Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi
haqqında
Azərbaycan Respublikasının
Milli Məclisinin qərarı
Azərbaycan
Respublikasının Milli Məclisi,
Müasir
Azərbaycan dövlətçiliyinin banisi,
xalqımızın böyük oğlu, ümummilli lideri Heydər
Əliyevin əziz xatirəsini ehtiramla yad edərək;
siyasi
təcrübəsi, vətənpərvərliyi, sarsılmaz
iradəsi, tükənməz enerjisi və
işgüzarlığı sayəsində Azərbaycanı
vətəndaş müharibəsi təhlükəsindən,
ictimai, siyasi və iqtisadi böhran vəziyyətindən xilas
edərək ölkədə qanunçuluğu bərqərar
etmiş, cəmiyyəti vahid azərbaycançılıq
ideyası ətrafında birləşdirmiş, Azərbaycan
Respublikasını qısa bir zamanda iqtisadi və mədəni
yüksəliş yolu tutan, nəhəng beynəlxalq layihələrin
təşəbbüskarı və iştirakçısı
olan ölkəyə çevirmiş, Azərbaycanın beynəlxalq
miqyasda tanınmasını və nüfuzunun artmasını
təmin etmiş Heydər Əliyevin müasir, demokratik,
hüquqi və dünyəvi dövlət quruculuğu, milli-mənəvi
dəyərlərə qayıdış, vətəndaş cəmiyyətinin
təşəkkülü sahəsində əvəzsiz tarixi
xidmətlərini xatırlayaraq;
müasir
Azərbaycanın öz müstəqilliyinin 20 ildən
artıq müddəti ərzində mürəkkəb və
eyni zamanda şərəfli bir yol keçdiyini, əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş dövlətçilik strategiyasının
uğurla davam etdirilməsini, cəmiyyətimizin yeni
sosial-iqtisadi inkişaf pilləsinə yüksəldiyini, sosial
problemlərin səmərəli həllinə, hər kəsin
firavan həyatına və rifahına yönəlmiş
mühüm addımlar atıldığını, dövlət
idarəçiliyinin müasir meyarlara uyğun yenidən
qurulduğunu, dövlətimizin iqtisadi və hərbi qüdrətinin
durmadan artdığını, ölkədə demokratik dəyərlərə
əsaslanan yeni ictimai münasibətlər sisteminin
formalaşdığını, Azərbaycan
Respublikasının hərtərəfli inkişafına
yönəlmiş genişmiqyaslı islahatların davam
etdiyini böyük iftixar və qürur hissi ilə qeyd edərək;
xalqımızın
çoxəsrlik mənəvi irsindən bəhrələnərək,
müasir ümumbəşəri idealları yaşadan Heydər
Əliyev siyasətinin humanizm, mərhəmət və insanpərvərlik
ənənələrinə sadiq qalaraq;
qanunçuluğa
və hüququn aliliyinə əsaslanan cinayət-hüquq
siyasətini həyata keçirərək, cəzadan azad etmənin
tərbiyəvi əhəmiyyətinə inanaraq;
cinayətlərin
xarakterini və ictimai təhlükəlilik dərəcəsini
nəzərə alaraq, cinayət törətmiş şəxslərin
öz əməllərini və onların nəticələrini
dərk etməklə islah olunacaqlarına ümid edərək;
cəzadan
azad olunacaq şəxslərin sosial adaptasiyasını,
qanunlara dönmədən əməl etmələrini və cəmiyyətin
inkişafına öz töhfələrini vermələrini
arzulayaraq;
dahi
lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə
xalqımızın ehtiramını ifadə edən, onun zəngin
mənəvi irsini yaşadan, milli dövlətçilik və
humanizm ideyalarını yeni nəsillərə aşılayan
Heydər Əliyev Fondunun təşəbbüsünü dəstəkləyərək
ümummilli liderin 90 illik yubileyi münasibətilə
aşağıdakı amnistiyanın elan edilməsini qərara
alır:
I. Amnistiya tətbiq edilən şəxslərin
dairəsi
1.
Aşağıdakı məhkumlar, bu Qərarın 5-ci bəndində
nəzərdə tutulmuş məhdudiyyət nəzərə
alınmaqla, təyin olunmuş cəzalardan azad edilsin:
1.1.
müəyyən müddətə azadlıqdan məhrum etmə
cəzasının bu Qərar qüvvəyə mindiyi günədək
çəkilməmiş hissəsi bir ildən artıq olmayan
məntəqə tipli cəzaçəkmə müəssisəsində
cəza çəkən (bu Qərar qüvvəyə mindiyi
günədək qüvvəyə minmiş hökm və ya
qərar əsasında) şəxslər;
1.2.
intizam xarakterli hərbi hissədə saxlama cəzasının
bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş
hissəsi bir ildən artıq olmayan şəxslər;
1.3.
hərbi xidmət üzrə məhdudlaşdırma
növündə cəza çəkən şəxslər;
1.4.
islah işləri növündə cəza çəkən
şəxslər;
1.5.
ictimai işlər növündə cəza çəkən
şəxslər;
1.6. əsas
cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə cəzasına məhkum edilmiş şəxslər;
1.7. əsas
cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzasına
məhkum edilmiş şəxslər;
1.8.
azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya
şərti məhkum edilmiş və ya bu növ cəzadan
şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud
bu növ cəzasının çəkilməsi Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə
müvafiq olaraq təxirə salınmış şəxslər.
2. Bu
Qərarın 1.1-ci bəndində göstərilən şəxslərdən
başqa, aşağıdakı məhkumlar müddətindən
asılı olmayaraq müəyyən müddətə
azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş
hissəsindən azad edilsinlər (bu Qərarın 5 və
6-cı bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər
nəzərə alınmaqla):
2.1.
qadınlar;
2.2.
cinayət törədərkən 18 yaşına çatmayan
şəxslər;
2.3.
bu Qərar qüvvəyə mindiyi günədək 60
yaşına çatmış kişilər;
2.4.
bu Qərar qüvvəyə mindiyi günədək birinci və
ya ikinci qrup əlil sayılmış şəxslər;
2.5.
öhdəsində (himayəsində) yetkinlik yaşına
çatmayan övladı və ya birinci və ya ikinci qrup əlil
övladı olan kişilər, o cümlədən bu Qərarın
qüvvəyə mindiyi günədək atalığı,
övladlığa götürməsi, qəyyumluğu və
himayəçiliyi qanunvericiliklə nəzərdə
tutulmuş qaydada müəyyən olunmuş şəxslər;
2.6.
İkinci Dünya müharibəsi dövründə faşizmə
qarşı döyüşlərdə iştirak etmiş, eləcə
də həmin dövrdə keçmiş SSRİ-nin
Silahlı Qüvvələrində və arxa cəbhədə
xidmət etmiş və qanunvericiliklə müəyyən
edilmiş qaydada bunlara bərabər tutulan şəxslər,
həmçinin bu döyüşlərdə həlak
olmuş və ya xəbərsiz itkin düşmüş
şəxslərin yaxın qohumları;
2.7.
Azərbaycan Respublikasının suverenliyinin və ərazi
bütövlüyünün qorunması uğrunda
döyüşlərdə iştirak etmiş, Azərbaycan
Respublikasının, habelə keçmiş SSRİ-nin
Silahlı Qüvvələri tərkibində beynəlmiləl
borcunu yerinə yetirmiş şəxslər, həmçinin
bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz
itkin düşmüş şəxslərin yaxın
qohumları;
2.8.
Azərbaycan Respublikasının, habelə keçmiş
SSRİ-nin orden və medalları ilə təltif olunmuş
şəxslər (qanunvericiliklə müəyyən
edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər
istisna olmaqla);
2.9.
keçmiş SSRİ dövründə repressiyalara məruz
qalmış, sonradan səlahiyyətli orqanların qərarları
ilə bəraət almış şəxslər və
onların yaxın qohumları;
2.10.
1948-1953 və 1988-ci illərdə etnik təmizləmə,
terrorçuluq və soyqırımı siyasəti nəticəsində
Ermənistan SSR-dən deportasiya olunmuş şəxslər;
2.11.
1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin
erməni silahlı qüvvələri tərəfindən
işğalı nəticəsində öz doğma
torpaqlarından məcburi köçürülmüş
şəxslər;
2.12.
Çernobıl qəzasının aradan
qaldırılmasında iştirak etmiş və onlara himayəçilik
edən şəxslər (himayəçilik qanunvericiliklə
nəzərdə tutulmuş qaydada müəyyən
olunmuşdursa);
2.13.
1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər
və ya şəhid olmuş şəxslərin yaxın
qohumları;
2.14.
Xocalı soyqırımında əlil olmuş şəxslər
və ya şəhid olmuş şəxslərin yaxın
qohumları.
3. Bu
Qərarın 1.1 və 2-ci bəndlərində nəzərdə
tutulan şəxslərdən başqa, 3 ildən artıq
olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına
məhkum olunmuş şəxslər bu Qərar qüvvəyə
mindiyi gün cəzalarının altı aydan artıq olmayan
çəkilməmiş hissəsindən azad olunsun, həmin
şəxslərin cəzalarının çəkilməmiş
hissəsi altı aydan artıq olduqda çəkilməmiş
cəza altı ay azaldılsın (bu Qərarın 5 və
6-cı bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər
nəzərə alınmaqla).
4. Bu
Qərarın 1-ci bəndində göstərilən şəxslərdən
başqa, aşağıdakı məhkumlar təyin
olunmuş cəzalardan azad edilsin (bu Qərarın 5 və
6-cı bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər
nəzərə alınmaqla):
4.1.
intizam xarakterli hərbi hissədə saxlama cəzasının
bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş
hissəsi bir ildən iki ilədək olan şəxslər;
4.2. əsas
cəza kimi iki min manatdan artıq miqdarda cərimə cəzasına
məhkum edilmiş şəxslər;
4.3.
azadlıqdan məhrum etmə cəzasına şərti məhkum
edilmiş şəxslər;
4.4.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
79-cu maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə
cəzasının çəkilməsi təxirə
salınmış şəxslər;
4.5.
bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə
minmiş məhkəmə qərarı ilə azadlıqdan məhrum
etmə cəzasından şərti olaraq vaxtından əvvəl
azad edilmiş şəxslər.
II. Amnistiyanın tətbiqinə məhdudiyyətlər
5.
"Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması
haqqında" Azərbaycan Respublikasının 1994-cü il
24 fevral tarixli, 793 nömrəli Qanununda nəzərdə
tutulmuş şəxslər barəsində amnistiya tətbiq
edilmir.
6. Bu
Qərarın 2-4-cü bəndləri aşağıdakı
şəxslər barəsində tətbiq edilməsin:
6.1.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
15.4 və 15.5-ci maddələrində nəzərdə
tutulmuş ağır və xüsusilə ağır cinayətlərə,
həmçinin Cinayət Məcəlləsinin 101, 115.1,
119.1, 122.2, 124.2, 125, 127.2, 133.1, 133.2, 136.3, 137, 138.2-138.4, 139.2,
140.2, 140.4, 141.4, 144-2.2, 145.2, 146.2, 150.1, 151, 152, 159.4, 162.2,
167-1.3, 167-2.2, 168.2, 170.1, 170.2, 171.1, 171-1.1, 172, 177.2, 178.2,
179.2, 182.1, 184.3, 185.2, 186.2, 189-1.4, 192.2, 192-1.3, 193.2, 193-1.1,
194.2, 195.2, 196.2, 199.3, 200.4, 200-1.3, 201.2, 202-2.1, 203-1.1, 204.1,
205, 206.1, 206.2, 208.2, 213.2, 213-1.2, 220.2, 221.2, 221.3, 222.2, 222-1.3,
222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 227.1, 227.2, 228.1, 228.2, 229.1,
229.2, 232.1, 233, 233-1.1, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1,
240.2, 243.2, 244.2, 244-1.2, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2,
254.3, 256.3, 258.3, 259.2, 260.2, 262.2, 263.2, 263-1.2, 264, 265.2, 266.2,
267.3, 268.2, 271.3, 272.3, 273.4,
281.1, 283-285, 288.1, 288.3, 290, 291, 292.2, 293.1, 294.2, 294.3,
295.1, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 304, 306, 307.3, 309.2, 312.1, 312-1,
314.2, 314-2.2, 314-3.2, 314-3.3, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 317-1.2,
317-2.2, 318.2, 319.2, 321.2, 323, 324, 328.2, 330.2, 331.3, 332.2, 333.4,
333.5, 334.1, 335.2, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.2, 344.1, 346.1,
348.2, 349, 350.2, 351.2, 352.1 və 353.1-ci maddələrində,
habelə "Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
2006-cı il 7 aprel tarixli, 92-IIIQD nömrəli Qanunu ilə
sanksiyaları ağırlaşdırılanadək Cinayət
Məcəlləsinin 308.2 və 311.1-ci maddələrində,
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli, 405-IVQD nömrəli
Qanunu ilə sanksiyası ağırlaşdırılanadək
Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə
tutulmuş cinayətlərə görə məhkum
olunmuş şəxslər;
6.2.
"Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə
məsuliyyətin gücləndirilməsi məqsədilə
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
və Cinayət Məcəlləsinə əlavələrin
və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan
Respublikasının 2007-ci il 9 oktyabr tarixli, 428-IIIQD nömrəli
Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
222-1-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin
222-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətə
görə məhkum olunmuş şəxslər;
6.3.
2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində
nəzərdə tutulmuş ağır cinayətlərə,
habelə həmin Məcəllənin 69-cu maddəsinin ikinci
hissəsi, 93-5-ci maddəsinin birinci hissəsi, 93-6-cı maddəsinin
birinci hissəsi, 93-9-cu maddəsinin ikinci hissəsi, 100-cü
maddəsinin birinci hissəsi, 113-cü maddəsinin ikinci hissəsi,
114-cü maddəsinin dördüncü hissəsi, 120-ci maddəsinin
ikinci hissəsi, 126-cı maddəsi, 171-ci maddəsinin birinci
hissəsi, 178-ci maddəsinin ikinci hissəsi, 185-ci maddəsi,
208-ci maddəsinin ikinci və üçüncü hissələri,
220-ci maddəsinin birinci və üçüncü hissələri,
229-cu maddəsinin birinci hissəsi, 241-ci maddəsinin
"q" bəndi və 255-1-ci maddəsinin "v" və
"q" bəndlərində nəzərdə tutulmuş
cinayətlərə görə məhkum olunmuş şəxslər;
6.4.
"Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
və digər məcəllələrinə dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikasının 1998-ci il 7 aprel tarixli, 463-IQD nömrəli
Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə
olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən
çıxarılmış 83-cü maddəsinin
üçüncü və dördüncü hissələri,
88, 88-1, 91-ci maddəsinin ikinci və üçüncü
hissələri, 143-cü maddəsinin üçüncü və
dördüncü hissələri, 145, 147-ci maddəsinin
üçüncü hissəsi, həmçinin "Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə bəzi
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 1996-cı il 29 may tarixli, 90-IQD nömrəli
Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə
olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən
çıxarılmış 60 və 65-ci maddələrlə
məhkum olunmuş şəxslər;
6.5.
maddi ziyanı tam ödəməmiş şəxslər;
6.6.
xüsusilə təhlükəli residiv yaradan cinayətlərə
görə məhkum olunmuş və ya 2000-ci il sentyabrın
1-dək qüvvədə olmuş Azərbaycan Respublikası
Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli
residivist hesab olunmuş şəxslər;
6.7.
1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə
aktları ilə cəzaçəkmə müəssisələrində
azadlıqdan məhrum etmə cəzasını çəkməkdən
azad olunmuş və yenidən qəsdən cinayət törətmiş
şəxslər;
6.8.
cəzaçəkmə müəssisələrində və
ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən
qəsdən cinayət törətmiş şəxslər.
III. Amnistiya aktının hüquqi
qüvvəsi
7. Bu
Qərar dərc olunduğu gündən qüvvəyə
minir.
8.
Amnistiya bu Qərar qüvvəyə mindiyi günədək
qüvvəyə minmiş ittiham hökmləri ilə məhkum
edilmiş şəxslər barəsində tətbiq edilir. Bu
Qərar qüvvəyə mindikdən sonra məhkumun cəzasının
çəkilməmiş hissəsinin azalması və ya digər
şəkildə hüquqi vəziyyətinin dəyişməsi
həmin şəxs barəsində bu Qərara əsasən
amnistiyanın tətbiqi üçün əsas deyildir.
9. Bu
Qərarın cəzanın çəkilməmiş hissəsinə
dair müddəaları cinayətlərin və ya hökmlərin
məcmusu üzrə yalnız qəti cəzanın çəkilməmiş
hissəsini nəzərdə tutur. Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 68.2-ci maddəsi üzrə
biri digəri ilə toplanaraq müstəqil icra edilən əsas
cəzalardan hər hansı biri bu Qərar qüvvəyə
mindiyi gün onun təsiri altına düşmürsə, bu
Qərara əsasən amnistiya tətbiq edilmir.
10.
Cinayətlərin və ya hökmlərin məcmusu üzrə
bir neçə cinayətə görə məhkum edilmiş
şəxslərin törətdiyi cinayətlərdən birinə
görə amnistiyanın tətbiqi bu Qərarın 5-ci bəndi
ilə məhdudlaşdırılmışdırsa bu Qərarın
hər hansı bəndinə əsasən, 6-cı bəndi ilə
məhdudlaşdırılmışdırsa bu Qərarın
2-4-cü bəndlərinə əsasən amnistiya tətbiq
edilmir.
11.
Bu Qərarda nəzərdə tutulan şəxslər barəsində
amnistiyanın tətbiq edilməsi, onları törətdikləri
cinayət nəticəsində vurulmuş ziyanı ödəməkdən
azad etmir.
12.
Bu Qərara əsasən amnistiya tətbiq edilməsi ittiham
hökmlərinin və ya digər qərarların qanuniliyinin,
əsaslılığının və ya ədalətliliyinin
yuxarı instansiya məhkəməsində mübahisələndirilməsinə
mane olmur.
13.
Bu Qərar başqa dövlətlərin məhkəmələri
tərəfindən məhkum edilmiş və cəzasını
Azərbaycan Respublikasında çəkən şəxslərə
də şamil edilir.
14.
Barələrində amnistiya tətbiq olunmuş
çağırışçıların və hərbi
qulluqçuların müvafiq olaraq həqiqi hərbi xidmətə
çağırış və hərbi xidmət məsələləri
qanunvericiliklə müəyyən edilmiş qaydada həll
edilir.
IV. Amnistiyanın tətbiqi
qaydaları
15.
Amnistiya aşağıdakı orqanlar tərəfindən tətbiq
edilir:
15.1.
cəzaçəkmə müəssisələri - bu Qərarın
1.1 və 2-ci bəndlərində nəzərdə tutulan
şəxslər barəsində;
15.2.
intizam xarakterli hərbi hissənin və hərbi hissələrin
komandanlığı - bu Qərarın 1.2, 1.3 və 4.1-ci bəndlərində
nəzərdə tutulan şəxslər barəsində;
15.3.
icra məmurları - bu Qərarın 1.4-1.7 və 4.2-ci bəndlərində
nəzərdə tutulan şəxslər barəsində;
15.4.
məhkəmələr - bu Qərarın 1.8, 3, 4.3-4.5-ci bəndlərində
nəzərdə tutulan şəxslər barəsində.
16.
Bu Qərarın 15.1-15.3-cü bəndlərində nəzərdə
tutulmuş orqanlar amnistiya tətbiq edərkən, Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə
tutulmuş qaydalara riayət etməklə, qərarları
müvafiq prokurorlarla razılaşdırmalıdırlar.
17.
Bu Qərarın 3-cü bəndində nəzərdə
tutulan şəxslər barəsində amnistiyanın tətbiq
edilməsi məsələsinə həmin məhkumların cəza
çəkdikləri cəzaçəkmə müəssisələrinin
müraciəti əsasında cəzanın çəkildiyi
yer üzrə birinci instansiya məhkəmələri tərəfindən
baxılır.
18.
Bu Qərarın 1.8, 4.3-4.5-ci bəndlərində nəzərdə
tutulan şəxslər barəsində amnistiyanın tətbiq
edilməsi məsələsinə həmin məhkumların
üzərində nəzarəti həyata keçirən
orqanların müraciəti əsasında məhkumun
yaşayış yeri üzrə birinci instansiya məhkəmələri
tərəfindən baxılır.
19.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
515.2-ci maddəsinə müvafiq olaraq, amnistiya aktının tətbiq
edilməməsi və ya düzgün tətbiq edilməməsi
haqqında məhkumun ərizəsinə cəzanı icra edən
müəssisə və ya orqanın mülahizəsi nəzərə
alınmaqla, cəzanın çəkildiyi yer üzrə
birinci instansiya məhkəməsi tərəfindən
baxılır.
20.
Bu Qərarın 17-19-cu bəndlərində nəzərdə
tutulmuş müraciətlərə baxarkən, məhkəmələr
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində
hökm və ya məhkəmənin digər yekun qərarlarının
icrası qaydasında icraat üçün nəzərdə
tutulmuş tələblərə riayət etməli, məhkəmə
iclasında prokurorun iştirakı təmin edilməlidir.
21.
Bu Qərar onun təsiri altına düşən hər bir
şəxs barəsində ayrı-ayrılıqda tətbiq
edilir.
22.
Amnistiya tətbiq edilərkən məhkumun şəxsi
işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin
həlli üçün zəruri sənədlər göstərilən
qərara əlavə edilməlidir. Amnistiyanı tətbiq edən
orqanlar amnistiyanın tətbiqi barədə qərar qəbul
edilməsi üçün zəruri sənədləri
müvafiq orqanlardan tələb etməyə
haqlıdırlar. Bu sorğular dərhal icra edilməlidir.
23.
Alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən
müalicə təyin olunmuş şəxslər barəsində
amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın
29-cu bəndində nəzərdə tutulmuş müddətdə
baxılmalı, həmin şəxslərin cəzadan azad
edilməsi məsələsi isə müalicə başa
çatdıqdan sonra həll edilməlidir (şəxsin
zöhrəvi xəstəliklərdən müalicəsini
qurtarmasının təsdiqi üçün əsas - tibbi rəy,
məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi
müalicə təyin etdiyi şəxslər barəsində
isə belə əsas məcburi müalicənin ləğvi
barədə məhkəmənin qərarıdır).
24.
Barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən
azad edilən vərəm xəstəliyinə tutulmuş
şəxslər qanunvericiliklə müəyyən
edilmiş qaydada səhiyyə orqanlarının nəzarəti
ilə 10 gün müddətində yaşayış yeri
üzrə vərəm əleyhinə tibb müəssisələrində
qeydiyyata alınır və müalicələrini davam etdirirlər.
25.
Anlaqlılığı istisna etməyən psixi pozuntuya
görə tibbi xarakterli məcburi tədbir təyin olunmuş şəxslər
barəsində amnistiya tətbiq edilməsinə dair
materiallara bu Qərarın 29-cu bəndində nəzərdə
tutulmuş müddətdə baxılmalı, Cinayət Məcəlləsinin
95.0.2-95.0.4-cü maddələrinə əsasən psixiatriya
stasionarlarında məcburi müalicə təyin olunmuş
şəxslərin cəzadan azad edilməsi məsələsi
isə məhkəmə qərarı ilə psixiatriya
stasionarlarında məcburi müalicə ləğv edildikdən
və ya dəyişdirilərək məcburi ambulatoriya
müşahidəsi və psixiatr müalicəsi təyin
edildikdən sonra həll edilməli, Cinayət Məcəlləsinin
95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya
müşahidəsi və psixiatr müalicəsi təyin
olunmuş şəxslər amnistiya tətbiq olunaraq cəza
çəkməkdən azad edildikdə qanunvericiliklə
müəyyən edilmiş qaydada səhiyyə
orqanlarının nəzarəti ilə 10 gün müddətində
yaşayış yeri üzrə müvafiq tibb müəssisələrində
qeydiyyata alınmalı və müalicələri davam etdirilməlidir.
26.
Bu Qərarın 15.2-ci bəndində göstərilən
"hərbi hissələr" dedikdə, hərbi xidmət
üzrə məhdudlaşdırma növündə cəzanın
çəkildiyi yerlər, bu Qərarın 18-ci bəndində
göstərilən "məhkumların üzərində nəzarəti
həyata keçirən orqanlar" dedikdə isə şərti
məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl
azad edilmiş və cəzasının çəkilməsi təxirə
salınmış şəxslər üzərində nəzarəti
həyata keçirən icra məmurları və hərbi
hissələrin və ya müəssisələrin
komandanlığı başa düşülür.
27. Əvvəllər
amnistiya və ya əfvetmə aktları ilə cəzasının
müddəti azaldılmış şəxslərə bu Qərar
tətbiq edilərkən onların cəzasının çəkilməmiş
müddətləri həmin aktlar nəzərə
alınmaqla hesablanır.
28.
Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsinin 175-177-ci maddələrinin tələblərinə
uyğun olaraq, bu Qərara əsasən barələrində
amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad
edilən şəxslərin sosial adaptasiyasının, onlara
yardım göstərilməsinin təmin edilməsi
üçün zəruri olan tədbirlər görülməlidir.
29.
Bu Qərar qüvvəyə mindiyi gündən dörd ay
müddətində tətbiq edilir.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri, 7 may 2013-cü
il
Azərbaycan.-2013.- 8 may.- S.6.