Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar var

 

Milli Məclisin Sədri Oqtay Əsədov dünən Avropa Parlamentinin Avropa  Mühafizəkarlar və İslahatçılar Qrupunun (AMİQ) üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Avropa əlaqələri müzakirə olunub.

Oqtay Əsədov Avropa parlamentinin nümayəndələrini Azərbacanda görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, bu, AMİQ üzvlərinin Azərbaycana ilk rəsmi səfərləridir: "Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra əsas məqsədimiz demokratik dövlət qurmaq olub. Bu istiqamətdə Avropa dəyərlərindən bəhrələnməyə çalışırıq. Bunu bizə məcbur etmirlər, öz istəyimizlə edirik". Sədr əlavə edib ki, Azərbaycanın iqtisadi potensialı artdıqca xarici siyasətlə bağlı olan qanunvericiliyinin də inkişaf etdirilməsinə zərurət yaranıb. Ona görə bu istiqamətdə müvafiq qanunlara əlavə və dəyişikliklər edərkən həmişə Avropanın dəstəyini görmüşük. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün həm ölkəmizin, həm də Avropa İttifaqının geniş imkanları var.

Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun sədri Martin Kallanan öz növbəsində Azərbaycanda mehribanlıqla qarşılandıqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycanda demokratik inkişaf yolunun əsas prioritet kimi götürülməsi təqdirəlayiq haldır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

Elgün MƏNSİMOV

 

Azərbaycan.-2013.- 3 may.- S.2.