında da məhz ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşdırılmış möhkəm iqtisadi təməl dayanır. İctimai-iqtisadi həyatın yeniləşdirilməsi üçün ən müxtəlif sahələrdə kardinal islahatları təmin edən ulu öndər 60-cı illərin sonunda bir sıra iqtisadi göstəricilərinə görə keçmiş ittifaq miqyasında son sıralarda dayanan Azərbaycanı qısa müddətdə öncül mövqelərə çıxarmağa müvəffəq olmuşdur. Həmin dövrün statistik rəqəmləri göstərir ki, sənayedə, kənd təsərrüfatında tətbiq olunan səmərəli idarəçilik mexanizmlərinin nəticəsi kimi 70-80-ci illərdə ictimai məhsulun və milli gəlirin həcmi ayrılıqda 2,1 dəfə, o cümlədən sənaye istehsalının həcmi 2,2 dəfə, əmək məhsuldarlığı 67 faiz artmışdır.

Həmin dövrdə sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atılmış, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafına kompleks tədbirlər görülmüşdür. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac vermişdir. Böyük strateq Heydər Əliyev yaxşı başa düşürdü ki, Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsi, iqtisadi azadlığını təmin etməsi üçün SSRİ-nin strateji əhəmiyyət kəsb edən bir sıra sənaye müəssisələri məhz Azərbaycanda inşa olunmalıdır. O illərdə Heydər Əliyevin təkidi və qətiyyəti qarşısında keçmiş ittifaq rəhbərliyi respublikamızda iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir. 1970-1980-ci illərdə respublikada 125 yeni dövlət sənaye müəssisəsi, o cümlədən 1970-1975-ci illərdə 64, 1976-1980-ci illərdə isə 61 dövlət sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.

Həmin illərdə formalaşmış sənaye potensialı əsasında respublikamız neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və s. istehsalına görə ittifaq miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Həmin dövrdə Sumqayıt şəhərinin respublikanın ən iri sənaye mərkəzlərindən birinə çevrilməsi, burada çoxlu sayda zavod və fabriklərin, emal müəssisələrinin tikilib istifadəyə verilməsi, şəhər infrastrukturunun formalaşdırılması da məhz ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. 70-80-ci illərdə şəhərdə ağır sənaye ilə yanaşı, yüngül sənaye və maşınqayırma müəssisələri, çoxsaylı sosial obyektlər fəaliyyətə başlamış, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş insanlar işlə təmin olunmuşlar. Ümummilli lider Heydər Əliyev "kiçik Azərbaycan" adlandırdığı Sumqayıta mütəmadi olaraq baş çəkmiş, şəhər sakinlərinin qayğıları, problemləri ilə maraqlanmış, yeni müəssisələrin açılış mərasimində iştirak etmişdir. Bu görüşlərin hər biri Sumqayıtda yeni infrastruktur layihələrinin həyata keçirilməsində, tikinti-quruculuq işlərinin sürətlənməsində mühüm rol oynamışdır.

Bütün bunların nəticəsi olaraq ötən əsrin 70-80-ci illərində Sumqayıt özünün iqtisadi potensialına görə SSRİ məkanında tanınır, onun istehsal etdiyi məhsullar ittifaqın 700 şəhərinə ixrac olunurdu. Burada fəaliyyət göstərən bir neçə elmi-tədqiqat institutu nəinki ittifaq miqyasında, həmçinin xarici ölkələrdə böyük nüfuza malik idi. Sumqayıtda maşınqayırma, qara və əlvan metallurgiya, trikotaj, kimya, şüşə sənayesi inkişaf edərək bir çox ölkələrin diqqətini özünə cəlb edirdi. 1963-cü ildə fəaliyyətə başlayan, uzun illər respublikamızda şüşə sənayesinin formalaşmasına və inkişafına töhfə vermiş Sumqayıt şüşə zavodunun intibah dövrü də məhz ümummilli liderin birinci rəhbərlik dövrünə təsadüf edir. Heydər Əliyev hələ o dövrdən bu müəssisənin və bütövlükdə şüşə sənayesinin problemlərini diqqət mərkəzində saxlamış, onun inkişafı, yüksək səviyyədə məhsul istehsalı üçün lazımi köməyi əsirgəməmişdir. Bunun nəticəsi olaraq Azərbaycan o dövrdə bütün Zaqafqaziyanı və Rusiyanın bir çox bölgələrini 25 il müddətində keyfiyyətli pəncərə şüşəsi ilə təmin etmişdir.

Ümummilli liderin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutmuş, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış etmiş, prinsipialıq göstərmişdir. Bu nöqteyi-nəzərdən dahi öndərin Bakı Məişət Kondisionerləri zavodunun inşası ilə bağlı göstərdiyi əzmkarlığı xüsusi qeyd etmək lazımdır. 70-ci illərin əvvəllərində ittifaq rəhbərliyi bu zavodun Zaporojye şəhərində inşa olunmasına qərar versə də, şəxsi nüfuzundan istifadə edən böyük strateq ittifaq rəhbəri Brejnevlə görüşərək həmin müəssisənin məhz Bakıda tikilməsi vacibliyini konkret dəlillərlə əsaslandırmış və son nəticədə istəyinə nail olmuşdur.

Ümumiyyətlə, Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanda istehsalın ümumi həcmi 2,7 dəfə artmış, respublikamız milli gəlirin səviyyəsinə görə ittifaq miqyasında ön mövqelərə çıxmış, əmək məhsuldarlığı 1,8 dəfə yüksəlmişdir. Heydər Əliyevin 1982-ci ildən sonra siyasi fəaliyyəti Kremlə bağlansa da, müdrik rəhbər xalqına və respublikasına maksimum dərəcədə diqqət və qayğı ilə yanaşmağa çalışmışdır. Bununla belə, 80-ci illərin ikinci yarısında keçmiş SSRİ-də müşahidə olunan iqtisadi böhran respublikadan da yan keçməmiş, milli iqtisadiyyatda durğunluq və geriləmə meyilləri özünü göstərmişdir. 1986-cı ildə ümumi milli gəlirin səviyyəsi 1985-ci ilə nisbətən 101,6 faiz olmuşdu və bu da Azərbaycan üçün son 10 ildə ən aşağı göstərici idi. Respublikanı idarə edən o vaxtkı rəhbərlər ümumi milli gəlirin səviyyəsinin artım tempinin aşağı düşməsindən heç bir nəticə çıxarmırdılar. Xüsusən də 1990-1993-cü illərdə obyektiv və subyektiv səbəblər üzündən ölkə iqtisadiyyatında tənəzzül, böhran və əks proseslərin genişlənməsi, idarəetmədə səriştəsiz və bacarıqsız adamlara geniş meydan verilməsi az qala Azərbaycanın dövlət kimi süqutuna səbəb olacaqdı.

Xalqın ən ağır günlərində - 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını irəli sürmüşdür. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının əsasını üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.

İqtisadi islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi kiçik çatışmazlıqlarına rəğmən, uğurla başa çatdırılmışdır. Ümummilli lider yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.

Respublikada özəl sektorun inkişafı, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olan sahibkarlar sinfinin formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. Ulu öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən milli sahibkarlarla görüşür, onların qayğılarını, problemlərini öyrənir, mövcud çətinliklərinin həlli məqsədilə operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk belə səmimi görüşlərdən biri də 1996-cı ilin əvvəllərində keçirilmişdi. Həmin görüşdə iş adamları sahibkarlığın inkişafı sahəsində mövcud çətinlikləri diqqətə çatdırmış, səmərəli nəticələrə nail olmaq üçün təkliflər irəli sürmüşdülər. Ulu öndər Heydər Əliyev özünəməxsus təmkinlə, həssaslıqla sahibkarları dinləmiş, özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin aradan qaldırılması ilə bağlı yerindəcə aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdi. Eyni zamanda, Heydər Əliyev sahibkarlıq subyektlərinə dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti Yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüslərimizə müsbət yanaşmış, belə bir qurumun yaradılmasını dəstəkləmişdi. Bu görüşdən az sonra ulu öndərin sərəncamı ilə yaradılmış şuranın məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir. Şura uzun illər ölkədə sahibkarlığın inkişafına, bu sahəyə dövlət qayğısının artırılmasına, mövcud problemlərin həllinə, ölkə iqtidarının müəyyənləşdirdiyi mükəmməl inkişaf strategiyasının reallaşmasına öz töhfəsini verməyə çalışmışdır.

1998-ci ilin prezident seçkilərində ulu öndərin vəkili olmuş şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev ictimai münasibətlər sisteminin sivil məcrada tənzimlənməsində, ölkədə siyasi sabitliyin möhkəmlənməsində, ümumilikdə rifah və tərəqqinin təmin olunmasında sahibkarlar sinfinin müstəsna rolu və imkanlarını daim yüksək dəyərləndirmişdir. Ulu öndərin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət sahibkarlar sinfinin formalaşmasına, bu sahədə mükəmməl hüquqi bazanın yaradılmasına zəmin yaratmışdır. Azərbaycanda sahibkarlığın inkişafına təkan verən mühüm addımlardan biri 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda  "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda beynəlxalq konfrans olmuşdur. Konfransın açılış mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər xarici şirkətləri ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırmış, sahibkarların fəaliyyətinə dövlət təminatının mövcudluğunu xüsusi vurğulamışdır: "İqtisadi baxımdan inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnməklə, sözün yaxşı mənasında, sahibkarlıq bizim üçün ən mühüm amildir, buna görə də dövlət hər şeyi edəcəkdir ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən xarici investisiyalar üçün hüquqi imkanlar yaradan, onların müdafiə edilməsini nəzərdə tutan qanunu da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın məhdud çərçivəsi daxilində inkişaf etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal istifadə olunmaqla həyata keçirilsin. Xarici investisiyaların Azərbaycanda tətbiq olunması üçün burada şərait var".

Ölkədə sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə kifayət qədər böyük əlaqəsi olduğunu aydın görən Heydər Əliyev bu istiqamətdə dövlət qayğısının artırılması və ən əsası mövcud potensialın reallaşdırılması üçün vacib addımlar atmışdır. Bu xüsusda 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki dövlət proqramı ayrıca qeyd olunmalıdır. Həmin illərdə iqtisadiyyata nəzarəti həyata keçirən dövlət orqanlarının çoxluğu və fəaliyyəti bir sıra hallarda iqtisadi inkişafa subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni əngəllər törədirdi. Yaranmış vəziyyəti ən xırda detallarına qədər düzgün qiymətləndirən Heydər Əliyev qeyd olunan istiqamət üzrə problemlərin aradan qaldırılması üçün qısa bir müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Bu kontekstdə ən vacib addımlardan biri kimi ölkə Prezidenti tərəfindən 1996-cı il iyunun 17-də "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərmanın imzalanması qeyd edilməlidir. Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüş, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmışdır.

Ümumiyyətlə, 1996-2003-cü illərdə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramının (1997-2000-ci illər üçün)", habelə "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Əmtəə birjası haqqında", "Lizinq xidməti haqqında" və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunların qəbulu sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi mexanizmlərini təkmilləşdirmişdir.

Ümummilli lider sonrakı mərhələdə də sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlərin keçirilməsinə, iş adamlarını hansı məsələlərin narahat etməsini onların öz dilindən eşitməyə xüsusi diqqət yetirirdi. Buna  nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının 10-da yerli, 25-də isə xarici sahibkarlarla görüşməsini, onların hər birinə şifahi və ya yazılı surətdə problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni idarəçilik metodlarından istifadənin ən gözəl və səmərəli forması kimi tarixiləşmişdir.

Ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü sahibkarlığın inkişafı strategiyası son 10 ildə onun ən layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah" tezisi əsasında reallaşdırılan iqtisadi siyasət sivil və inkişaf etmiş cəmiyyət quruculuğu sahəsində mühüm uğurların əldə olunmasına imkan yaratmışdır. Ötən illərdə Azərbaycan "təqibedici artım" modelini uğurla həyata keçirərərək keçid dövrünü başa vurmuş, ölkə modern inkişaf mərhələsinə adlamışdır. Həyata keçirilən yeni iqtisadi siyasət sayəsində milli iqtisadiyyatın həcmi son 10 ildə 3,4 dəfə artmışdır. Hazırda Cənubi Qafqazda istehsal olunan ÜDM-in 85 faizi, strateji valyuta ehtiyatlarının 91 faizi Azərbaycanın payına düşür. Azərbaycanda ÜDM-in

1 faizlik nominal artımı təxminən 1,5 milyard dollar təşkil etdiyi halda, bu göstərici Gürcüstanda cəmi 160 milyon dollara, Ermənistanda 100 milyon dollara bərabərdir.

Respublikamız iqtisadi artım və makroiqtisadi sabitlik hədəflərini də müvəffəqiyyətlə balanslaşdıra bilmişdir. Ölkənin, o cümlədən Mərkəzi Bankın beynəlxalq normalardan bir neçə dəfə çox valyuta ehtiyatları var və bu da zəruri "təhlükəsizlik yastığı" rolunu oynayır. Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 47 milyard ABŞ dollarını ötmüşdür ki, bu da ölkəyə idxalın təxminən 3 il ərzində fasiləsiz şəkildə maliyyələşdirilməsinə kifayətdir. Bu vəsaitin xarici dövlət borcunu təxminən 10 dəfə üstələməsi də kifayət qədər diqqətçəkici faktdır.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın son illərdə əldə etdiyi bu uğurlarda sahibkarlar sinfinin rolu müstəsnadır. Ötən 10 il ərzində Azərbaycanda sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi, ölkədə ixrac rüsumlarının ləğvi özəl sektorun yüksəliş tempini daha çevik etmişdir. Sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsinin təmin edilməsi, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılması, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağları və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, "Aqrolizinq" ASC tərəfindən ölkəyə gətirilən texnika və texnoloji avadanlıqların 10 illik lizinqlə verilməsi, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 80 manatın ödənilməsi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin aşağı salınması da sahibkarlar üçün yaradılan yüksək şəraitin mühüm göstəriciləri kimi çıxış edir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkəti iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə fəal iş aparır. Paralel olaraq dövlət sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində müvafiq işlər görür. 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması, xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə təsis olunmuş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

Müasir dövrdə Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin açılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılmasında sənaye potensialının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Azərbaycan hazırda inkişafının elə yüksək mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər, ilk növbədə, bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Dövlət başçısı hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi yoluyla neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanın üzləşə biləcəyi maddi itkiləri kompensasiya etmək mümkündür. Prezident İlham Əliyev dövlətin bu sahədəki siyasətini sahibkarlığa kömək tədbirlərinin davamı hesab edir və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına çalışır. Cənab İlham Əliyev hesab edir ki, hökumət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirməsinə etibarlı təminat mexanizmləri yarada bilər.

Sənayenin innovasiyalar əsasında inkişafının təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır. Yaxın gələcəkdə dövlət investisiya siyasətində əsas istiqamətlərdən biri də sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması və qeyri-neft sənayesinin inkişaf etdirilməsi ilə bağlı olacaqdır. Sumqayıt şəhərində Kimya Sənaye Parkının, Yüksək Texnologiyalar Parkının, eləcə də Bakıda Balaxanı Sənaye Parkının yaradılması bu istiqamətdə atılmış ilk addımlardır. Orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulmuşdur. 2013-ü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə layihələrin miqyasının artmasına, bu sahəyə investorların cəlb olunmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin açılmasına imkan verəcəkdir.

Sumqayıt və Gəncə kimi ənənələri olan böyük şəhərlərdə mövcud sənaye müəssisələrinin yenidən qurularaq işə salınması Azərbaycanın iqtisadi sahədə inkişaf etmiş dövlətə çevrilməsi prosesinə ciddi təkan verəcəkdir. Ölkə iqtisadiyyatına layiqli töhfəsini verəcək belə layihələrdən biri də "Xəzər" Səhmdar Cəmiyyətinin şüşə sənayesini inkişaf etdirəcək "Azərşüşə" layihəsidir. Azərbaycanın hazırkı sosial-iqtisadi uğurları - tikinti-quruculuq, abadlıq və yenidənqurma işlərinin geniş vüsət alması, yeyinti, qida, tibb sənaye sahələrinin inkişafı, habelə elmi-texniki tərəqqi sahəsindəki nailiyyətlər şüşə sənayesinin inkişafını aktual məsələ kimi gündəmə gətirmişdir.

Göründüyü kimi, ulu öndər Heydər Əliyevin sahibkarlıq strategiyası bu gün Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirmişdir. Bütün bunların nəticəsi olaraq respublikamız hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır. Əminliklə demək olar ki, xalqın milli mənayefinə cavab verən bu siyasət qarşıdakı illərdə inamla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək qabaqcıl dövlətlər sırasında layiqli yerini tutacaqdır.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" ASC-nin sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.-2013.- 2 may.- S.6.