«Azərbaycan Hava Yolları» yeni aldığı müasir «Airbus-A340-500» tipli təyyarə ilə ilk uçuşu ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvana həyata keçirmişdir

 

"Azərbaycan Hava Yolları - AZAL" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yeni aldığı müasir "Airbus-A340-500" tipli təyyarə ilə ilk uçuşu ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 7-də böyük dövlət xadimi, dahi siyasətçinin doğulub boya-başa çatdığı Naxçıvana həyata keçirmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportundan yerli vaxtla saat 14:00-da havaya qalxan və 237 nəfər sərnişin tutumu olan "Naxçıvan" adlı "Airbus-A340-500" tipli təyyarə 1 saatdan sonra muxtar respublikanın Naxçıvan Beynəlxalq Hava Limanında yerə enmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu, bir qrup KİV nümayəndəsini, həmçinin təyyarənin ilk sərnişinlərini Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin birinci müavini Azər Zeynalovhava limanının rəhbərliyi qarşılamışlar.

Sonra Naxçıvan şəhərində Heydər Əliyev Muzeyinin qarşısında ulu öndərin abidəsi önünə gül dəstələri qoyulmuş və xatirəsi dərin ehtiramla yad edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Azərbaycan Hava Yolları" QSC-nin yeni aldığı müasir "Airbus-A340-500" tipli təyyarənin interyeri və göstəriciləri ilə tanış olmuşdur.

QSC prezidenti Cahangir Əsgərov bildirmişdir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi, eləcə də mülki aviasiyamızın 75 illiyi ərəfəsində "Airbus-A340-500" tipli müasirkomfortlu hava gəmisi ilə Naxçıvana reallaşdırılan bu səfər rəmzi xarakter daşıyır. Maksimal sürəti saatda 890 kilometr olan bu hava gəmisi birbaşa 15 min 742 kilometr məsafə qət edə bilir. Bu da öz növbəsində, uzaqməsafəli uçuşları daha səmərəli həyata keçirməyə imkan yaradır. "Airbus A340-500" təyyarələri bu gün dünyanın ən nüfuzlu aviaşirkətləri tərəfindən istifadə edilir. Hava gəmisi sərnişinlərin rahatlığını təmin etmək üçün bütün zəruri avadanlıqla təchiz olunmuşdur.

Sonra muxtar respublika Ali Məclisinin Sədri Vasif Talıbov və "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının aerovağzal binasına baxış keçirərək, gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparmışlar. Bildirilmişdir ki, Naxçıvana beynəlxalq uçuşların sayı artdığı üçün aerovağzal kompleksinin genişləndirilməsi qərara alınmışdır və işlərə bu ilin sonundan başlanacaqdır. Uzun müddətdir blokada şəraitinin ağırlığına mətanətlə sinə gərən Naxçıvan Muxtar Respublikası bu gün ulu öndərin işləyib hazırladığı strategiya nəticəsində dinamik inkişafı, tərəqqisi ilə seçilir. Milli aviaşirkətimiz olan AZAL da Naxçıvanın bu iqtisadi yüksəlişinə, eləcə də muxtar respublikanın hava əlaqəsinin daha da möhkəmləndirilməsinə öz töhfəsini vermək üçün şərəfli missiyanı qürurla həyata keçirir. Ümumiyyətlə, Naxçıvanın iqtisadi inkişafı, eləcə də muxtar respublikanın beynəlxalq aləmə çıxışının təmin edilməsi üçün yorulmadan fəaliyyət göstərən ulu öndərin ideyaları artıq bu gün reallığa çevrilir.

Azərbaycanın əldə etdiyi nailiyyətlər, eləcə də mülki aviasiyamızın bugünkü inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatı üçün çox çətin zamanda bu sahəyə daim diqqət və qayğı göstərən böyük lider heçasan olmayan o dövrdə aviasiyamızın bugünkü inkişaf xəttinin təməlini yaratmışdır.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev də bu gün milli aviasiyaya diqqət və qayğısını əsirgəmir. Əminliklə demək olar ki, Azərbaycanın mülki aviasiyası ulu öndər tərəfindən yaradılan möhkəm bünövrə üzərində dayanaraq, 2003-cü ildən özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Belə ki, 2004-cü ildə müasir standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı, 2006-2011-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala, Lənkəran və Qəbələdə aeroportlar istismara verilmişdir. Sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir.

Hazırda AZAL Braziliya istehsalı olan 6 "Embraer" tipli təyyarə də sifariş etmişdir ki, bunlardan ikisi "Embraer-170", 4-ü isə "Embraer-190" olacaqdır. Bundan başqa, "Azərbaycan Hava Yolları" ilk dəfə olaraq aviaparkına 2014-cü ildə "Boeing-787 Dreamliner" tipli müasir təyyarə də qatacaqdır. Aviaşirkət 2014-cü ildən başlayaraq bu tipli təyyarələrlə uzaq Şimali və Cənubi Amerikaya, Cənub-Şərqi Asiya və Avropanın bir sıra ölkələrinə yüksək komfortlu və təhlükəsiz uçuşlar həyata keçirməyi planlaşdırır. Yeni təyyarələr, heç şübhəsiz, Yer kürəsinin ən müxtəlif ünvanlarına yeni uçuşlar, yeni əlaqələr, Azərbaycanın dünyaya yenidən tanıdılması sahəsində növbəti addım olacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 may.- S.5.