Müasir Azərbaycan dövlətinin qurucusu

 

Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur. O, iki əsrin, iki minilliyin qovşağında fəaliyyət göstərmiş nadir şəxsiyyətlərdən biri, parlaq zəka sahibi, türk dünyasının görkəmli siyasi lideri olmuşdur. Dünyada onun fenomen şəxsiyyət olması, idarəçilik istedadı, tükənməz enerjisi, işgüzarlığı, qətiyyəti, böyük siyasətçi məharəti dünyanın nüfuzlu dövlət xadimləri tərəfindən də etiraf olunur.

Ulu öndər Heydər Əliyev bu gün həm də müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu kimi çağdaş tariximizə möhürünü vurmuşdur. Böyük strateqin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsi istiqamətində cərəyan edən proseslərin önündə getdiyini birmənalı olaraq təsdiqləyən faktlar kifayət qədərdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə qətiyyən biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qazanılması və milli  özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Naxçıvanda ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, muxtar respublikada SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun boykot edilməsi və digər mühüm hadisələr bunun əyani təsdiqidir.

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də, həmin dövrdə hakimiyyətdə olan naşı və səriştəsiz qüvvələr ölkənin keyfiyyətcə yeni mərhələdə üzləşdiyi problemlərin öhdəsindən gələ bilməmişlər. Nəticədə Azərbaycanda iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı.

1991-1993-cü illlərin böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı indi böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. 1993-cü ilin iyununda xalqın tələbi ilə Bakıya qayıdan Heydər Əliyev böyük qətiyyət və bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin bərpasına, qanunçuluğunhüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuşdur. İyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratmışdır. Beləliklə də, 15 iyun tarixi Azərbaycanın böyük faciə və dəhşətlərdən qurtulmasının rəmzi ifadəsinə çevrilmiş, xalqımızın qəlbində özünə Qurtuluş Günü kimi möhkəm yer tapmışdır. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur.

Azərbaycan dövlətini qurmaq, xalqa azadlıq və demokratiya vermək, ölkəmizin bütün sahələrdə dirçəlişini, sürətli dinamik inkişafını, dünya birliyi ölkələri arasında nüfuz qazanmasını təmin etmək sahəsində ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olmuşdur. Dünyada baş verən siyasi hadisələrə fəal reaksiya vermək, yeni neft strategiyasını reallaşdırmaq üçün "Əsrin müqaviləsi"nə imza atmaq, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişini təmin etmək və dünya azərbaycanlılarının həmrəyliyini möhkəmlətmək digər uğurlu işlər Heydər Əliyev siyasətinin bariz ifadəsidir.

Heydər Əliyev fenomen yaddaşa, fəlsəfi və siyasi dünyagörüşünün dərinliyinə, parlaq nitqinə, güclü fəhminə görə nüfuz qazanmış, xalqın sevimlisinə çevrilmişdir. Bu dahi insanda dövrü, zamanı, tarixi prosesləri qabaqlamaq, uzaqgörənlik bacarığı güclü idi. Bütün bunlar ona imkan verirdi ki, müstəqil dövlət quruculuğunu başa çatdırsın, ölkənin siyasi və iqtisadi islahatlarını təmin etsin, uğurlu xarici siyasət aparsın.

Ulu öndər Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında nüfuzlu dövlətə çevrilməsini təmin edib. Cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ötən 10 ildə ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə yüksəliş əldə olunub, regionların inkişafına geniş imkanlar yaradılıb, yeni iş yerləri açılıb, sosialyönümlü obyektlər tikilib, infrastruktur müasirləşdirilib. Dinamik inkişafın, tarixin müasir mərhələlərinin yüksək uğurlarla, iqtisadi göstəricilərlə təmin edilməsində dövlət başçısının imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əhəmiyyəti olduqca böyükdür. Bütün regionların fəaliyyətinin inkişaf istiqamətində idarəetmə mexanizminin bariz nümunəsidir.

Azərbaycanın bütün guşələrində müşayiət olunan sürətli inkişaf Sumqayıtın timsalında da aydın görünür. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Sumqayıt şəhərinin müasirləşməsi, gözəlləşməsi üçün mühüm addımlar atmışdır. Bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyev də Sumqayıt şəhərinin daha da müasirləşməsi və inkişafı üçün ardıcıl tədbirlər həyata keçirir. Son illər həyata keçirilən irimiqyaslı layihələr, yeni yaradılan sənaye müəssisələri, məktəb və uşaq bağçaları, çoxsaylı geniş parklar, idman və sağlamlıq mərkəzləri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş çoxmərtəbəli binaların ucaldılması, dənizkənarı bulvarın yenidən qurulması və s. sahələrdə aparılan işlər hər birimizdə böyük qürur hissi yaradır. Cənab Prezident son iki ildə Sumqayıta dörd dəfə səfər etmiş və görülən işlərlə yaxından tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir. 2012-ci ilin aprel və dekabr aylarında Prezidentin şəhərimizə səfəri sumqayıtlılar üçün yaddaqalan bir gün, tarixi hadisə oldu.

Xalqın sosial sifarişi əsasında Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı 2003-cü ilin oktyabrından üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini dövlətimizin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına, dövlətinə necə bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir.

 

 

Nadir QƏHRƏMANOV,

Sumqayıt Dövlət Universitetinin rektoru,

 fizika-riyaziyyat elmləri doktoru, professor

 

Azərbaycan.-2013.- 5 may.- S.9.