Fransada nəşr olunan jurnal bir nömrəsini bütünlükdə Azərbaycana həsr etmişdir

 

Son illərdə müstəqillik əldə edən gənc Azərbaycan dövlətinin sürətli inkişafı dünya mətbuatının diqqət mərkəzindədir. Müxtəlif ölkələrin, o cümlədən Fransanın kütləvi informasiya vasitələrində Prezident İlham Əliyevin apardığı uğurlu daxilixarici siyasət nəticəsində ölkəmizin Cənubi Qafqaz bölgəsində lider və aparıcı dövlət olması, beynəlxalq aləmdə imicinin yüksəlməsi, inkişaf etmiş nəhəng ölkələr arasında söz sahibinə çevrilməsi, eləcə də qədim tariximiz, zəngin mədəniyyət və incəsənətimiz ilə bağlı məqalələrə vaxtaşırı rast gəlinir.

Parisdə nəşr olunan "Diplomatiya" ("Diplomatie") jurnalının  xüsusi nömrəsinin bütünlükdə Azərbaycana həsr olunması bunun bariz nümunəsidir.

Jurnalda Qafqazın mirvarisi olan Azərbaycanın tarixindən, geosiyasi mövqeyindən, diplomatiyasından, iqtisadiyyatından və digər sahələrindən bəhs edən materiallar dərc olunmuşdur.

Jurnalın ilk səhifələrində Fransa Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun tədqiqatçıları EmilEmin Kərimov qardaşlarının "Azərbaycan: tarixi eskizlər" yazısı yer almışdır. Məqalədə ölkəmizin eramızdan əvvəldən başlayaraq XX əsrə qədər olan dövrü əhatə edən tarixindən bəhs edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ilə müsahibə "Azərbaycanın geosiyasəti" başlığı altında verilmişdir. Məqalədə Azərbaycanın NATO ilə əməkdaşlığına, Xəzər dənizinin statusuna, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə əlaqədar 2009-cu ildə İsveçrənin Sürix şəhərində imzalanan protokollara Azərbaycanın münasibəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun iştirakı ilə 2010-cu ildə müzakirə olunan "Madrid prinsipləri"nə, azərbaycanlı zabitin azadlığa buraxılmasına dair fikirlər öz əksini tapmışdır.

Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun  "Ermənistan ilə Azərbaycan arasında müharibə" başlıqlı məqaləsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri və müxtəlif arqumentləri barədə fransız oxuculara ətraflı məlumat verilmişdir.

Fransalı tədqiqatçı Pyer Conesanın məqaləsində "böyük Ermənistan imperiyası" xülyasına qapılan ermənilərin və beynəlxalq ictimaiyyət tərəfindən terrorçu təşkilat kimi tanınan ASALA-nın azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarından, xüsusilə XX əsrin qanlı səhifələrindən biri olan Xocalı faciəsindən bəhs edilmiş, Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmək niyyəti güdən Ermənistan tərəfindən Dağlıq Qarabağona bitişik 7 Azərbaycan rayonunun işğal edilməsi ətraflı təhlil olunmuşdur.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun "Azərbaycan, Avropa və Fransa" sərlövhəli məqaləsində Avropa və Asiya qitələri arasında yerləşən Azərbaycanın zəngin mədəniyyətindən, dünya elminə, mədəniyyətinə və ədəbiyyatına bəxş etdiyi dühalardan, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətdən,  Fransa-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsində Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə ölkəmizi Fransada tanıtmaq istiqamətində həyata keçirilən tədbirlərdən, ölkəmizin müxtəlif nüfuzlu beynəlxalq təşkilatlara üzv olmasından, Azərbaycan iqtisadiyyatının inkişafından,  Bakı-Tbilisi-Ceyhan neft kəmərindən və digər məsələlərdən söhbət açılmışdır.

Fransanın Orn departamentinin Leql şəhərinin meri Tierri Pino ilə müsahibə jurnalda "Leql-Naftalan" başlığı ilə dərc olunmuşdur. Mer Fransa ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın  inkişaf etdiyini, ölkəmizin güclü iqtisadi potensiala malik olduğunu,  Leql şəhəri ilə Azərbaycanın Naftalan şəhərinin qardaşlaşmasının iki xalq arasında dostluq əlaqələrinin daha da inkişaf etməsi və möhkəmlənməsinə bir töhfə olduğunu vurğulamışdır.

"Fransa-Azərbaycan diplomatik əlaqələri" - Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə müsahibə belə adlandırılmışdır. Səfir Fransa ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyinin təntənəli şəkildə qeyd edilməsindən, Fransanın 1991-ci il dekabrın 30-da Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olmasından, Azərbaycanın demokratik islahatlar yolu tutmasından, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrdən birinin Fransa olmasından, Azərbaycanda Fransanın bir çox şirkətlərinin fəaliyyət göstərməsindən, fransız müəssisələri ilə Azərbaycan müəssisələri arasında müştərək layihələrin həyata keçirilməsindən  və ölkələrimiz arasında digər əlaqələrdən söhbət açmışdır.

Jurnalda dərc olunan "Qafqazda strateji əməkdaşlıq " yazısında  keçmiş nəqliyyat naziri, Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Tierri Mariani Cənubi Qafqaz xalqları arasında spesifik geosiyasi əməkdaşlıqdan danışmış, enerji təhlükəsizliyi sahəsində 2006-cı il noyabrın 7-də Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumunun imzalandığını xatırlatmış, iqtisadiyyatın müxtəlif sahələrində iki ölkə arasında genişlənməkdə olan mövcud əməkdaşlıqdan bəhs etmişdir.

Qrenobl Universitetinin müəllimi Jak Fontanelin "Qloballaşan dünyada Azərbaycan iqtisadiyyatı" məqaləsində  dünyanı bürüyən maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatının yüksəlişdə olduğu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iqtisadiyyatın sürətli inkişafına maneəçilik törətdiyi, neft amilinin  milli iqtisadi tərəqqidə mühüm rol oynadığı xüsusi vurğulanmışdır.

Fransanın Bakıdakı səfirliyinin iqtisadi məsələlər üzrə əməkdaşı Danyel Pata ilə müsahibə "Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələr" adı altında dərc olunmuşdur. Müsahibədə ölkələrimiz arasında ayrı-ayrı sahələri əhatə edən əlaqələrin inkişafından söhbət açılmışdır.

"Total" şirkətinin baş direktoru Kristian Giudelli "Total" və Azərbaycan" sərlövhəli müsahibəsində rəhbərlik etdiyi şirkətin ölkəmizdə 1996-cı ildən etibarən fəaliyyət göstərdiyini xatırlatmış, "Total"ın bir çox layihələrdə layiqincə təmsil olduğundan, karbohidrogen ehtiyatlarının istismarı sahəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirmişdir. Jurnalda müxtəlif sahələrlə bağlı çoxlu sayda fotoşəkillər dərc olunmuşdur.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2013.- 7 may.- S.15.