Qanunsuz səfərə qanuni etiraz

 

Avropalı deputatların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri ictimaiyyətdə kəskin etiraza səbəb olub

 

 Beynəlxalq birliyin  məhəlli, milli, qlobal, eləcə də regional xarakterli münaqişələrin həlli istiqamətindəki fəaliyyətinin  heç də ürəkaçan olmaması sadəcə təəssüf doğurmamalı, əksinə, həyəcan təbili çalmalıdır. İyirmi ildən artıqdır ki, davam edən belə problemlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Təəssüf ki, bəzən  beynəlxalq birliyin bir sıra üzvləri onu dondurulmuş hesab edir, digərləri isə məhəlli münaqişə kimi göstərməyə çalışırlar.

Lakin münaqişələrin həlli  fəaliyyətinin  prioritetlərindən olan nüfuzlu beynəlxalq təşkilatların  (xüsusən BMT, Avropa Birliyi, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və s.) müəyyən qərar və qətnamələr qəbul etmələrinə baxmayaraq,  adıçəkilən münaqişənin aradan qaldırılmasında təcavüzkar Ermənistanla ərazilərinin 20 faizi işğal altında qalan, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycana eyni münasibəti (bəzən isə  təcavüzkarın tutduğu qeyri-konstruktiv mövqeyini dəstəkləməsi) dünyada ikili siyasətin hələ də davam etməsini ortaya qoyur. Bu da nəticə etibarı ilə mövcud münaqişələrin həlli müddətinin uzadılması, problemin həllinin  məqsədli şəkildə ləngidilməsi anlamına gəlir.

Təəssüf hissi ilə qeyd edilməlidir ki, münaqişələrin həllində beynəlxalq birliyin və ayrı-ayrı nüfuzlu təşkilatların bu istiqamətdə fəallığının deyil, onun əksinin şahidi oluruq. Münaqişə tərəflərini daim konstruktivlik göstərməyə çağırışlar edən belə təşkilatların bəziləri Ermənistanın təcavüzkar olduğunu qəbul etdikləri sənəddə təsdiqləsələr də,  konkret əməli fəaliyyətdə tamamilə əks mövqe göstərirlər. Avropa Parlamentinin bir qrup deputatının bu günlərdə separatçılar tərəfindən  yaradılan, lakin hər hansı beynəlxalq qurum tərəfindən tanınmayan, qondarma Dağlıq Qarabağ respublikasına səfər etməsi də adıçəkilən münaqişənin həllinə deyil, onun əleyhinə yönəldilmiş hərəkət kimi qiymətləndirilir.

Xatırladaq ki, Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz fəaliyyət göstərən separatçı rejimə  avropalı deputatların qeyri-qanuni səfərləri birinci dəfə deyil. Bu isə, əlbəttə, separatizmi və işğalçılıq siyasətini davam etdirən Ermənistanın məkrli, çirkin hərəkətinə dəstək deməkdir.

Bir qrup avropalı deputatın, əsasən də Fransa və Cənubi Koreyadan olan parlamentarilərin  əvvəlcə İrəvana, oradan isə  heç bir beynəlxalq norma  və prinsiplərə məhəl qoymayaraq Dağlıq Qarabağa səfər etmələri nəinki şübhəlidir, əslində,  həmin deputatların təmsil olunduğu Avropa Parlamentinin birbaşa Azərbaycanın ərazü bütövlüyünü şübhə altına salması anlamına gəlir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflər arasında sülh danışıqlarında vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk qrupunun üç üzvündən biri olan Fransanın parlamentini təmsil edən Valeri BuayeQi Tessyenin dostluq qrupu yaradaraq işğalçıların mövqeyini dəstəkləyən addım atmaları  heç bir beynəlxalq  norma və prinsiplərə sığa bilməz. Üstəlik, fransız deputatlar bildiriblər ki,  səfərlərində məqsəd Dağlıq Qarabağda yaşayan "xalqın" müstəqilliyini tanıtmaq və təmin etməkdir. Avropa Birliyi Ermənistan  parlamentlərarası dostluq qrupunun üzvləri - Avropa Parlamentinin təmsilçiləri (Avstriyadan  Edvard Stadler, Cənubi Kiprdən Kiriakos  Triantafilides, Eleni  Teoxarus, Belçikadan professor Bernar Kulli) heç şübhəsiz ki,  fəaliyyət göstərdikləri qurumların razılığı olmadan  çətin ki işğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən separatçı rejimlə danışıqlar apara bilə. Acınacaqlı hal odur ki, beynəlxalq birliyi təmsil edən Avropa Parlamentindən bu məsələyə laqeyd, loyal münasibət göstərilir. Guya bu səfər həmin deputatların şəxsi təşəbbüsüdür. Əlbəttə, bu kimi hallar ilk dəfə baş vermədiyindən məsələyə digər prizmadan yanaşan siyasətçilər, istər müxtəlif təşkilatların, istərsə də geniş ictimaiyyətin nümayəndələri çox haqlı olaraq burada islamofobiyanın təzahürlərinin mühüm faktora çevrildiyini istisna etmirlər.

Milli Məclisin aprel ayının son iclasında məsələnin   kifayət qədər geniş müzakirəsi, ayrı-ayrı deputatların çıxışları ictimaiyyətin diqqət mərkəzində oldu. Milli Məclisin Sədri Oqtay Əsədov bu məsələ ilə bağlı Avropa Parlamentinə etiraz məktubu göndəriləcəyini bəyan etdi. Spiker eyni zamanda geniş ictimaiyyətin də  adıçəkilən məsələyə öz münasibətini bildirməyə,  elektron KİV-lərin imkanlarından istifadə edərək sosial şəbəkələrdə kəskin, hücum xarakterli mövqe nümayiş etdirməyin vacibliyini də vurğuladı. Burada vətəndaş mövqeyinin ortaya qoyulmasının xüsusi əhəmiyyət kəsb etməsi də diqqətdən yayınmadı.

Milli Məclisin Sədr müavini, Azərbaycan Parlamenti-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin həmsədri Valeh Ələsgərov Dağlıq Qarabağa qeyri-qanunu səfər edən deputatlardan  biri, Cənubi Kiprdən gələnlərə müraciətlə  dedi: "Dağlıq Qarabağa səfər edən Cənubi Kiprin deputatının mövqeyi xüsusilə təəccüb doğurur. Yaxşı olardı ki, həmin şəxs Kipr adasında yaşayan  türklərin hüquqlarını da müdafiə etsin. Bir neçə il öncə "Annan planı" əsasında adanın iki dövlətinin birləşməsi üçün referendum keçirildi. Bu referendumda birləşmək planına türklər razılıq  versə də, yunanlar əleyhinə çıxdı. Amma həmin referendumdan dörd gün sonra Cənubi Kipri Avropa İttifaqına qəbul etdilər. Eyni zamanda, Türkiyənin Avropa İttifaqına hələ də qəbul olunmaması ikili standartların  təzahürüdür. Ölkəmizin vətəndaşları bu haqsızlığa qarşı öz mövqelərini bildirməlidirlər".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu  komitəsinin sədri Əli Hüseynlinin çıxışı erməni lobbisinin təsiri altında olan avropalı parlamentarilərin hərəkətlərinə tutarlı cavab  kimi yadda qaldı: "Analizlər göstərir ki, Avropa Parlamentinin qəbul etdiyi qərarların icra mexanizmi yoxdur. Əslində Avropa strukturlarında iki narahatedici məqam güclənməyə başlayıb. Onlardan biri siyasi korrupsiya, ikincisi isə qanunsuz lobbiçilikdir. Burada məqsəd Azərbaycana təzyiq etməkdir ki, ölkəmiz bir sıra məsələlərdə güzəştə getsin".

 

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 3 may.- S.10.