«Financial Times» qəzeti: Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir

 

Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Bir neçə il fəal müharibə vəziyyətində olan bu ölkə hazırda regionda öz mövqeyini xeyli möhkəmləndirmişdir.

AzərTAc xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın nüfuzlu "Financial Times" qəzetində dərc edilmiş "ARDNŞ-in Avropa ambisiyaları vardır" sərlövhəli məqalədə əksini tapmışdır. 

Məqalənin müəllifi Endryu Makdoval Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tarixi, uğurlu fəaliyyəti haqqında oxuculara ətraflı məlumat verir. ARDNŞ-in Avropaya enerji təchizatının şaxələndirilməsi işində əsas rol oynadığını vurğulayan müəllif diqqətə çatdırır ki, İkinci Dünya müharibəsində qələbənin əldə edilməsində Azərbaycan nefti mühüm rol oynamışdır.

Məqalədə qeyd edilir ki, 1994-cü ildə dünyanın 8 ölkəsinin BP də daxil olmaqla ən məşhur neft şirkətlərinin iştirak etdiyi "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanda neft sənayesi xarici investisiya üçün açıq elan edildi.

Bildirilir ki, 2011-ci ilin sonunda Azərbaycanda kəşf edilmiş neft ehtiyatlarının həcmi 7 milyard barel olmuşdur. Bu isə dünya neft ehtiyatlarının 0,4 faizi deməkdir. Gündəlik hasilat 931 min barel təşkil etmişdir. Təbii qaz ehtiyatlarının həcmi isə 1,3 trilyon kubmetr və ya dünya qaz ehtiyatlarının 0,6 faizi həcmində olmuşdur.

Müəllif ARDNŞ prezidentinin müşaviri Murad Heydərova istinadən yazır ki, Avropaya yeni qaz təchizatı yollarının müəyyənləşdirilməsinə kömək etmək şirkətimizin strateji prioritetlərindən biridir. Ancaq bu məsələdə Qərbin vahid mövqeyi yoxdur. Onlar gah bu, gah da digər layihələrlə bağlı müzakirələr aparır, təkliflər irəli sürür, lakin konkret qərara gələ bilmirlər. ARDNŞ isə bu məsələdə qərarın tez qəbul olunmasının və konkret layihə üzərində işin başlanmasının tərəfdarıdır.

 

 

Azərbaycan.-2013.- 5 may.- S.11.