Gəncədə yubiley tədbirləri

 

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Gəncə şəhəri daha çox qonaq-qaralı idi. Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin iştirakı ilə "Heydər Əliyev və Gəncənin tarixi, sosial-iqtisadi inkişafı" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda dünyanın ayrı-ayrı ölkələrindən 20-dən çox qonaq iştirak edirdi.

50-dən artıq ölkənin sabiq dövlət başçısını, həmçinin 80-dən artıq tanınmış siyasi xadimi özündə birləşdirən Madrid Klubunun üzvləri arasında klubun prezidenti, Hollandiya Birləşmiş Krallığının sabiq baş naziri Vim Kok, Latviya Respublikasının sabiq prezidentləri Valdis Zatlers, xanım Vaira Vike Freiberqa, həmçinin Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin var idi. Onlar möhtəşəm yubiley tədbirlərində iştirakdan məmnun olduqlarını səmimiyyətlə bildirdilər.

Şəhər ictimaiyyəti ilə birgə Gül bayramında da iştirak edən qonaqlar ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın şərəfinə güldən toxunmuş milli ornamentli xalçalara, həmçinin gül sərgilərinə heyranlıqla baxdılar.

İki plenar iclası əhatə edən konfransı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev geniş məruzə ilə çıxış etdi. Sonra Latviyanın sabiq prezidentləri xanım Vaira Vike Freiberqa və Valdiz Zatlers, Misirin İsgəndəriyyə kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının həmsədri doktor İsmayıl Seragəldin, İngiltərə Kraliyyət Akademiyasının prezidenti Susan Greenfield, ABŞ-ın Smithson İnstitutu Milli Muzeyinin direktoru, tədqiqatçı-alim Paul Taylor, Qafqaz Dostluq Evinin direktoru gürcüstanlı alim Giuli Alasania, İsveç Kraliçası Fondunun direktoru doktor Farida Allaghi və başqaları da söz aldılar.

Gəncə şəhərinin tarixi, etnoqrafik, arxeoloji və mədəni mərkəzinin yaradılmasına həsr olunmuş beynəlxalq elmi-praktik konfransın sonunda qonaqlara Gəncə Elm Mərkəzinin diplomları təqdim edildi.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət edərkən qonaqları şəhər məktəbliləri 5 dildə salamladılar. Gəncənin təhsil və mədəniyyət müəssisələri kollektivlərinin "Xəmsə"nin motivləri əsasında hazırladıqları rəsm əsərləri, tətbiqi sənət nümunələri, həmçinin Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında N.Gəncəvinin "Xeyir və Şər" poemasının motivləri əsasında meydan tamaşası qonaqların böyük marağına səbəb oldu.

Ulu öndərin 90 illik yubiley tədbirlərində iştirak edən Madrid Klubunun üzvləri "Ramada Plaza" hotelində klubun idarə heyətinin iclasını da keçirdilər. İclasın budəfəki mövzusu qadın problemlərinə həsr olunmuşdu. İclasda iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırdı və Azərbaycanda qadın problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək bu sahədə Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi xidmətləri xüsusi qeyd etdi.

Yubiley tədbirləri ulu öndərin adını daşıyan meydanda möhtəşəm bayram konserti ilə başa çatdı.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2013.- 8 may.- S.12.