«Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti» mövzusunda beynəlxalq konfrans işə başlamışdır

 

Mayın 4-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının  ümummilli liderinin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, Rusiyadan və Ukraynadan nümayəndələrin də qatıldığı konfransın iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə tər güllər düzülmüşdür.

Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olmuşlar.

Dövlət himnimizin səsləndirilməsi ilə başlanan konfransda Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatındakı rolu ilə bağlı film nümayiş etdirilmişdir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov konfransda çıxış edərək Azərbaycan gənclərinin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlət siyasətinin əhəmiyyətindən danışmış, bu siyasətin banisinin məhz xalqımızın ümummilli lideri Heydər Əliyev olduğunu vurğulamışdır. Bildirilmişdir ki, ulu öndərin gənclər siyasətinin qayəsi əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqilliyin, dövlətçiliyin qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək demişdir ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi vacib yer tutur. Gənclər yeniləşmə, müasirləşmə, inkişaf, tərəqqi və modernləşmə strategiyasının aparıcı qüvvəsidir. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərmişdir. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutmuşdur. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss etmişdir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədinin yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etdiyini bildirmişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycanda gənclər siyasəti ilə bağlı mükəmməl qanunvericilik bazası formalaşdırılmışdır.

Milli Məclisin deputatı Ağalar Vəliyev Azərbaycanda müstəqillik dövrünün ilk illərində hökm sürən hərc-mərclik şəraitində çox sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meyillərinin öz əksini tapdığını bildirmişdir. Lakin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini yaratmışdı. Məhz ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi müəyyənləşdirmişdir.

Milli Məclisin deputatı Mixail Zabelin isə demişdir ki, məhz həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşmışdır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının cəmiyyətdə mühüm rolu dövlətin yaratdığı şərait sayəsində mümkün olmuşdur.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov gənclərin respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, hər bir işə yüksək təşəbbüskarlıqla yanaşdıqlarını qeyd etmişdir.

Daha sonra konfransda Taras Şevçenko adına Kiyev Milli Universitetinin 5-ci kurs magistri, Kiyev Şəhər Tələbə Şurasının üzvü İlona İvanova "Ukrayna və Azərbaycan təhsil fəzalarının perspektivləri", Volqoqrad Vilayət Gənclər Birliyinin rəhbəri Timur Bəşirov "Volqoqrad vilayətində gənclərin özünüidarəetməsi və bu sahədə beynəlxalq  əməkdaşlıq", Taras Şevçenko adına Kiyev Milli Beynəlxalq Münasibətlər Universiteti, Beynəlxalq Biznes fakültəsinin 4-cü kurs tələbəsi Yuliya Dubrovnaya "Ölkənin aparıcı təhsil müəssisələrinin səviyyəsində təhsil sahəsində Ukrayna ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası gənclər siyasətinin meyarları", Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova "Avrointeqrasiya prosesinə ümummilli lider Heydər Əliyevin töhfəsi", Volqoqrad regional "İntegral" ictimai gənclər təşkilatının əlaqələndirilmə şurasının sədri Aleksandr Aleşeçkin "Gənclərin elmi və texniki yaradıcılığının inkişafında beynəlxalq əməkdaşlıq" mövzularında məruzələri dinlənilmişdir.

 

 

Azərbaycan.-2013.- 5 may.- S.2.