İdmançıların hamisi

 

Müstəqilliyimizin bərpasının ilk illərində ölkənin düşdüyü böhranlı vəziyyət idmandan da yan keçməmişdi. Böhranlı vəziyyət bu sahəni də tənəzzülə uğratmışdı. Diqqətsizlik və laqeyd münasibət idman komplekslərinin dağılmasına, tanınmış idmançılarımızın başqa dövlətlərin bayraqları altında beynəlxalq yarışlarda iştirakına, bir sözlə, ölkənin idman potensialının məhvinə gətirib çıxarmışdı. İdman sanki unudulmuş sahələrdən birinə çevrilmişdi.

Amma ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkədə idmana münasibət kökündən dəyişdi. Azərbaycan xaosanarxiya girdabından çıxdığı kimi idmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Gənclər, bədən tərbiyəsi və idman sahəsində yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Məhz Heydər Əliyevin sayəsində tezliklə Azərbaycanda idmanın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edildi. İdmançılarımız ən mötəbər yarışlardan vətənə qızıl medallarla qayıtmağa başladılar. Qısa zaman kəsiyində Azərbaycan idmançılarının qazandığı qızıl medalların sayı 70 illik sovet dövründə qazandığımız qızıl medalların sayını ötüb keçdi.

Ulu öndər ölkə həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər sırasında idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirirdi: "Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtmaqdan ibarətdir".

Azərbaycanda  Olimpiya hərəkatı da Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başladı. Bu hərəkatın genişlənməsinin də təşəbbüskarı və ilhamçısı ulu öndər idi.  1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə cənab İlham Əliyevin seçilməsi Azərbaycanda idman siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlərə start verildi.

Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatları rəhbərlərinin diqqətindən yayınmamış, məhz onların istəyi ilə Azərbaycanda onlarca Olimpiya lisenziyalı beynəlxalq turnirlər keçirilmişdir. 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi də tarixi hadisədir. Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir.

 Həqiqətən də, idmana dövlət qayğısının artması gənc nəslin sağlam ruhda tərbiyəsində, respublikamızda idmanın kütləviləşməsində və Olimpiya hərəkatının genişlənməsində mühüm rol oynamışdır. Bunu bir vaxtlar maddi çətinliklər ucbatından respublikamızı tərk etmiş çoxlu sayda idmançıların vətənə qayıtmaları, üçrəngli bayrağımız altında beynəlxalq yarışlara çıxmaları da sübut edir. Prezident İlham Əliyevin Olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını zalda izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir.

Mənim də idmançı kimi yetişməyimdə ulu öndər Heydər Əliyevin böyük rolu olmuşdur. Bu qayğı sayəsində peşəkar idmana qədəm qoyub, Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərliyi illərində ilk dəfə dünyaAvropa miqyaslı ağırlıqqaldırma yarışlarının qızıl mükafatçısı olmuşam. Ölkəmizin adını beynəlxalq idman arenalarında ucaltmaqla yanaşı, özümü həm də ona görə xoşbəxt sayıram ki, həyatda ulu öndərlə görüşmək mənə də qismət olub. Vaxtilə Heydər Əliyev təhsil aldığım İqtisad Universitetinə gəlmişdi. Həmin vaxt mənə də dahi şəxsiyyətlə görüşmək müyəssər oldu. Heydər Əliyev qazandığım nailiyyətlərlə maraqlandı, müdirk tövsiyələrini verdi və mənə yeni qələbələr arzuladı. Bu, həyatımın ən xoş və həyəcanlı anı idi. Həmin görüşdən sonra bir idmançı kimi üzərimdə daha böyük məsuliyyətin dayandığını hiss etdim.

Ağırlıqqaldrımanın pauerliftinq növü üzrə yalnız peşəkarlar məşğul olur. Bu idman növü Olimpiya oyunlarına daxil edilməsə də, bütün dünyada, o cümlədən ölkəmizdə xeyli populyardır. Məhz dövlətin idmanın bütün növlərinə diqqət və qayğısının nəticəsidir ki, ölkəmizdə yalnız Olimpiya idman növləri deyil, bütün idman növləri sürətlə inkişaf edir. Sovet dövründə pauerliftinqlə demək olar ki, məşğul olmurdular. Amma dövlət müstəqilliyi bərpa olunandan bir neçə il sonra dünyada geniş yayılan bu idman növü Azərbaycanda da gənclər aransında populyarlaşdı. Bu idman növünün ABŞ-da yaranmasına, xüsusən, qaradərili idmançıların bu sahədə hegemonluq edərək uzun müddət çempionluq titullarını özləri üçün təmin etmələrinə rəğmən Azərbaycan idmançıları tezliklə pauerliftinq idman növü üzrə reytinq cədvəlində liderliyi ələ keçirdi. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan pauerliftinqçilərinin qazandığı ilk böyük nailiyyətlər məhz Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərliyi illərinə təsadüf edir.

Bu gün ölkədə pauerliftinq idman növündə böyük nailiyyətlər qazanmış idmançılarımız var. Onların bir qismi artıq bu idman növü üzrə veteran, bir qismi isə hələ beynəlxalq yarışlarda mübarizəsini davam etdirib nailiyyətlərini artıran peşəkarlardır. Eyni zamanda, bu gün ölkədə pauerliftinqlə məşğul olan yeni nəsil yetişir. Biz də gənc idmançılara öz töhfələrimizi verir, daim onlara çempion olmağın sirlərini öyrədirik.

İdmançı üçün ən böyük nailiyyət yarışın ən ali mükafatını alıb və ən yüksək pilləyə qalxmaqla bərabər, öz ölkəsinin himnini səsləndirməsi, bayrağını ucaltmasıdır. Heydər Əliyev də biz idmançılardan bunu gözləyirdi. Öz həyatımda dəfələrlə belə anları yaşayıb, ulu öndər Heydər Əliyevin göstərdiyi etimadı doğrultduğum üçün özümü həm xoşbəxt hiss edir, həm də mənəvi rahatlıq hissi keçirirəm.

 

 

Vüqar NAMAZOV,

Ağırlıqqaldırmanın pauerliftinq

növü üzrə dünya və Avropa çempionu

 

Azərbaycan.-2013.- 5 may.- S.9.