Vətəndaş mənafeyinə xidmət edən islahatlar

 

Hər bir xalqın taleyində mühüm rol oynamış xarizmatik rəhbərlər ən çətin situasiyalarda qarşıda duran vəzifələrin həlli yollarını müəyyənləşdirərək, cəmiyyəti milli ideya ətrafında səfərbər edərək və irəli sürdükləri mütərəqqi ideyaları, məqsədləri əzmlə gerçəkləşdirərək ümummilli liderlik zirvəsinə yüksəlmişlər. Bu gerçəklik fonunda 90 illik yubileyi respublikamızda və onun hüdudlarından kənarda böyük ehtiramla yad edilən ümummilli lider Heydər Əliyevin XX  əsr Azərbaycan tarixindəki yeri və rolu daha qabarıq görünür.

Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən ulu öndər Heydər Əliyevin mənalı ömür yolunun hər bir anı bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Ümummilli liderin əbədiyyətə qovuşmasından ötən 10 illik zaman kəsiyi bizə bir daha bu tarixin əzəmətini, möhtəşəmliyini tam mahiyyəti ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə dərk etmək imkanı verir. Böyük strateqin respublikaya rəhbərlik etdiyi dövrdə xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəkliyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun formalaşması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması kimi mühüm tarixi prosesi əhatə edir.

Bu fenomen şəxsiyyət daim haqqa, ədalətə bağlı olaraq cəmiyyətin mütərəqqi ruhda inkişafının yalnız hüququn aliliyi şəraitində mümkün ola biləcəyini müdrikliklə qeyd etmiş, qanunçuluğun bütün səviyyələrdə təminatına çalışmışdır. Müstəqil respublikamızda ötən 20 ildə hər bir fərdin maraq və mənafeyi əsas tutulmaqla həyata keçirilən siyasət ölkədə demokratikləşmə xəttinin davamlı və dönməz xarakter daşıdığını, vətəndaşların hüquq və mənafeyinin qorunmasının dövlətin ali məqsədlərindən biri olduğunu təsdiqləmişdir. 

Prezident İlham Əliyevin 2013-cü il 21 yanvar  tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamında dahi rəhbərin Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlara xüsusi toxunulur: "Ölkəmizin Əsas Qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir".

 "Ədaləti ədalətsizliklə bərpa etmək olmaz" deyən ümummilli lider Heydər Əliyev insan hüquq və azadlıqlarının təmini, cəzanın adekvatlığı, humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşmış, bu məqsədlə hüquq-muhafizə orqanlarında müasir dövrün tələblərinə uyğun mütərəqqi islahatların aparılması zəruriliyini vurğulamışdır. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk Konstitusiyamız Azərbaycanda hüquqi islahatların sürətlənməsinə real zəmin yaratmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipi ilə yanaşı, məhkəmə hakimiyyətinin müstəqilliyi, özünüidarə funksiyaları, hakim vəzifəsinə tələblər, onların statusu ilə bağlı mühüm məsələlər də əksini tapmışdır. Əsas Qanunun 60, 62, 63, 64, 65, 66 və 67-ci maddələri vətəndaşların məhkəmə hakimiyyətinə müraciət imkanlarını, təqsirsizlik prezumpsiyasını, bir cinayətə görə təkrarən məhkum etməyə, habelə qohumların əleyhinə ifadəyə yol verilməməsini, tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasını, cinayət törədilməsində təqsirləndirilən hər bir şəxsin məhkum edilməzdən əvvəl dinlənilməsini və s. nəzərdə tutur.

Konstitusiyanın qəbulundan sonra ulu öndər Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatı Komissiyası tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya məhkəməsi haqqında",  "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Rolis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının qəbulu məhkəmə-hüquq islahatlarının gerçəkləşdirilməsi sahəsində mühüm addımlar kimi vurğulanmalıdır.

Azərbaycan Konstitusiyasının 127-ci maddəsinin I bəndində göstərilir: "Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər". 1998-ci il 1 dekabr tarixdən qüvvədə olan "Məhkəmələr və hakimlər haqqında" qanun məhkəmə hakimiyyətinin hüquqi prinsipləri ilə bu tələbə tam cavab verir. Qanun əsasında müstəqil məhkəmə hakimiyyətinin yaradılması, ədalət mühakiməsini həyata keçirən hakimlər korpusunun sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının yaradılması da məhz hakim vəzifəsinə müstəqil namizədlərin seçilməsi məqsədinə yönəlmişdir. Şura hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə test üsulu ilə imtahan və müsabiqənin keçirilməsini təmin etmişdir. Müsabiqə zamanı hakimlərin ümumi hazırlığına, şəxsi və mənəvi keyfiyyətlərinə, məntiqi düşünmək və analitik qabiliyyətinə, hakim vəzifəsinə yararlı olmasına xüsusi diqqət yetirilmiş, bu zaman beynəlxalq ekspertlərin tövsiyə etdiyi suallardan istifadə olunmuş, nəhayət, zəruri keyfiyyətlərə malik hakimliyə namizədlər seçilmişdir. İmtahanlarda uğur qazanaraq hakim təyin edilmiş şəxslər Ali Məhkəmənin Plenumunun iclasında Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içmiş və 2000-ci il sentyabrın 3-dən səlahiyyətlərinin icrasına başlamışlar. Ümummilli lider Heydər Əliyev hüquq ictimaiyyəti üçün son dərəcə əlamətdar olan bu hadisəni yüksək dəyərləndirərək demişdir: "Son 6-7 ay ərzində biz Azərbaycanın məhkəmə sistemini tamamilə müasir səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu. Bu, Azərbaycan tarixində birinci dəfədir. Biz bunun çox müsbət tərəfini gördük və əvvəl də görürdük".

2003-cü ilin 15 oktyabrından bu islahatları uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilməsinə xidmət edən tədbirlər genişləndirilmişdir. Bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində "Məhkəmələr və hakimlər haqqında" qanun əsaslı şəkildə yenilənmiş, "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun, "Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə", "Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları", Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir və hazırda uğurla tətbiq olunmaqdadır.

Məhkəmə-Hüquq Şurasının tərkibinin yenilənərək əsasən hakimlərdən, eyni zamanda, ölkə Prezidentinin, Milli Məclisin, Prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət formalaşdırılması onun fəaliyyətinin daha da təkmilləşməsinə xidmət etmişdir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərman respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində ən mühüm addımlardan biri olmuşdur. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələri yaradılmışdır. Fərman əsasında həmçinin Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuşdur.

Hakimlərin yüksək iş yükünün çoxluğunun məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən amillərdən olduğunu nəzərə alan dövlət başçısı İlham Əliyevin 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat artırılmışdır. Bundan başqa, son illər məhkəmə hakimiyyətinin müstəqilliyinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında rolu nəzərə alınaraq hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunmuşdur.

Ötən illərdə ölkədə 20-dək yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. 2011-ci il yanvarın 1-dən inzibati xarakterli işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibati-iqtisadi məhkəmələrdə baxılır. Bu isə inzibati xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir. Regionlarda ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrin yaradılması yeni dövrün tələblərindən irəli gələn sosial tələbatdır.

Şübhəsiz, məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşəkarlığı, onların mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Bununla əlaqədar vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntularının aradan qaldırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin tərkibi təzələnmişdir. Son illər Avropada ən mütərəqqi və şəffaf hesab edilən bu qaydalar əsasında 2200 namizəd sırasından seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin edilmişdir.

Ümumilikdə son illərdə hakimlərin maddi təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmış, 2000-ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmış, iş şəraitinin müasir tələblərə uyğun qurulması üçün onlarca yeni, müasir məhkəmə binaları istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə məhkəmələrin yeni bina və inventarla təmini, onların iş şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu qəbildən olan məsələlər dövlət başçısının hələ 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da geniş əksini tapmışdır. Dünya Bankının dəstəyi ilə Ədliyyə Nazirliyi tərəfindən uğurla həyata keçirilən "Ədliyyə sektorunun müasirləşdirilməsi" layihəsinin əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Layihəyə əsasən, 17 yeni məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların texniki cəhətdən müasirləşdirilməsi, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin ən müasir avadanlıqla təchiz edilməsi və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Şübhə etmədən demək olar ki, dövlət başçısının uğurla davam etdirdiyi bu islahatlar nəticəsində Azərbaycanda ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti daha da müasirləşəcək, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksələcək, ədalət mühakiməsinin daha çevik, işlək və obyektiv mexanizmlər əsasında həyata keçirilməsi mümkün olacaqdır.

 

 

Ramiz NURULLAYEV,

Biləsuvar rayon məhkəməsinin sədri

 

Azərbaycan.-2013.- 2 may.- S.7.