Prezident Kitabxanası ilə AzərTAc-ın
ümummilli lider Heydər
Əliyevin 90
illik yubileyi ilə bağlı fotolar və nəşrlərdən
ibarət birgə sərgisi açılmışdır
Mayın
6-da Prezident Kitabxanası ilə Azərbaycan Dövlət
Teleqraf Agentliyinin (AzərTAc-ın) ümummilli lider Heydər Əliyevin
90 illik yubileyi ilə bağlı fotolar və nəşrlərdən
ibarət birgə sərgisi açılmışdır.
"Heydər Əliyev-90" devizi
altında keçirilən açılış mərasiminin
iştirakçıları əvvəlcə Prezident
Kitabxanasının foyesində ümummilli liderin büstü
önünə tər güllər düzmüş, sonra isə
konfrans zalında foto və nəşrlərin sərgisi ilə
tanış olmuşlar.
Ümummilli
lider Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında xidmətlərindən söz açan
kitabxananın direktoru Mayıl Əhmədov demişdir ki, dahi
şəxsiyyətlərin böyüklüyü zaman
keçdikcə daha aydın görünür, onların qədr-qiymətini
xalq özü verir. Azərbaycanın dövlətçilik
tarixinə adı qızıl hərflərlə həkk
olunan Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.
Ümummilli lider adını qazanan Heydər Əliyevin anadan
olmasının 90 illiyi ərəfəsində onun Azərbaycan
tarixinin tam bir qərinəlik dövründə
gördüyü nəhəng quruculuq işləri bir daha
xatırlanır, xilaskarlıq missiyası göz önündə
sərgilənir. Görkəmli şəxsiyyətlərin
irsi, onların həyat və fəaliyyətləri dövlət
quruculuğu sayəsində zəruri addımların
atılmasında, siyasi xəttin düzgün müəyyənləşdirilməsində
kompas rolunu oynayır. Bu baxımdan Heydər Əliyev irsi hər
bir azərbaycanlı üçün daim öyrəniləsi
bir məktəbdir.
Mayıl
Əhmədov daha sonra bildirmişdir ki, bu gün istənilən
mövzudan söhbət açarkən Heydər Əliyev
irsinə müraciət etməklə yaxın
keçmişimizin real mənzərəsini göz
önündə tam canlandırmaq mümkündür.
Bunları nəzərə alaraq 2008-ci ildə Prezident
Kitabxanasında "Heydər Əliyev. Elektron sənədlər
toplusu" yaradılmışdır. Ümummilli liderin anadan
olmasının 90 illiyi ərəfəsində yeni materiallarla
zənginləşdirilən həmin topluda Heydər Əliyevin
Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə
AzərTAc tərəfindən yayılan
çıxışları, nitqləri, müsahibələri,
bəyanatları və müraciətləri illər üzrə
qruplaşdırılmışdır. Həmçinin elektron
topluya "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir"
seriyasından indiyədək çap edilən kitabların
(42 kitab) elektron versiyası da daxil edilmişdir. Ulu öndər
Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik
etdiyi dövrdə tariximizə və mədəniyyətimizə
aid məruzə və çıxışlarından,
müsahibələrindən seçmələr, eləcə
də Heydər Əliyevin həyat və fəaliyyətinə
dair yazılan, Azərbaycan, rus və ingilis dillərində
çap edilən seçmə kitabların elektron
versiyaları da həmin elektron resursda yer almışdır.
Qeyd
edilmişdir ki, dövri mətbuatda ümummilli lider
haqqında hər il yüzlərlə məqalə dərc
edilir. Elmi-nəzəri əhəmiyyət kəsb edən və
Heydər Əliyevin müasirlərinin qələmə
aldıqları seçmə məqalələrin tam mətnləri
və Prezident Kitabxanasının fonduna daxil olan müxtəlif
dillərdə çap edilən kitabların,
avtoreferatların və məqalələrin biblioqrafiyası
da ayrıca olaraq oxucuların ixtiyarına verilmişdir.
Tədbirdə
çıxış edən AzərTAc-ın baş direktoru
Aslan Aslanov bu günlərdə xalqımızın, dünya
azərbaycanlılarının ümummilli lideri, müstəqil
dövlətçiliyimizin qurucusu, Azərbaycanın XX əsrdə
yetirdiyi dahi şəxsiyyət Heydər Əliyevin anadan
olmasının 90-cı ildönümünü böyük
ruh yüksəkliyi ilə qeyd etdiyini, onun xalq, Vətən
qarşısındakı xidmətlərinin bir daha
xatırlandığını, ulu öndərin əziz xatirəsinin
dərin ehtiramla yad olunduğunu diqqətə
çatdırmışdır. Heydər Əliyevin mübarizələrlə
dolu bütün mənalı ömrü canından artıq
sevdiyi xalqına, Vətəninə xidmətə həsr
olunmuşdur.
Baş
direktor vurğulamışdır ki, ulu öndər
çıxışlarından birində deyirdi: "Mən həyatım
boyu, bütün əmək fəaliyyətim dövründə
ancaq xalq üçün, insanlar üçün
düşünmüşəm, xalq üçün
yaşamışam, insanlar üçün
yaşamışam". İlk baxışda adi görünən
bu sözlərin arxasında dahi şəxsiyyətin
mübarizələrlə dolu, dinclik, istirahət nə
olduğunu bilməyən uzun bir ömrü dayanır. Elə
bir ömür ki, hər günü, hər ayı, hər ili
bütün varlığı ilə sevdiyi, bağlı
olduğu xalqına, Vətəninə misilsiz xidmət
nümunəsidir.
Bildirilmişdir
ki, 34 illik bir dövrdə siyasi hakimiyyətin zirvəsində
olan Heydər Əliyevi xalqımızın bəxtinə
düşmüş Tanrı payı adlandıranlar, onu Corc
Vaşinqton, Franklin Ruzvelt, Uinston Çörçill, Şarl
de Qoll, Konrad Adenauer kimi görkəmli dövlət xadimləri
ilə müqayisə edənlər, ulu öndərin hələ
sağlığında canlı əfsanəyə
çevrildiyini yazanlar və deyənlər heç də
yanılmırlar. Heydər Əliyev elə xoşbəxt
taleli şəxsiyyətlərdəndir ki, həm
sağlığında, həm də vəfatından sonra
dünyanın ən sayılıb-seçilən dövlət
xadimləri və siyasətçiləri onun haqqında
çox dəyərli fikirlər söyləmişlər.
Türkiyənin keçmiş Baş naziri Bülənd
Ecevit Heydər Əliyevi
"min ildən bir yetişən dahi", Rusiya Prezidenti
Vladimir Putin "siyasət nəhəngi", sabiq ABŞ
konqresmeni Qreq Laflin "Mərkəzi Asiyanın Corc
Vaşinqtonu", məşhur qırğız
yazıçısı Çingiz Aytmatov "həm tarixi, həm
də əfsanəvi şəxsiyyət"
adlandırmışlar. Fransanın sabiq Prezidenti Jak Şirak
ulu öndər haqqında demişdi: "Azərbaycanın bəxti
onda gətirib ki, bu ölkəyə Heydər Əliyev kimi
böyük siyasi iradəyə, zəngin dövlətçilik
təcrübəsinə malik müdrik, uzaqgörən və
nüfuzlu dövlət xadimi rəhbərlik edir". Bu
baxımdan Fransada nəşr olunan "Kuryer
İnternasional" jurnalının baş redaktoru Aleksandr
Adlerin aşağıdakı fikirləri də çox ibrətamizdir:
"Tanrı bu şəxsiyyəti təkcə öz
xalqına deyil, həm də başqa xalqlar üçün
son dərəcə mürəkkəb bir tarixi məqamda
göndərmişdir. O, bir sıra ciddi böhranlar
keçirmiş və onları dəf etmişdir. O,
bütün bunlara mətanətlə sinə gərmiş və
onu mənən və cismən məhv etmək
üçün göstərilmiş bütün cəhdlərə
baxmayaraq, daha yüksəklərə
qalxmışdır".
Tədbirdə Prezident Kitabxanasının şöbə müdiri Zakir İsmayılov ulu öndərin zəngin irsinin gələcək nəsillərə çatdırılmasında sərginin və kitabxanada yaradılmış "Heydər Əliyev. Elektron sənədlər toplusu"nun əhəmiyyətindən danışmışdır.
Prezident
Kitabxanasının elmi katibi Kəmalə Sarıcalinskaya AzərTAc-a
müsahibəsində sərginin təşkilinə görə
agentliyin rəhbərliyinə minnətdarlığını
bildirmiş və ümummilli liderin ömür salnaməsini əks
etdirən sərgidə dahi şəxsiyyətə aid
müxtəlif nəşrlərin və onun həyatının
müxtəlif anlarını əks etdirən fotoşəkillərin
oxucularda böyük maraq doğurduğunu
vurğulamışdır.
Azərbaycan.-2013.- 7 may.- S.11.