Azərbaycan Rus İcmasının 20 illiyi tamam olmuşdur

 

Azərbaycan Rus İcmasının 20 illiyi tamam olmuşdur. 1993-cü ildə Azərbaycan rusdilli əhalisinin nümayəndələrinin çoxu öz kiçik vətənlərini həmişəlik tərk etmək barədə ciddi fikirləşirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda vəziyyət dəyişdi. Ulu öndər vətəndaşların bu kateqoriyasının qarantı kimi onlardan xahiş etdi ki, ölkəni tərk etməsinlər. Beləliklə, Azərbaycan Rus İcması yarandı. Hazırda Milli Məclisin deputatı Mixail Zabelinin rəhbərlik etdiyi bu icma ölkəmizin 70 minə yaxın vətəndaşını birləşdirir.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, 2013-cü il Rus İcmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyi və Rus İcmasının 20 illiyi devizi altında keçir.

Bu əlamətdar tarixlərə həsr edilmiş tədbirlərdən biri keçən həftənin axırlarında Bakıdakı Eldar Quliyev adına 145 nömrəli ümumtəhsil məktəbində keçirilmişdir. Məktəbin direktoru Rus İcmasının liderlərindən biri olan Nikolay Vasilçenkodur.

Keçən əsrin 70-ci illərində Nikolay Vasilçenkonun adı Azərbaycanın hüdudlarından kənarda da sovet gənclərinə yaxşı tanış idi. 1969-cu ildə motosiklet idmanı üzrə SSRİ idman ustası adı qazanmış N.Vasilçenko o vaxtlar müttəfiq respublikaların paytaxtlarında, Moskvada və Leninqradda tez-tez keçirilən motosiklet idmanı yarışlarında tamaşaçıların sevimlisinə çevrilmişdi. Bir vaxt o, seçim qarşısında qalmışdı: ya böyük idmanla məşğul olmaq üçün Leninqrada köçüb getməli, ya da sevimli Azərbaycanda sevdiyi azərbaycanlı qızı seçməli idi. Nikolay ikinci variantı seçdi. Həmin qızla evlənərək sevimli Azərbaycanda qaldı.

145 nömrəli məktəbin zallarında tematik sərgilər təşkil edilmişdi. Məktəblilər, valideynlər və pedaqoqlarla dolu akt zalında məktəbin gənc artistləri və "Çal, qarmon" ansamblı (kollektivin rəhbəri V.Limberqdir) tərəfindən hazırlanmış böyük konsert oldu. Tədbirə çoxlu qonaq, o cümlədən Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, "Rossotrudniçestvo" agentliyinin Bakıdakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, həmvətənlər təşkilatlarının rəhbərləri vardı.

N.Vasilçenko Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın xidmətlərinə hörmət və minnətdarlıq əlaməti olaraq arxiyepiskopun 145 nömrəli məktəbin şagirdləri tərəfindən tikmə üsulla hazırlanmış portretini ona bağışlamışdır.

 

 

Azərbaycan.-2013.- 3 may.- S.10.