Azərbaycanla Latviya arasında əlaqələr sürətlə inkişaf edir

 

Azərbaycan-Latviya əlaqələrinin inkişafında tarixən formalaşmış ənənəvi münasibətlərin böyük rolu var. SSRİ-nin dağılmasından sonra həm Azərbaycan, həm də Latviya üçün ağır sosial-iqtisadi çətinliklərin meydana çıxmasına baxmayaraq, bu ölkələr qarşılıqlı işgüzar əməkdaşlıq ənənəsini qoruyub saxlaya bildilər.

Xatırladaq ki, Azərbaycanla Latviya arasında əlaqələrin tarixi çox-çox əvvələ gedib çıxır. Hələ XX əsrin əvvəllərində Bakıda Latış Cəmiyyətinin fəaliyyət göstərməsi bu əlaqələrin tarixi köklərinin olduğunu göstərir. Latviyanın məşhur yazıçıları Ernest Birznieks-Upitis, Pavils Rozitis, Yanis Vainovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, diplomat Antons Balodis, Bakı Opera Teatrının dirijoru, dahi latış bəstəkarı Yazeps Medinş, memar Ervins Paumbats və başqaları bu cəmiyyətdə təmsil olunurdular.

Sovet dövlətinin tərkibində olduqları zaman təbii olaraq Azərbaycanla  Latviya arasında yeni münasibətlər formalaşmışdır. Eyni zamanda, onu xüsusi qeyd etmək yerinə düşər ki, dövlət müstəqilliyinin bərpası uğrunda aparılan mübarizə millətlərimizi daha da yaxınlaşdırmışdır. Bu mənada hər iki ölkənin tarixində oxşar cəhətlər vardır.

Bu gün müstəqil dövlətlər kimi dünya birliyində özlərinin layiqli yerlərini tutan Azərbaycanla Latviya arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. İqtisadi inkişaf tempinə görə Azərbaycan və Latviyanın keçmiş postsovet məkanında lider ölkələr olduğunu nəzərə aldıqda isə, onlar arasında xüsusən, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə daha yüksək maraq olması təbiidir. Təsadüfi deyil ki, ötən illərdə iki ölkənin iqtisadi münasibətlərinin inkişafına dair çox fəal siyasi dialoq aparılmışdır. Bu mənada son səkkiz ildə ölkə başçıları səviyyəsində həyata keçirilən beş səfər iki ölkənin əlaqələrin genişləndirilməsinə nə qədər maraqlı olduğunu göstərir. Bunun nəticəsidir ki, iqtisadi sahədə əlaqələr çox sürətlə inkişaf edir. Son bir neçə il ərzində iki ölkənin şirkətlərinin və iş adamlarının iştirakı ilə altı biznes-forum keçirilmişdir. Ticarət dövriyyəsi son beş ildə üç dəfəyə yaxın artmışdır.

Siyasi müstəvidə də iki ölkənin münasibətləri yüksək səviyyədədir. Xatırladaq ki, dövlət müstəqilliklərini bərpa etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlər 1994-cü ildə qurulub. Gələn il diplomatik münasibətlərin 20 illiyi qeyd ediləcək. Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlayıb. Bu həm də Azərbaycanın Baltikyanı ölkələrdə ilk səfirliyidir. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb. İki ölkəni bağlayan bir mühüm fakt da ondan ibarətdir ki, Azərbaycan Avropa Şurasına Latviyanın həmin təşkilatda sədrliyi dövründə qəbul edilmişdir. Azərbaycanla Latviya beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, bir-birlərini dəstəkləyir.

Bu günlərdə Latviya Respublikasının Prezidenti Andris Berzinşin Azərbaycana rəsmi səfəri isə iki ölkənin münasibətləri daha da yüksək səviyyəyə qaldırmaq əzmində olduğunu göstərdi. Prezident İlham Əliyev Latviyanın dövlət başçısı ilə geniş tərkibdə görüşdə bu barədə deyib: "Bizim aramızda çox yaxşı əməkdaşlıq vardır. Bu əməkdaşlıq, demək olar ki, bütün sahələri əhatə edir. Həm siyasi, həm də iqtisadi əlaqələrimiz inkişafdadır. Beynəlxalq təşkilatlarda da biz çox fəal əməkdaşlıq edirik və bir-birimizi dəstəkləyirik. Yəni, iki ölkə arasında heç bir problem yoxdur, yalnız birgə səylərimizi gücləndirib daha da yaxşı əməkdaşlığa nail olmalıyıq. Əminəm ki, səfər zamanı aparılan danışıqlar və keçirilən fikir mübadiləsi bütün məsələlərin həlli üçün yaxşı zəmin yaradacaqdır".

Latviya Respublikasının Prezidenti Andris Berzinşin Azərbaycana böyük nümayəndə heyəti ilə gəlməsi də bu ölkənin qarşılıqlı əməkdaşlığın inkişafına önəm verməsinin göstəricisidir. Bunu diqqətə çatdıran Latviyanın dövlət başçısı bildirib ki, Azərbaycana olan maraqların yüksək olduğundan səfər üçün xüsusi olaraq böyük təyyarə sifariş ediblər.

Azərbaycanla əlaqələrdən danışan Latviya Prezidenti Andris Berzinş ölkəsinin bu əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib: "Qarşıdakı ilin ilk aylarında Latviya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyini qeyd edəcəyik. Arxaya dönüb baxsaq, bu illər ərzində yalnız prezidentlər səviyyəsində deyil, eləcə də müxtəlif sahələrin nümayəndələri və sahibkarlar arasında səmərəli görüşlərin keçirildiyinin məmnunluqla şahidi olarıq. Bu cür görüşlərin keçirilməsi Latviya tərəfinin Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirməsinə bariz sübutdur. Ümidvar olduğumu bildirirəm ki, Latviya nümayəndə heyətinin tərkibinə daxil olan xarici işlər, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı nazirləri, eləcə də digər nazirliklərin nümayəndələri öz azərbaycanlı həmkarları ilə danışıqlarda institusional bazanın təkmilləşdirilməsi və gələcəkdə konkret layihələrin həyata keçirilməsinə nail olacaqlar".

Qeyd edək ki, Azərbaycanla Latviya bir çox hallarda fərqli sənaye sahələrində inkişaf ediblər. Bu baxımdan hər iki ölkə səylərini birləşdirib daha böyük uğurlar qazana bilərlər. Azərbaycan inkişafının artıq elə bir səviyyəsinə çatıb ki, qonşu dövlətlərə sərmayələr yatırır. O cümlədən, Latviya müəssisələri Baltik dənizi regionunda öz yerlərini tutublar. Təbii ki, ötən illərdə hər iki ölkə iqitsadi sferada təcrübə də toplayıb və onun mübadiləsi bu ölkələrin maraqlarına cavab verər. Bu mənada Bakıda keçirilmiş biznes-forumda Latviyanın işgüzar dairələrinin, iqtisadiyyatının çox müxtəlif sahələrini təmsil edən 80-dən artıq iş adamının iştirakı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.

Təbii ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi təkmil nəqliyyat infrastrukturunun olmasından da əhəmiyyətli dərəcədə asılıdır. Odur ki, Latviya Prezidenti Andris Berzinşin Azərbaycana rəsmi səfəri zamanı nəqliyyat infrastrukturunun yaradılması və nəqliyyat sahəsində əməkdaşlıq haqqında da fikir mübadiləsi aparılmışdır. Təbii ki, nəqliyyat infrastrukturu sahəsində yeni layihələrin həyata keçirilməsi nəticəsində geniş mənada regional əməkdaşlıq məsələləri öz həllini tapa bilər. Çünki Xəzər dənizi, Qara dəniz, Baltik dənizi ölkələri arasındakı əlaqələr bir çox hallarda nəqliyyat infrastrukturundan asılıdır. Azərbaycan daim öz tərəfindən xarici iqtisadi əməkdaşlığın inkişafı baxımından bu məsələləri diqqət mərkəzində saxlayır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən böyük nəqliyyat layihələri öz bəhrəsini verməkdədir.

Latviya Prezidentinin səfəri zamanı o da qeyd olundu ki, son illər ərzində iqtisadi sahədəki münasibətlərdə böyük irəliləyişin olmasına baxmayaraq, ticarət dövriyyəsi qaneedici deyil. Danışıqlarda ticarət dövriyyəsinin artırılmasına birgə səylərlə nail olmağın vacibliyi vurğulandı. Xüsusən, biznes-forumun biznes qurumları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyi diqqətə çatdırıldı.

Azərbaycan Prezidenti İlham Əliyevlə Latviya Prezidenti Andris Berzinşin Bakıda keçirdiyi danışıqlar, aparılan fikir mübadiləsi bir daha göstərdi ki, Latviya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Ən əsası, bu əlaqələrin daha da inkişafı üçün siyasi iradə və böyük potensial var. Keçirilən görüşlər əminliklə deməyə əsas verir ki, bu səfərin çox yaxşı nəticələri olacaq. Bütövlükdə bu cür səfərlər Azərbaycan və Latviya arasında istər ikitərəfli və çoxtərəfli müstəvidə, istərsə də Avropa strukturları çərçivəsində əməkdaşlığın daha da inkişafına və genişlənməsinə təkan verir.

 

 

 Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 2 may.- S.10.