Əməkdaşlıq haqqında saziş imzalanmışdır

 

Heydər Əliyev Fondunun nümayəndə heyəti Kolumbiyada işgüzar səfərdə olmuşdur.

Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Kolumbiyanın Uşaqlara qarşı zorakılıqların qarşısının alınması üzrə Şəbəkə Fondunun prezidenti, Kolumbiya Senatının üzvü Alexandra Moreno Pirakive ilə görüşmüşdür.

Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini müzakirə etmişlər. Azərbaycanın nümayəndə heyəti Kolumbiya tərəfinə Heydər Əliyev Fondunun məqsəd və fəaliyyəti, həyata keçirilən xeyriyyə tədbirləri barədə ətraflı məlumat vermişdir.

Bundan əlavə, görüşdə Kolumbiya Senatında 2012-ci ilin martında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsi ilə əlaqədar bu sənədin müəllifi senator A.Moreno Pirakiveyə və Kolumbiya Senatının üzvlərinə minnətdarlıq bildirilmişdir.

Sonda Heydər Əliyev Fondu ilə Kolumbiyanın Uşaqlara qarşı zorakılıqların qarşısının alınması üzrə Şəbəkə Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.

Səfər çərçivəsində Heydər Əliyev Fondunun nümayəndə heyəti Kolumbiyanın xarici işlər nazirinin müavini xanım Patti Londonyo ilə də görüşmüşdür.

Görüşdə kolumbiyalı nazir müavininə Heydər Əliyev Fondunun fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, həmçinin bir sıra sosial layihələrin birgə həyata keçirilməsinə dair məsələlər müzakirə olunmuşdur.

Azərbaycanın nümayəndə heyəti Boqota şəhərinin aztəminatlı rayonundakı məktəbin fəaliyyəti və uşaqların təhsil prosesi ilə də tanış olmuşdur. Heydər Əliyev Fondu tərəfindən bu məktəbə yardım edilmişdir.

Görüşlərdə Azərbaycanın nümayəndə heyətini ölkəmizin Meksika, eyni zamanda, Kolumbiyadakı səfiri İlqar Muxtarov müşayiət etmişdir.

 

 

Azərbaycan.-2013.- 4 may.- S.8.