Biləsuvarda cəbrayıllı məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

 

Mayın 7-də Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlərin məskunlaşdıqları 4 nömrəli qəsəbədə ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirin iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.

Toplantıda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri  Əli Həsənov bildirmişdir ki, nadir tarixi şəxsiyyət olan Heydər Əliyevin zəngin irsi bütün nəsillərə nümunədir. Ulu öndər hələ sağlığında canlı əfsanəyə, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanaraq ümummilli liderə çevrilmişdir.

Əli Həsənov Qarabağ savaşında qaçqınlıq və köçkünlük həyatını yaşayan soydaşlarımız, o cümlədən Cəbrayıl rayonunun sakinləri üçün Biləsuvar rayonu ərazisindəki çadır şəhərciklərinin yerində bütün infrastruktura malik müasir tipli qəsəbələrin salındığını vurğulamışdır. Baş nazirin müavini demişdir ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən bütün çadır şəhərcikləri ləğv olunmuş, qaçqınlar və məcburi köçkünlər üçün müasir tipli evlər tikilmişdir.

Ötən əsrin 70-ci illərində - Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərindən ətraflı söhbət açan dövlət komitəsinin sədri  Ə.Həsənov qeyd etmişdir ki, ulu öndərin rəhbərliyi ilə respublikamızın qazandığı uğurları nəzərə alaraq böyük rəhbərimizi Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçməklə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkmişlər.

Qeyd olunmuşdur ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvləri, xüsusilə, Mərkəzi Komitənin baş katibi Mixail Qorbaçov Heydər Əliyevin bacarığına, qabiliyyətinə və işgüzarlığına qısqanclıqla yanaşırdılar. Bunun nəticəsi olaraq Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırılmışdır.

Bildirilmişdir ki, Mərkəzi Komitə Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırandan sonra Azərbaycanın siyasi həyatında mənfi dəyişikliklər baş vermiş, qondarma Dağlıq Qarabağ problemi gündəmə gətirilmişdir.

Diqqətə çatdırılmışdır ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkədəki xaos, özbaşınalıq aradan qaldırılmış, vətəndaş müharibəsinin qarşısı alınmış, torpaqlarımızın işğalı dayandırılaraq atəşkəsə nail olunmuş, respublikanın parçalanması təhlükəsi aradan qalxmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır.

Qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyev ötən əsrin 70-ci illərində Azərbaycanı keçmiş SSRİ-də, müstəqillik illərində isə bütün dünyada tanıtmışdır.

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycanın tarixində əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Gələcək nəsillər də bu böyük məktəbdən faydalanacaqlar.

Əli Həsənov çıxışının sonunda erməni separatçıları tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarının Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına əminliyini ifadə etmişdir.

Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, rayon ağsaqqalı Mustafa Məhərrəmov, ağbirçək Səkinə Quliyeva dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərini yüksək qiymətləndirmiş, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Rayonun bədii özfəaliyyət kollektivləri tədbirdə konsert proqramı ilə çıxış etmişlər.

 

 

Azərbaycan.-2013.- 8 may.- S.5.