İtirilmiş cənnət

 

Şuşanın işğalından 21 il ötür

 

21 ildir ki, sənsizik, Şuşa!

Necə yaşadım sənsiz bu illəri?! Kədər, qəm, qüssə içində. Hətta el bayramlarında belə bir gözüm güldü, biri ağladı. Sənsiz ömrümə bir həsrət düşdü - Şuşa həsrəti, qəlbimə bir nisgil qondu - Şuşa nisgili. Və nə etsəm, hara getsəm, harada olsam, bu həsrət, bu nisgil azalmır ki azalmır, əksinə, artır.

Yuxumda səni tez-tez görürəm. Görürəm ki, qoynundayam yenə. Dolanbac küçələrində addımlayıram. Üzeyir bəyin ev-muzeyinin önündən ötürəm, Xan qızı Natəvanın imarətinin yanından keçirəm, Vaqifin məqbərəsini ziyarət edirəm, qala divarlarına tamaşa edirəm, qədim məscidləri, türbələri seyr edirəm, qaynar bulaqlarından su içirəm, xan çinarlarının kölgəsində dincəlirəm. Nə yaxşı ki, Allah-Taala insana yuxu verib. Heç olmasa müvəqqəti də olsa, bir neçə saatlığa da olsa, acı həqiqəti unutmaq üçün, yaralı qəlbimizi ovundurmaq üçün. Amma ən gözəl və şirin yuxu belə bitir. Oyanırıq və acı həqiqətə qayıdırıq. Həqiqət isə ondan ibarətdir ki, Şuşa, biz sənsizik. Ruh bədəndən ayrı düşən kimi, biz də səndən ayrı düşmüşük. Ruhumuz çırpınır, fəryad edir, geriyə, itirilmiş cənnətə bütün varlığı ilə can atır, amma heyhat, yenə sənə qovuşa bilmir.

 Ramiz Rövşənin sözləri yada düşür: "Mən elə bilirdim sənsiz ölərəm, mən sənsiz ölmədim, məni bağışla!" Bağışla bizi, Şuşa! Bağışla ki, sənsizlik həsrəti bizi öldürmədi! Yaşamağa davam edirik. Hərəmizin başı bir işə qarışıb. Kimi biznes qurur, kimi sərvət toplayır, kimi xidməti karyerası ilə məşğuldur, kimi şan-şöhrət dalınca qaçır, kimisi orden-medal qazanır, kimisi isə bir parça çörəyin axtarışında. Beləcə günlər ayları, aylar da illəri əvəzlədi. Birgördük ki, aradan iyirmi bir il keçib. Necə deyərlər, bir igidin ömrü!

Çoxəsrlik tariximizdə şərəfli hadisələr də çox olub, faciəli hadisələr də. Faciəli hadisələr sırasında bizim nəsil üçün öndə duranı Şuşanın işğal olunmasıdır. 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni silahlı dəstələri böyük hərbi qüvvə ilə Şuşaya hücum etdi. Heç bir müdafiə tədbiri görülmədiyi üçün təbii istehkam, alınmaz qala, Azərbaycanın qədim mədəniyyət mərkəzi düşmən əlinə keçdi.

 Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi, əsrarəngiz, ecazkar mədəniyyətimizin parlaq rəmzi, milli azərbaycanlı ruhunun əbədi təcəssümü idi. Şuşanın itirilməsindən bizə dəyən mənəvi-psixoloji zərbənin ağrısı-acısı zaman axarında korşalmır ki korşalmır, əksinə, artır. Şuşanın işğalı milli varlığımıza vurulan sağalmaz yaradır. Bu acı xəbərdən dərin sarsıntı keçirən bir uşağın o zaman dediyi dörd misra bu gün də hər birimizin qəlbindəki duyğulardan xəbər verir:

 

Alınmaz qalamız vardı,

Onsuz dünya bizə dardı,

Onsuz yaşamaq bizə ardı,

 

Alınmaz qalamız düşmən əlində!

Şuşa - unikal Azərbaycan musiqisinin beşiyi, musiqi akademiyası, şeir-sənət mərkəzi, açıq səma altında muzey, canlı tarix, kurort şəhər idi. Şuşa - Molla Pənah Vaqifin, Xan qızı Natəvanın, Üzeyir Hacıbəyovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Bülbülün vətənidir. Vətənin bu dilbər guşəsində neçə-neçə yazıçı, sənət adamı, bəstəkar, müğənni, teatrkino xadimi böyüyüb boya-başa çatıb.

Şuşa qalası dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən meşələrlə örtülmüş, bir tərəfdən uçurum, digər tərəfdən isə sıldırım qayalarla əhatə olunmuş təbii bir qala idi. Necə oldu ki belə bir qala düşmən əlinə keçdi? Şuşa - xəyanətin, hakimiyyətsizliyin, hərc-mərcliyin, xaosun, özbaşınalığın qurbanı oldu!

Bəzən deyirlər: özümüzü bu qədər günahlandırmayaq, Şuşanı ermənilər işğal etdi. Bəli, Şuşanı ermənilər işğal etdi. Ancaq məgər biz bilmirdik ki, ermənilər yüzilliklərdir torpaqlarımıza göz dikib. Bilmirdik ki, azacıq belə zəifliyimizdən yaranan fürsəti düşmən əldən verməyəcək! Bilirdik! Amma təəssüf ki, səhlənkarlıq etdik.

Bu gün olub-keçənləri bir daha nəzərdən keçirərkən, acı məğlubiyyətimizin səbəblərini bir daha təhlil edərkən, o nəticəyə gəlirəm ki, Şuşanın itirilməsində biz hamımız günahkarıq. Kimlərsə daha çox, kimlərsə daha az. Ancaq ən azından, hamımız bu itki üçün mənəvi məsuliyyət daşıyırıq. Qədərincə qədir-qiymətini bilmədik Şuşanın, bağlılığımız zaman axarında zəiflədi, tez-tez gedib-gəlmədik Şuşaya. Şuşanın başının üstünü qara buludlar alanda hamılıqla orada olmalıydıq, silaha sarılıb son nəfəsədək vuruşmalıydıq. Biz bunu etmədik! Bakıda, isti evimizdə oturub, yüksək materiyalardan dəm vurub, özümüzdən başqa hamını günahkar çıxartdıq. Ölməz Füzulimizin sözləri yada düşür: "Səfadan dəm uran həmdəmləri əhli riya gördüm!"

Bu gün Şuşanın işğalı zamanı şəhid olmuş oğullarımızın, Vaqifin, Natəvanın, Üzeyir bəyin ruhu narahatdır. Onların qınaq dolu baxışları bizə yönələrək ölü sükutla soruşur: "Necə oldu biz Şuşanı min bir əzab-əziyyətlə qurub yaratdıq, siz isə onu qoruya bilmədiniz?"

Hələ əsirliyin davam edir, itirilmiş cənnətim - Şuşam mənim. Amma mən bütün vücudumla inanıram: biz mütləq qoynuna qayıdacağıq. Ayrılıq bitəcək! Bu ümidlə yaşayıram və o əziz günü, sənə qayıdacağımız günü hər an, hər dəqiqə, hər saat, hər gün səbirsizliklə gözləyirəm.

 

 

Gövhər BAXŞƏLİYEVA,

Milli Məclisin deputatı, AMEA Akademik

Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun

direktoru, professor

 

Azərbaycan.-2013.- 8 may.- S.14.