Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar orta ümumtəhsil məktəbləri və peşə liseyləri  şagirdləri arasında "Heydər Əliyev məktəblilərin gözü ilə" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

AzərTAc xəbər verir ki, mayın 4-də "Gülüstan" sarayında təşkil olunmuş mükafatlandırma mərasimində Milli Məclisin deputatları, ali məktəb rektorları, təhsil işçiləri və şagirdlər iştirak etmişlər.

Əvvəlcə ulu öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.

Təhsil naziri Mikayıl Cabbarov müasir müstəqil dövlətimizin memarı və qurucusu, dahi rəhbər Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən danışmışdır. Bildirmişdir ki, misilsiz idarəetmə istedadına malik olan ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olmuş, ən çətin məqamlarda ölkəmizin mənafeyi naminə böyük xilaskarlıq missiyasını üzərinə götürmüşdür.

Ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayan M. Cabbarov ümummilli liderin ideyalarının Prezident

İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişdir. Nazir ölkəmizdə təhsil üzrə reallaşdırılan Dövlət proqramlarının əhəmiyyətindən bəhs etmişdir.

Sonra müsabiqə barədə məlumat verilmişdir. Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə reallaşdırılan müsabiqədə respublikanın müxtəlif şəhər və rayonlarının orta ümumtəhsil müəssisələrinin və peşə liseylərinin şagirdləri iştirak etmişlər. Müsabiqə üç mərhələdə (məktəb, rayon (şəhər) və respublika mərhələlərində) aparılmış, yekun mərhələdə 108 nəfər iştirak etmiş, 90 nəfər qalib seçilmişdir.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin müstəsna tarixi rolundan danışmışdır. Dahi rəhbər Heydər Əliyev irsinin əhəmiyyətini vurğulayan Ə. Əhmədov ulu öndərin irsinin təhsil müəssisələrində daha da dərindən öyrənilməsinin zəruriliyini diqqətə çatdırmışdır.

Müsabiqə barədə fikirlərini bildirən Ə. Əhmədov demişdir ki, gənclər ümummilli liderin zəngin siyasi irsindən, parlaq ideyalarından bəhrələnməklə vətənpərvərliyi öyrənirlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ulu öndər Heydər Əliyevin gənclərə, onların təhsilinə böyük diqqət və qayğı göstərdiyini xatırlatmış, müdrik rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə dövlət başçısı İlham Əliyevin təhsilin inkişafına  böyük əhəmiyyət verdiyini bildirmiş, bu sahənin müasir dünyada mühüm rolundan bəhs etmişdir. 

Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təbrikini tədbir iştirakçılarına çatdırmışdır. Heydər Əliyev Fondunun Azərbaycanın tərəqqisi naminə reallaşdırdığı tədbirlərdən, layihələrdən bəhs edən İ. Mustafayev müsabiqənin əhəmiyyətini qeyd etmiş, qaliblərə təhsildə yeni nailiyyətlər arzulamışdır.

Sonra müsabiqə qaliblərinə mükafatlar təqdim olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 5 may.- S.3.