Təhsilimizin böyük himayədarı

 

Hər bir dövlətin müstəqilliyinin əbədiliyi, millətin firavanlığı və vətəndaş cəmiyyətinin demokratik inkişafının hamar yolu təhsildən əhəmiyyətli dərəcədə asılıdır. Bu mənada təhsil həm də elə bir ictimai hadisədir ki, cəmiyyətin keçəcəyi inkişaf yolu əksər hallarda bu sahəyə münasibətdən asılı olur. Odur ki, təhsilin bütün sivil cəmiyyətlərdə dövlətin təməl daşı və millətin gələcəyi kimi xarakterizə edilməsi təsadüfi deyil.

 

Respublikamızda da elm və təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu inkişafın əsası ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikamıza rəhbərliyə başlaması ilə qoyulmuşdur. Heydər Əliyevin qüdrətli sərkərdə, böyük dövlət xadimi olmaqla bərabər, həm də alovlu maarifpərvər kimi hakimiyyətə gəlişinin elə ilk günündən təhsilin inkişafına qayğını ön plana çəkməsi ilə özünü biruzə vermişdi. "Təhsil millətin gələcəyidir" - deyən ulu öndər təhsili cəmiyyətimizin inkişafının, xalqımızın daha xoşbəxt gələcəyinin məhək daşı kimi dəyərləndirərək bu sahəyə daim dövlət qayğısının zəruriliyini önə çəkmişdir.

Ulu öndər Heydər Əliyevin milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmış, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülmüşdür. Bu tədbirlər içərisində yeni məktəblərin tikilib istifadəyə verilməsi, köhnə məktəblərin yenidən qurulması, təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi də prioritetlər sırasındadır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ayrı-ayrı bölgələrdə təhsil infrastrukturunun yeniləşməsinə ciddi zəmin yaratmış, orta ümumtəhsil məktəblərinin bərpası və yenidənqurulması, habelə yeni məktəblərin tikintisi prosesi geniş vüsət almışdır.

Bütövlükdə, 2003-cü ildən indiyədək Azərbaycanda 2300-dən çox yeni məktəb binasının tikilməsi, əsaslı təmiri və müasir avadanlıqlarla, o cümlədən kimya və fizika laboratoriyaları ilə təmin edilməsi, bütün məktəblərdə kompyuter siniflərinin yaradılması təhsil tariximizdə ən əlamətdar hadisələrdən olmuşdur.

Azərbaycanda təhsil sahəsində həyata keçirilən dövlət siyasətinə Heydər Əliyev Fondu da özünün dəyərli töhfələrini verməkdədir. Heydər Əliyev Fondunun milli təhsilimizin inkişafı ilə bağlı həyata keçirdiyi layihələr nəinki təhsil işçilərinin və şagirdlərin, bütün ölkə ictimaiyyətinin dərin rəğbətinə səbəb olmuşdur. Azərbaycan cəmiyyətində hər kəs üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin zəruri biliklərə yiyələnməsini, milli təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasını əsas fəaliyyət meyarlarından biri kimi müəyyənləşdirmiş Heydər Əliyev Fondunun prezidenti,

UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi missiya isə cəmiyyətimizdə yeni bir ənənənin əsasını qoymaqdadır. Bu ənənə ilk növbədə Azərbaycanın sosial-iqtisadi yüksəlişinin ölkəmizin mədəni tərəqqisinə, ictimai şüur səviyyəsinin yüksəlişinə yönəlməsi zərurətindən çıxış edir.

Ümumiyyətlə, Heydər Əliyev Fondunun geniş spektri əhatə edən fəaliyyəti, həyata keçirdiyi çoxşaxəli layihələr hər bir azərbaycanlıya yaxşı məlumdur. Fondun məqsədi ulu öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin tədqiqinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi üçün Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqramları, o cümlədən elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid layihələri gerçəkləşdirmək, milli-mənəvi dəyərlərə sadiq gənclər yetişdirmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, milli mədəniyyətimizi təbliğ etmək, mənəvi dəyərlərimizi yaşatmaqdır. Milli Məclisin deputatı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-ictimai tədbirlər xalqımızın, dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənmişdir. Heydər Əliyev Fondu ümummilli liderin ideyalarına sadiq qalaraq bu istiqamətlərdə məqsədyönlü işləri ardıcıl davam etdirməkdədir. Zəngin mədəni irsimizin dünyada tanıdılması, təhsil, səhiyyə və mədəniyyət sahələrində əhəmiyyətli layihələri gerçəkləşdirməklə Fond qısa müddətdə bütün cəmiyyətin diqqətini cəlb etmişdir.

Ölkəmizin inkişafında, dünyaya inteqrasiyasında təhsilin rolunun əvəzsiz olduğunu nəzərə alan Heydər Əliyev Fondu bu sahədə son illərdə bir neçə irimiqyaslı layihə hazırlamış və uğurla həyata keçirmişdir. Bunlardan ən mühümü ölkəmizdə çox böyük əks-səda doğurmuş "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. 2005-ci ildən həyata keçirilən proqramın əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir.

Proqram çərçivəsində 2005-2012-ci illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi vardır.

Heydər Əliyev Fondunun təhsildə həyata keçirdiyi proqram və layihələr öz coğrafiyasına görə bütün ölkəni əhatə etmişdir. Fərəhlə qeyd etməliyik ki, Ağdam rayonunda təhsilin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var.

Son illərdə ağdamlı məktəblilər üçün rayonun Səfərli kəndində 180 yerlik tam orta məktəb, Şəki şəhərindəki köçkünlər qəsəbəsində 300 yerlik 29 saylı Ağdam tam orta məktəbi, Bakının Müşfiqabad qəsəbəsində 1296 yerlik Ağdam 33 saylı köçkün tam orta məktəbi, Mingəçevir şəhərində 480 yerlik Ağdam 52 saylı köçkün tam orta məktəbi inşa olunmuşdur. 300 yerlik Alıbəyli, 560 yerlik Hacıturalı, 640 yerlik Qaradağlı və 560 yerlik Çəmənli kənd tam orta məktəbləri isə əsaslı təmir edilmişdir. Hazırda Baharlı və Həsənxanlı kənd tam orta məktəblərinin yenidən tikilməsi və əlavə 8 məktəbin əsaslı təmir olunması üçün aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılmışdır.

2012-2013-cü dərs ili Ağdamın 142 ümumi təhsil məktəbində 18 min 368 nəfər şagird təhsilə cəlb edilib. Onların təlim tərbiyəsi ilə 3012 nəfər müəllim məşğul olur. Şagirdlərimizin müasir informasiya texnologiyalarını dərindən mənimsəmələri üçün 476 ədəd kompyuter onların istifadəsinə verilmişdir.

Qeyd etmək istəyirəm ki, xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında Təhsil Nazirliyinin 19 iyun 2009-cu il tarixli əmrinə müvafiq olaraq Ağdamda istedadlı şagirdləri əhatə edən "məlumat bankı" yaradılmışdır. Belə şagirdləri aşkar etmək üçün dekabr-yanvar aylarında fənn olimpiadaları mütəşəkkil keçirilib. Qaliblərdən 1 nəfər riyaziyyat, 1 nəfər biologiya, 1 nəfər Azərbaycan tarixi, 2 nəfər dil-ədəbiyyat fənlərindən fənn olimpiadaları respublika mərhələsində iştirak edib. Riyaziyyat fənni üzrə rayonu təmsil edən 23 saylı köçkün tam orta məktəbin IX sinif şagirdi Musayev Sadiq Mübariz oğlu respublika mərhələsində IV yeri tutub.

Rayon üzrə şagirdlərin intellekt səviyyəsini yüksəltmək üçün 5 bölgə üzrə bilik yarışı keçirilib, qalib komandalar mükafatlandırılmışdır. Tədrisin səviyyəsini yüksəltmək üçün 5 bölgədə açıq dərslər təşkil olunmuş, ətraf ixtisas müəllimləri açıq dərsə dəvət edilmiş, geniş müzakirə keçirilmişdir. Şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərimizdən 12 nəfəri "Əməkdar müəllim"dir. 8 müəllimimiz "Tərəqqi" medalı, 5 müəllim isə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir. Müəllimlərimz hər il "İlin ən yaxşı müəllimi" müsabiqəsində də müvəffiqiyyətlə iştirak edirlər. Ölkənin hər yerində olduğu kimi, Ağdamda da fəaliyyət göstərən məktəblərdə ibtidai siniflərdə dərs deyəcək müəllimlər üçün kurikulum proqramı üzrə öyrədici kurslar təşkil edilir, I-V siniflərdə dərs deyəcək müəllimlər təlim kurslarından keçirilirlər.

Onu da xatırladaq ki, ötən dərs ilində tam orta təhsili başa vuran ağdamlı məzunlardan 221 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşdur. Bu, əvvəlki illərdən çoxdur. Məzunlardan 6 nəfəri 600 bal, 25 nəfəri isə 500 baldan çox toplamışdır.

Rayonun çox hissəsinin işğal altında olması, ümumilikdə ölkəmizin müharibə şəraitində yaşaması nəzərə alınaraq məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində müsbət işlər görülmüşdür. Bu məqsədlə "Cəsurlar" və "Şahinlər" hərbi idman komandaları arasında yarışlar keçirilir. 5 ildən artıqdır ki, rayonun 52 saylı məktəbinin komandası zona yarışlarında birinci yeri tutur.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük əzmlə həyata keçirilən strateji inkişaf kursunun uğurları sayəsində milli təhsil ənənələrimiz daha da möhkəmlənir. Azərbaycan vətəndaşlarının mədəni-intellektual potensialının yüksəlməsi, təhsilin keyfiyyətcə dəyişərək yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün dövlət səviyyəsində gərək olan bütün addımlar atılır. Dünyanın ən inkişaf etmiş ölkələrinin qabaqcıl təcrübəsi Azərbaycanda tətbiq edilir. Bu sahədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr isə ümummilli liderin ideyalarının həyata vəsiqə qazanmasının təcəssümüdür.

 İnanırıq və əminik ki, Azərbaycanın işğal altında olan əraziləri tezliklə azad ediləcək və bütün işğal olunmuş rayonların, o cümlədən Ağdamın orta məktəblərinin hamısı rayonumuzda fəaliyyət göstərərək təhsilin inkişafına yeni-yeni töhfələr verəcəklər.

 

 

Elmira ŞÜKÜROVA,

Ağdam rayon təhsil şöbəsinin müdiri

 

Azərbaycan.-2013.- 5 may.- S.8.