Sumqayıtda akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilmişdir

 

Sumqayıt Dövlət Musiqili Dram Teatrında şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

Ədəbi-bədii kompozisiyada görkəmli alimin xatirəsi ehtiramla yad edilmiş, onun ömür yoluna nəzər salınmışdır.

Mərasimdə Zərifə xanım Əliyeva nəcib, qayğıkeş insan, əsl ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanmışdır. Alimin oftalmologiya elminə verdiyi töhfələr onun millətinə, vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı ömrü yaşadığı, xeyirxah əməlləri ilə örnək olduğu vurğulanmışdır.

Bildirilmişdir ki, akademik Zərifə xanım Əliyeva yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı kimi əbədiləşmişdir. 1923-cü ilin bir bahar günündə dünyaya gələn, əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Sumqayıt Dövlət Musiqili Dram Teatrı aktyorlarının ifasında görkəmli alimə həsr edilmiş mahnılar səsləndirilmiş, onun parlaq ömür yolunun müxtəlif anları mərasim iştirakçılarına sənədli film vasitəsilə çatdırılmışdır.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.-2013.- 2 may.- S.8.