«Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları» mövzusunda elmi-praktik konfrans keçirilmişdir

 

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkilatçılığı ilə mayın 3-də "Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları" elmi-praktik konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransın məqsədi ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyi tarixində güclü iqtisadiyyatın yaradılması, azad sahibkarlar təbəqəsinin formalaşdırılmasında mühüm rol oynayan genişmiqyaslı mülkiyyət islahatlarının və dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsi istiqamətində atılan tarixi addımlar, qəbul edilən qərarların və görülən ardıcıl tədbirlərin uğurlu nəticələrinin bir daha ictimaiyyətə çatdırılmasıdır.

Əvvəlcə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.

Konfransı ƏMDK-nın sədri Kərəm Həsənov açaraq iqtisadiyyatımızın dirçəldilməsi və inkişafında, mülkiyyət islahatlarının keçirilməsində, azad sahibkarlar təbəqəsinin formalaşmasında ulu öndərin əvəzolunmaz xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, düşünülmüş siyasət nəticəsində Azərbaycanda qısa müddətdə siyasi sabitliyin bərqərar olması, müstəqil dövlətimizin qurulması işləri əsaslı islahatların, o cümlədən iqtisadi islahatların həyata keçirilməsinə şərait yaratmışdır. K.Həsənov demişdir ki, ümummilli lider Heydər Əliyev mülkiyyətin müxtəlif növdə mövcud olmasını və bununla bağlı müvafiq dövlət təminatlarının Konstitusiyada təsbit edilməsini təmin etmişdir. Eyni zamanda, yeni mülkiyyət münasibətlərinin təşəkkülü strategiyası da müəyyən edilmişdir. Həmin strategiyaya uyğun olaraq bazar islahatlarının ardıcıl və sahmanlı şəkildə aparılması iqtisadi siyasətin əsası kimi qəbul olunmuşdur.

Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov ölkəmizdə mülkiyyət islahatlarının aparılmasında ulu öndərin əvəzedilməz xidmətlərindən danışmışdır. Vurğulanmışdır ki, həyata keçirilmiş islahatların başlıca istiqamətləri dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsidir. Ümummilli liderin rəhbərliyi ilə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı mühüm qərarların qəbulundan əvvəl bu sahədəki əsas problemlər, mühüm məsələlər müvafiq dövlət strukturlarının, təsərrüfat rəhbərlərinin və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə geniş müzakirəyə çıxarılmışdır. Həmin müzakirələrin gedişində ölkəmizdə özəlləşdirmənin strateji istiqaməti müəyyən edilmişdir. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" hazırlanmışdır. Həmin proqramın icrası ölkəmizdə struktur islahatlarının sürətləndirilməsinə və sahibkarlığın təşəkkülünə təkan vermişdir. Ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi şəraitində dövlət başçısının irəli sürdüyü yeni vəzifələrə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə yeni qanun qəbul edilmişdir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək Azərbaycan iqtisadiyyatının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini, özünün iqtisadi təhlükəsizliyini təmin edən güclü dövlətə çevrildiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan sürətlə inkişaf etmişdir. Ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter almışdır.

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Auditorlar Palatasının sədri Vahid Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova  ümummilli lider Heydər Əliyevin ölkə iqtisadiyyatının tənəzzüldən çıxarılması, uğurlu iqtisadi islahatların həyata keçirilməsi, özəlləşdirmə siyasəti, müasir dövrdə bələdiyyə, dövlət və xüsusi mülkiyyət növlərinin qarşılıqlı fəaliyyəti, əmlak münasibətlərinin inkişafı, daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi və əmlak hüquqlarının səmərəli təminatı sahəsində qəbul edilən qərarlar, hüquqi və institusional mexanizmlər, həyata keçirilən islahatlar haqqında danışmışlar.

Konfransın birinci sessiyasında Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra keçid iqtisadiyyatının problemləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasında əsaslı iqtisadi islahatlar, o cümlədən mülkiyyət islahatları strategiyasının hazırlanması və həyata keçirilməsi, mülkiyyətin transformasiyası və müasir əmlak idarəçiliyi məsələləri, dövlət əmlakının özəlləşdirilməsinin əsasları və iqtisadi münasibətlərin yeniləşdirilməsi istiqamətləri, özəlləşdirmənin sosial-iqtisadi aspektləri və inkişaf meyilləri, mülkiyyət islahatlarının digər iqtisadi islahatlarla əlaqələndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılmışdır.

İkinci sessiyada isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş genişmiqyaslı mülkiyyət islahatlarının müstəqil Azərbaycan iqtisadiyyatının bazar münasibətləri əsasında yenidən qurulması, iqtisadiyyatın çoxşaxəli inkişafı, çoxsaylı sahibkarlar və mülkiyyətçilər təbəqəsinin formalaşdırılması, dövlət müəssisələrinin institusional yeniləşməsi, onların səmərəli fəaliyyətinin təmin edilməsindən danışılmış, özəlləşdirmənin sosial-iqtisadi nəticələrinin təhlili, özəlləşdirilən müəssisələrdə yeni iş yerlərinin açılması, bu müəssisələrdə rəqabətqabiliyyətli məhsulların istehsalının təşkili, nəticə etibarı ilə əhalinin rifah halının yaxşılaşdırılması, həmçinin müəyyən edilmiş strategiya və əldə edilmiş nəticələr əsasında qarşıdakı dövrdə mülkiyyət islahatlarının və özəlləşdirmənin inkişaf istiqamətləri kimi məsələlər müzakirə olunmuşdur.

Konfransda "Azərbaycanda mülkiyyət islahatları və özəlləşdirmə: sosial-iqtisadi nəticələr və inkişaf meyilləri", "Heydər Əliyevin özəlləşdirmə strategiyasının iqtisadiyyata investisiyaların cəlb edilməsində rolu", "Azərbaycanda daşınmaz əmlak idarəçiliyi məsələləri və beynəlxalq əməkdaşlıq", "Azərbaycanda mülkiyyət islahatları statistik rəqəmlərdə", "Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi: informasiya- kommunikasiya texnologiyaları və şəffaflıq mexanizmləri", "Azərbaycan iqtisadiyyatında aparılan mülkiyyət islahatlarının bəzi hüquqi məsələləri", "Ölkə iqtisadiyyatının inkişafında iqtisadi proqramlaşdırmanın rolu", "Heydər Əliyevin rəhbərliyi ilə bazar iqtisadiyyatı prinsipləri əsasında milli iqtisadiyyatın yaradılması" mövzularında məruzələr dinlənmişdir.

 

 

Azərbaycan.-2013.- 4 may.- S.9.