Azərbaycan Dövlət Teleqraf Agentliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə yubiley tədbiri keçirilmişdir

 

Mayın 4-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc-da) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə yubiley tədbiri keçirilmişdir.

Əvvəlcə AzərTAc-ın kollektivi müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olmuş, ümummilli liderin agentliyin binasındakı büstü önünə tər çiçəklər düzmüşlər.

Tədbirdə ulu öndərin və Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

AzərTAc-ın baş direktoru Aslan Aslanov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, eləcə də ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına diqqət və qayğısından bəhs edən geniş məruzə ilə çıxış etmişdir. "Məhz ulu öndərin uzaqgörənliyi və müdrikliyi nəticəsində müstəqilliyimiz və dövlətçiliyimiz qorunub saxlanmış, Azərbaycan dünyada öz layiqli yerini tutmuş, mövqelərini möhkəmlətmişdir", - deyən Aslan Aslanov əlavə etmişdir ki, ulu öndər ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. AzərTAc da hər zaman ümummilli liderin kütləvi informasiya vasitələrinə diqqət və qayğısından bəhrələnmişdir. Bu gün dünya informasiya məkanına çıxmış AzərTAc-ın qazandığı bütün uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli liderin müstəqilliyimizə əbədilik və dönməzlik xarakteri verən titanik fəaliyyəti xüsusi vurğulanmış, diqqətə çatdırılmışdır ki, ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz regionda lider dövlətə, beynəlxalq aləmdə isə söz və nüfuz sahibinə çevrilmişdir. 

Ulu öndərin 90 illik yubileyi ilə bağlı çıxışlarda vurğulanmışdır ki, zaman bizi Heydər Əliyev epoxasından uzaqlaşdırdıqca dahi rəhbərin böyüklüyü, liderlik xarizmasının əzəməti, onun dövlət quruculuğu fəlsəfəsinin mahiyyəti daha dərindən dərk edilir. Qeyd olunmuşdur ki, Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətini yaratmış, onun strateji inkişaf trendlərini müəyyənləşdirmişdir. Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş modernləşməyə əsaslanan milli inkişaf strategiyası geniş coğrafiyada yeni model kimi öyrənilir və tədqiq edilir.

Tədbirdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə AzərTAc-da keçirilmiş analitik yazı müsabiqəsinin və stolüstü oyunlar turnirlərinin qaliblərinə mükafatlar təqdim olunmuşdur.  

Sonda ümummilli liderin 90 illik yubileyi münasibətilə AzərTAc-ın multimedia və videoxəbər şöbəsi tərəfindən hazırlanmış "Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var" sənədli filmi nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.-2013.- 5 may.- S.3.