«Azərbaycanşünaslığın aktual problemləri» mövzusunda IV Beynəlxalq elmi konfrans çərçivəsində «Heydər Əliyev» kitabının təqdimatı olmuşdur

 

Xəbər verdiyimiz kimi, Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil müəssisəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilir.

AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans çərçivəsində mayın 3-də türk dilində "Heydər Əliyev" kitabının təqdimatı olmuşdur.

Tədbirdə BSU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri dosent Etibar Babayev ümummilli lider Heydər Əliyev haqqında çox kitabların yazıldığını, "Görkəmli adamların həyatı" silsiləsindən "Heydər Əliyev" kitabının bu əsərlər içərisində özünəməxsus yer tutduğunu  vurğulamışdır. Bildirmişdir ki, azərbaycanlı yazıçı Hüseynbala Mirələmov və rusiyalı yazıçı Viktor Andriyanovun birgə yazdıqları "Heydər Əliyev" əsərini türk dilinə  Yasemin Bayer tərcümə etmişdir. Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan Y.Bayer bir neçə yazıçı və şairimizin əsərlərini türk dilinə çevirmişdir. "Heydər Əliyev" kitabını isə o, Azərbaycan xalqına və  onun böyük liderinə xüsusi məhəbbətlə tərcümə etmiş, ulu öndər Heydər Əliyevin əvəzolunmaz şəxsiyyət, bənzərsiz lider olduğunu bir daha göz önündə canlandırmışdır.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev universitetdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın uğurla davam etdiyini, konfrans çərçivəsində keçirilən tədbirlərdən ən önəmlisinin "Heydər Əliyev" kitabının təqdimatı olduğunu vurğulamışdır. Bildirmişdir ki, tələbə gənclərin iştirak etdiyi bu tədbirin həm də böyük tərbiyəvi əhəmiyyəti vardır. Zaman keçdikcə biz Heydər Əliyev dühasının böyüklüyünü, əzəmətini daha dərindən dərk edirik. "Heydər Əliyev" kitabı həm müəlliflərin, həm də naşirin ulu öndərə böyük sevgisinin məhsuludur. 

Tədbirdə Y.Bayer  "Heydər Əliyev" kitabının tərcüməsi zamanı   ümummilli lider Heydər Əliyevin həyatı, Azərbaycan dövlətini qurarkən yaşadığı çətinliklər, respublikanın inkişafı yolunda  gərgin fəaliyyəti ilə yaxından tanış olduğunu vurğulamışdır. Bildirmişdir ki,  bir liderin öz xalqı və dövləti üçün çalışması, özünü onun yolunda fəda etməyə hazır olması o liderin nə qədər önəmli olduğunu göstərir. Mən belə bir şəxsiyyət - dahi lider Heydər Əliyev  haqqında kitabı türk dilinə çevirdiyim üçün qürur duyuram.

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən, ulu öndərə həsr olunmuş kitabın məziyyətlərindən danışmışlar.  Bildirilmişdir ki, "Heydər Əliyev" kitabı dünya xalqlarının 23 dilində oxuculara təqdim olunmuşdur. Natiqlər ulu öndərin həyatının hər bir azərbaycanlı üçün örnək olduğunu, onun ədəbiyyatımız, mədəniyyətimiz üçün çox böyük işlər gördüyünü vurğulamışlar. 

Kitabın həmmüəllifi, Milli Məclisin deputatı Hüseynbala Mirələmov dahi şəxsiyyətlər haqqında kitab yazmağın böyük məsuliyyət tələb etdiyini, "Heydər Əliyev" kitabının hazırda Çin və serb dillərinə tərcümə olunduğunu diqqətə çatdırmışdır. Yazıçı Heydər Əliyev dühasının işığına toplaşanlara minnətdarlığını bildirmiş, "Heydər Əliyev" kitabını imzası ilə iştirakçılara hədiyyə etmişdir.

 

 

Azərbaycan.-2013.- 4 may.- S.9.