Ümummilli liderin 90 illik yubileyi ərəfəsində «Parlament tariximizin Heydər Əliyev dövrü» kitabı çapdan çıxmışdır

 

Ümummilli liderin 90 illik yubileyi ərəfəsində "Parlament tariximizin Heydər Əliyev dövrü" kitabı "CBS PP" MMC mətbəəsində nəfis şəkildə çapdan çıxmışdır. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin nəşri olan bu kitab xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə nəşr olunmuşdur.

Kitabın məsul redaktoru Mili Məclisin Sədri Oqtay Əsədov, tərtibçi-müəllifləri Milli Məclis Aparatının rəhbəri, I dərəcə dövlət müşaviri Səfa Mirzəyev və Milli Məclisin mətbuat katibinin müavini III dərəcə dövlət müşaviri Mehman Qayıbovdur.

Dörd fəsildən ibarət kitabın "Siyasi müdrikliyin Heydər Əliyev zirvəsi" adlanan birinci fəsli Prezident İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" 21 yanvar 2013-cü il tarixli sərəncamının mətni ilə açılır. İlk fəsildə ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi illərdə parlamentin o dövrkü imkanlarından məharətlə istifadə edərək respublikanın hərtərəfli inkişafı və gələcək müstəqillik üçün möhkəm zəmin yaratması istiqamətində göstərdiyi misilsiz xidmətlər öz əksini tapmışdır. Bu  fəsildə, həmçinin  ulu öndərin Moskva fəaliyyəti, 20 Yanvar faciəsi ilə bağlı  düşüncələri və bu qanlı hadisəyə siyasi qiymət verilməsi yönümündə  atdığı məqsədyönlü addımlar geniş işıqlandırılmışdır.

"Milli qurtuluş savaşının ön cərgəsində" ümumi başlıqlı ikinci fəsil ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünə həsr olunmuşdur. Bu fəsildə ulu öndərin Naxçıvan Muxtar Respublikasında milli dövlətçilik ənənələrimizin bərpası və müstəqilliyimizin əldə edilməsi uğrunda apardığı mübarizədən danışılır.

Yeni nəşrin "Müstəqil Azərbaycan naminə" adlanan üçüncü  fəsli, adından da göründüyü kimi, ümummilli liderin  Azərbaycan Respublikası Ali Sovetinin Sədri kimi fəaliyyətinə və sonrakı mərhələdə onun rəhbərliyi ilə ölkədə hüququ, demokratik, dünyəvi dövlət quruculuğu yolunda görülən işlərə həsr olunmuşdur.

"Bugünümüzparlamentimiz" adlı dördüncü fəsildə isə İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın qazandığı uğurlardan, ölkədə aparılan islahatlardan, yeni mərhələdə qanunvericilik sahəsində əldə edilmiş nailiyyətlərdən  bəhs edilir.

Yüksək poliqrafik səviyyədə tərtib edilmiş kitabda AzərTAc-ın materiallarından və fotoşəkillərindən də istifadə olunmuşdur.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.-2013.- 3 may.- S.2.