Tarixi idrak yalnız elmi yanaşma və obyektiv mülahizələr əsasında formalaşmalıdır

 

Bilik iqtisadiyyatına keçid, sosial kapital və informasiya cəmiyyəti ilə bağlı proseslərin inkişafı ictimai elmlərə olan ehtiyacı daha da gücləndirib. İctimai elmlərə tələbat o deməkdir ki, ölkə alimləri, ilk növbədə, tarixçi, filosof, sosioloq, iqtisadçı və hüquqşünaslar müasir dünyanın problemlərinin dərindən dərk edilməsinə hazır olmalıdırlar. Bunun üçün isə müəyyən islahatların aparılması, ilk növbədə, alimlərin öz işlərinə münasibətlərini dəyişdirməsi - elmi diskussiyaların keçirilməsi, elmi işlərə keyfiyyətli rəylərin yazılması, müxtəlif beynəlxalq tədbirlərdə çıxışlar edərək dünyanın elmi həyatında fəal iştirak etməsi, yüksək elmi reytinqi olan elmi nəşrlərdə yazılar dərc etdirməsi - bu qəbildən olan işlərdir.

Son illərdə Azərbaycanda elmi-fəlsəfi, ictimai düşüncənin düzgün formalaşmasına və inkişafına, eləcə də yeni dövrün tələbi kimi cəmiyyətdə həllini gözləyən bir sıra aktual nəzəri məsələlərin həllinə böyuk töhfələr vermiş Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsi, bu mənada, yüksək elmi siqləti, aktuallığı, obyektiv tənqidi ruhu ilə nəinki elmi-mədəni mühitdə, ümumən cəmiyyətdə böyük maraqla qarşılanmışdır. İctimai və humanitar elmlərin mövcud problemlərinin, bu sahələrdə elmi tədqiqatların üstün və qüsurlu cəhətlərini açıb göstərən əsər ilk növbədə analitik təhlili ilə diqqəti çəkmişdir.

Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi bir daha göstərdi ki, humanitar və ictimai elm sahələrinin köməyi ilə milli ideologiyamız olan azərbaycançılığın mahiyyətinin gənc nəslə dolğun və hərtərəfli şəkildə çatdırılması, onlarda milli-mənəvi dəyərlərin, adət-ənənələrin, vətənpərvərlik, dövlətçilik ruhunun qorunub saxlanılması, habelə düşüncədə milliliklə müasirliyin ən pozitiv çalarlarının yer alması yeni dövrün, zamanın tələbidir.

Zaman-zaman Azərbaycan və onun tarixi haqqında yanlış, elmi əsası olmayan təsəvvürlər yaratmağa uğursuz cəhdlər olub. Bədxah qonşumuz olan ermənilər bu sırada ön cərgədə yer alsalar da, bəzi yerli "tədqiqatçı"ların da ara-sıra erməni dəyirmanına su tökən məqalələrinə rast gəlmişik. Həmin cızmaqaraçıların məqalələrində tariximizlə bağlı, xüsusən də, Azərbaycan Səfəvilər dövlətinin yaranması və inkişafı tarixinə dair məsələlər heç də həmişə düzgün qoyulmur və ciddi elmi meyarlara uyğun gəlmir. Bu problem barədə yazmaq məsuliyyətini öz üzərinə götürmüş bəzi müəlliflərin baxışları bir sıra hallarda birtərəfli və subyektiv xarakter daşımışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı geniş  məqaləsi bu məsələdə yanlış mövqe tutan "tarix"çilərə və "yazar"lara tutarlı cavab oldu.

Akademik Ramiz Mehdiyevin adı çəkilən məqaləsi həm də Azərbaycan tarixinə qara ləkə yaxmaq istəyən, onu təhrif etməyə çalışan bədxahlarımıza da ən layiqli cavab kimi dəyərləndirilə bilər. Akademik həmin məqalədə Azərbaycan tarixinə ekskursiya etmiş, bu coğrafi arealda tarixən türk etnoslarının üstünlük təşkil etdiyini tarixi faktlarla göstərmiş, eyni zamanda, Azərbaycan tarixində həm siyasi, həm də mədəni və elmi sahələrdə dərin iz qoyan parlaq şəxsiyyətlər barədə geniş məlumat vermişdir.

Akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı məqaləsi  milli tariximizlə maraqlanan insanların diqqətini cəlb etmiş, cəmiyyətdə geniş diskussiyalara səbəb olmuşdur. Məqalə ilə bağlı rəylərdə müsbət məqamlarla yanaşı, qeyri-peşəkar, diletant yanaşmalara da rast gəlindi. Emosiyaların təsiri altında olan bəzi yazarların tənqidi fikirləri məhz bu məsələyə bir daha baxılmasını vacib etdi.

Tarix sübut edir ki, hər hansı xalqın təşəkkül tapması və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir: əsrlər boyu özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlətini yaratmağa çalışmışdır. Milli dövlətə sahib olmaq, eyni zamanda, hər bir xalqın mənəvi, siyasi, iqtisadi potensialını, keçdiyi şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir.

Orta əsrlər tariximizə və xüsusilə də, Azərbaycan dövlətçiliyinin qurulmasında böyük xildmətləri olmuş tarixi şəxsiyyət Şah İsmayıl barədə məsələyə yanaşmada qətiyyən yanlışlıqlara yol vermək olmaz. Onsuz da Azərbaycan tarixini saxtalaşdırmaq istəyində olan kifayət qədər düşmənlərimiz var. Bu sıraya sapı özümüzdən olan baltaların da qoşulması yalnız ikrah hissi doğurur. Milli dövlətçilik tariximizdə şərəf duyduğumuz, öyündüyümüz və qürurla dünya dövlətlərinin diqqətinə çatdırdığımız dahi şəxsiyyətlər barədə heç bir tarixi mənbəyə söykənmədən əsassız fikirlər söyləmək və cəmiyyəti çaşdırmağa yönələn spekulyativ hərəkətlər sadəcə nankorluq kimi dəyərləndirilə bilər. Bunu Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətləri olmuş şəxsiyyətlərimizin ruhu da bağışlamaz.

Azərbaycan Respublikası Prezidenti Administarsiyasının rəhbəri, Azərbaycan Milli  Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin bu günlərdə dərc edilən "Tarixi idrakın elmliyi problemlərinə dair" adlı geniş məqaləsi də milli tariximizə düşmən kəsilən, dövlətçilik mövqeyində düşünmək qabiliyyəti olmayan insanlara elmi əsaslarla verilən növbəti tutarlı cavab oldu.

Məqalədə akademik göstərir: "Bəziləri heç bir ciddi dəlilə malik olmadıqları halda iddia edirlər ki, 14 yaşlı gənc İsmayıl Səfəvilər imperiyası kimi qüdrətli dövləti heç cür yarada və idarə edə bilməzdi. Onun əvəzinə bu məsələni ətrafındakılar həll etmiş, o isə yalnız görüntü olmuşdur. Bəli, İsmayılın Səfəvilər imperiyasını təkbaşına yaratmasını və bütün hərbi uğurların yalnız onun igidliyi sayəsində qazanılmasını iddia etmək məntiqsiz olardı. Bu, real deyildir. O da həqiqətdir ki, İsmayılın çox möhkəm və mütəşəkkil ətrafı vardı, buradakı insanlar da mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə aparır, ona məsləhətlər verir, onu istiqamətləndirirdilər. Hadisələrin sonrakı gedişi də göstərdi ki, bu insanların niyyəti İsmayılı nominal siyasi fiqura çevirmək və hakimiyyət sükanını öz əllərinə almaq deyildi. Onun məsləkdaşları hərb işində peşəkarlar, Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə yoluna qədəm qoymuş vətənpərvərlər idi. Vahid Azərbaycan dövlətinin yaradılması uğrunda İsmayılın əcdadları tərəfindən başlanmış siyasi mübarizənin davamçıları və tərəfdarları olan bu adamlar Şah İsmayılın dövründə öz rollarını son ana qədər ləyaqətlə yerinə yetirmiş və öz ideallarına sadiq qalmışlar".

Həqiqətən də, tarixə ekskursiya etdikdə Azərbaycan Səfəvilər dövlətinin (qüdrətli bir imperiya - E.H.) təsadüfdən deyil, zərurətdən yarandığının şahidi olmaq mümkündür. Böyük dövlət xadimi Uzun Həsənin hakimiyyəti illərində (1468-1478) Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilmiş, bu dövlətin mövcudluğu ilə Azərbaycanın dövlətçilik mədəniyyəti inkişaf etmişdi.

XV əsrin sonu, XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi, görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi, mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dili elan edildi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, yürüdülən ağıllı daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.

Geniş ərazili Səfəvi imperiyasını idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi mexanizmi yaradıldı. Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyətə rəhbərlik missiyasını da öz üzərlərinə götürdülər. Bununla, mərkəzi hakimiyyət daha da qüvvətləndirildi. Şah sarayında Ali Məşvərət Məclisi və ya Ali Səltənət Şurası ("Məclisi-əla") fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarəetmə orqanlarının işini tənzimləyən mükəmməl bir sistem yaradılmışdı. Ölkə ərazisindəki bütün məhkəmə işlərinə Ali Divan nəzarət edirdi. Səfəvi hakimiyyətinin ordusu dünyanın ən qüdrətli ordularından biri kimi tanınırdı. Şah İsmayılın hakimiyyəti dövründə bütün Yaxın və Orta Şərqdə Azərbaycan dilinin rolu daha da artdı. Səfəvi sarayına gəlmiş xarici ölkə elçiləri ilə diplomatik danışıqlar, bir qayda olaraq, Azərbaycan dilində aparılırdı. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycan Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya qədər bir çox Avropa dövlətləri ilə diplomatik əlaqələr saxlayırdı. Səfəvilərin hakimiyyəti zamanında Azərbaycan Şərqlə Qərb arasında qarşılıqlı əlaqələrin təmin edilməsində mühüm rol oynayırdı.

Akademik Ramiz Mehdiyev "Tarixi idrakın elmliyi problemlərinə dair" məqaləsində Azərbaycan türklərinin siyasi elitanın əsasını təşkil etdiyini bir daha təsdiqləyir: "Azərbaycan türkləri dövlətin əsas dayağı statusunu saxlamaqla hərbi və siyasi elitanı təşkil edirdilər. Lakin məhz Şah İsmayıl Xətainin Azərbaycan dilində qanunverici fəaliyyətini aktiv tətbiq etməsi faktı orta əsrlərdə Azərbaycan türklərinin siyasi elitasının və savadlı təbəqəsinin formalaşmasına kömək etmişdir. Həmin dövrdə məhz vahid dövlət dili etnik şüurun təşəkkülünün əsası olmuşdur, əks halda, nə sıx birləşmiş xalq ola bilər, nə də onun tarixi. Buna görə də bütün dövrlərdə assimilyasiya siyasətini yeridənlər ilk növbədə, xalqı öz ana dilindən məhrum etməyə çalışırdılar".

Məlumat üçün bildirək ki, türk tayfalarını başqa xalqlar və etnik qruplardan fərqləndirən əsas cəhət onların Azərbaycanın bütün ərazisinə yayılması və bu ərazidə güclü rola malik olmasından ibarət idi. Bu üstünlük eramızın ilk yüzilliklərindən başlayaraq türk dilini təbii şəkildə Azərbaycan ərazisində yaşayan sayca az etnik qrupların arasında başlıca ünsiyyət vasitəsinə çevirmişdi. Bu xüsusiyyətinə görə türk dili şimalla cənub arasında birləşdirici ünsiyyət funksiyasını öz üzərinə götürmüşdü. Türk dilinin belə bir inkişaf səviyyəsinə çatması o dövrdə vahid xalqın təşəkkülü prosesində çox mühüm rol oynadı.

Azərbaycan cəmiyyətində geniş diskussiyaya səbəb olmuş "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı məqalədə Şah İsmayıl və Heydər Əliyev arasında tarixi oxşarlığın aparılması da bəzi müəlliflərdə qısqanclıq yaradıb. Bununla bağlı söylənilən fikirlər öz məhdudluğu ilə fərqlənir və heç bir elmi tənqidə davam gətirmir, əsassız subyektivlik nəzərə çarpır.

Akademik Ramiz Mehdiyev əsərində qeyd edir: "Həm Şah İsmayılın, həm də Heydər Əliyevin siyasi xəttinin ən əsas vəzifəsi güclü və müstəqil Azərbaycan yaratmaq idi. Ona görə də bu böyük şəxsiyyətlərin Vətən qarşısında xidmətlərini qiymətləndirərkən əsas meyar onların öz qarşısına qoyduğu məqsəd və vəzifələr və həmin məqsəd və vəziflərə nail olmağa yönəlmiş fəaliyyətləri olmalıdır. Mən Şah İsmayılın və Heydər Əliyevin xidmətlərini vurğulayarkən Azərbaycanın bu böyük oğullarına lazımi qiymət vermək istəyindən çıxış etmişəm. Xalqımız yeni dünya nizamının formalaşdığı şəraitdə özünün dünya tarix səhnəsində qalmasına görə onlara borcludur. Məhz bu səbəbdən xalqımızın tarixində bu qeyri-adi şəxsiyyətlərin böyük roluna qara yaxmaq cəhdləri cəfəngiyat və ifrat dərəcədə qərəzli cəhdlər kimi görünür. Bəzi müəlliflərin Azərbaycan dövlətçiliyinin yaradılmasında həm Şah İsmayıl Xətainin, həm də Heydər Əliyevin rolunu kiçiltmək cəhdləri ya həmin müəlliflərdə dövlətçilik təfəkkürünün olmamasına dəlalət edir, ya da Azərbaycan tarixinin dərin reallıqlarını, onun qədim və zəngin mədəniyyətinin dəyərini anlamayanların, azərbaycanlıları öz nadir etnik tarixi olmayan insanlar kimi təqdim etməyə çalışanların həmin müəlliflərə təsirinin nəticəsidir".  

Əsl liderlik, şübhəsiz, kütlələri öz ətrafında birləşdirmək bacarığında ifadə olunur. Bu missiya cəmiyyətin bütövlüyünün və sabitliyinin qorunmasına, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənir. Şah İsmayıl Xətai zamanın tələbinə uyğun olaraq bu missiyanı layiqincə yerinə yetirdi və qüdrətli bir dövlət yaratmağa nail oldu. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr də əslində, respublikamızı müstəqil dövlət quruculuğuna aparan yol olmuşdur. Heydər Əliyevin böyük əməyinin nəticəsində həyata keçirilən dəyişikliklərin həcminə, ictimai-iqtisadi islahatların səciyyəsinə görə 70-80-ci illər Azərbaycanın tarixində ən parlaq səhifələr təşkil etmişdir. 70-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli özünüdərk duyğularının, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində müstəqillik uğrunda mübarizənin yüksəlişi Heydər Əliyevin rəhbərliyinin birinci mərhələsində əldə edilmiş iqtisadi canlanma və milli mübarizlik ruhunun təşəkkülü nəticəsində mümkün oldu.

Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında  özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaratmışdı. Heydər Əliyev Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır.

Heydər Əliyevin başçılığı ilə 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirilən intibah  prosesini şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil edir. Ulu öndərin respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə  qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun,  milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.

İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən  təməli qoyulmuş potensiala əsaslanır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı geniş  məqaləsində haqlı olaraq göstərmişdi: "Dünya tarixinin təcrübəsi göstərir ki, dövlət quruluşunun istənilən formasında əgər dövlət başçısı postuna liderlik keyfiyyətləri olan şəxsiyyət gəlirsə, bir qayda olaraq o, xalqının həyatı və inkişafında aparıcı rol oynayır. Siyasi xaos və birliyin olmadığı vaxtda dövlət sükanı arxasına keçən Şah İsmayılın şəxsiyyəti və əməlləri, dünya nizamının dağıldığı dövrdə xalq tərəfindən dövlət başçısı postuna çağırılmış Heydər Əliyevin şəxsiyyəti ilə çox baxımdan oxşardır. Məhz belə dövlət xadimlərinin zəkası və istedadı sayəsində millət öz müstəqilliyinə və suveren dünyagörüşünə nail olur. Siyasi düha keyfiyyətlərinin təzahürü və əsl vətənpərvərlərin qələbəsi bu deyilmi?"

Səfəvilər dövləti Azərbaycan ərazisində yaradılmışdı, onun mərkəzi Azərbaycan şəhərləri Ərdəbil və Təbriz idi. Orduda və sarayda Azərbaycan dili əsrlər boyu hakim mövqe tutmuşdu. Şah İsmayıl öz ədəbi əsərlərini məhz Azərbaycan dilində yazır, dövlət fərmanlarını bu dildə verirdi. Bəzi cızmaqaraçılar Səfəvilər dövlətini idarə edən şəxslərin etnik mənşəyi barədə yanlış fikirlər bildirir və bu sülalənin qeyri-türklər tərəfindən yönləndirildiyi kimi elmi əsası olmayan mülahizələr irəli sürürlər. Həmin "yazar"ların bəzi İran müəlliflərinin və antiazərbaycan mövqeyində olan insanların təsiri altında  olduqları aydın görünür. Bu cızmaqaraçılar unudurlar ki, Azərbaycan Səfəvilər dövləti ilə bağlı sanballı elmi-tədqiqat işləri hələ sovet dövründə aparılmış və alimlər birmənalı olaraq məsələdə yekdil mövqe ortaya qoymuşlar ki, bu dövləti sırf türk mənşəli sülalə idarə etmişdir. İ.P.Petruşevski, O.F.Akimuşkin, V.V.Bartold, A.Y.Krımski, V.F.Minorski, O.Əfəndiyev, S.Məmmədov və başqalarının elmi əsərlərində Səfəvilərin Azərbaycan dövləti olması tam sübuta yetirilmişdir.

Dövlətin qurucusu Şah İsmayıl Xətainin irsinin öyrənilməsi və tanıdılması baxımından  adı çəkilən alimlərin əsərlərinin elmi fakt olması  bu məsələdə  nala-mıxa vuran "tədqiqatçı"ların mülahizələrini alt-üst edir. Uzun müddət bəzi İran tarixçiləri də Səfəvilərin türk mənşəli sülalə tərəfindən idarə olunması məsələsində fərqli mövqe sərgiləyərək yanlış mülahizələr irəli sürmüşlər. Ancaq tarixi məxəzlər və danılmaz faktoloji materiallar onların da subyektiv mövqedən çıxış etdiklərini göstərdi. Həmin "alimlər"in belə qərəzli mövqedən çıxış etmələri Şah İsmayıl Xətai şəxsiyyətini hələ də düzgün dərk etməmələrindən irəli gəlir.

Akademik Ramiz Mehdiyev "Tarixi idrakın elmliyi problemlərinə dair" məqaləsində haqlı olaraq bu məsələdə hələ də yanlış yolda olanlara konkret  mövqe bildirir: "Şah İsmayıl haqqında məqaləmə şərhləri və rəyləri ümumiləşdirmək istərdim ki, biz milli tarixə baxışımızı və münasibətimizi dəyişək, şəxsiyyətlər haqqında mühakimə yürüdərkən öz subyektiv baxışlarımızdan və ya ideoloji mülahizələrdən çıxış etməyək. Bu şəxsiyyətlərin böyük məqsədə nail olmaq yolunda az əhəmiyyətli faktlara gəldikldə isə, bunu onların təqsiri hesab etmək olmaz. Şah İsmayıl və Heydər Əliyev kimi tarixi şəxsiyyyətlər öz zəkaları ilə həm bugünümüzu görmək, həm də gələcəyə nüfuz etmək qabiliyyətinə malik idilər. Məhz strateji uzaqgörənlik keyfiyyətləri onların siyasi qərarlarının dinamikasını təmin edirdi".

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin də şəxsiyyət və lider kimi böyüklüyü onun ideyalarının birləşdirici mahiyyətindən, ilk növbədə, hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı vermişdir. Cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüşdür. Azərbaycan cəmiyyətində qəti olaraq belə rəy formalaşmışdır ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetlərin varisliyini uğurla təmin etmiş alternativsiz liderdir.

 

 

Elnur HACALIYEV,

siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Azərbaycan.-2013.- 2 may.- S.10.