Bahar Muradova ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə nümayəndə heyəti ilə görüşüb

 

Milli Məclisin Sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova mayın 6-da ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soaresin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanın ATƏT-in Parlament Assambleyası ilə münasibətləri müzakirə olunub.

Bahar Muradova bildirib ki, cənab Joao Soares ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edildikdən sonra Azərbaycana səfəri gözlənilən idi: "Biz ATƏT-ə və onu təmsil edən nümayəndələrinə çox hörmətlə yanaşırıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda da ATƏT-in rolunu xüsusi qiymətləndiririk. Bu gün Azərbaycanın qaçqın və məcburi köçkünləri sizin işğal olunmuş ərazilərə, cəbhə bölgələrinə səfərlərinizi səbirsizliklə gözləyirlər. Ən azından öz problemlərini, gündəlik həyat tərzlərini göstərməyə çalışırlar".

Bahar Muradova bildirdi ki, Azərbaycan nəinki öz problemlərini dünyaya çatdırır, hətta qlobal problemlərin də həllində öz mövqeyini ortaya qoyur. Bu istiqamətdə ATƏT-lə əməkdaşlığın xüsusi əhəmiyyəti var.

ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soares isə öz növbəsində Azərbaycanı dost ölkə kimi qiymətləndirdi. Bildirdi ki, burada özlərini evlərindəki kimi hiss edirlər: "Mən Azərbaycanın ATƏT Parlament Assambleyasındakı İşçi Qrupunun fəaliyyətini olduqca yüksək dəyərləndirirəm. Siz ATƏT-in Parlament Assambleyasında həqiqətən böyük hörmət sahibisiniz".

 

 

Azərbaycan.-2013.- 7 may.- S.10.