Azərbaycan Respublikasının Baş
Prokurorluğu tərəfindən ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə
əlaqədar konfrans keçirilmişdir
Müstəqil
dövlətçiliyimizin və Azərbaycanın ən yeni
tarixinin yaradıcısı olan ümummilli lider Heydər Əliyevin
90 illik yubileyi ilə əlaqədar Respublika Prokurorluğu orqanlarında təsdiq edilmiş tədbirlər
planına müvafiq olaraq
müxtəlif tədbirlər keçirilir.
Həmin
tədbirlərin davamı olaraq mayın 8-də "Hyatt
Regency" hotelində Baş Prokurorluq tərəfindən xalqımızın ümummilli
lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş "Azərbaycan Respublikası Prokurorluğunun yenidən
formalaşmasında Heydər Əliyevin rolu" mövzusunda
konfrans keçirilmişdir.
Konfrans
iştirakçıları əvvəlcə Fəxri xiyabanda
xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını
ziyarət etməklə onun əziz və unudulmaz xatirəsini
yad etmişlər.
Eyni
zamanda, ulu öndərin həyat yoldaşı, görkəmli
alim Zərifə xanım Əliyevanın da xatirəsi
anılmışdır.
Konfransın
işində Baş Prokurorluğun, Respublika Hərbi və
Bakı şəhər prokurorluqlarının rəhbər
heyəti, bir sıra tabe prokurorlar və prokurorluğun gənc
əməkdaşları, Baş Prokurorluğun dəvəti
ilə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli
Məclisin deputatı Mübariz Qurbanlı da iştirak
etmişdir.
Konfransı
giriş nitqi ilə açan baş prokuror Zakir Qaralov "ulu
öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər
heyəti ilə 26 aprel 2000-ci ildə keçirdiyi
müşavirə Azərbaycan Prokurorluğunun tarixində
dönüş nöqtəsi olmuşdur" mövzusunda geniş məruzə ilə
çıxış etmişdir. Z.Qaralov qeyd etmişdir ki,
yubiley ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin
imzaladığı "Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi
haqqında" 2013-cü il 21 yanvar tarixli sərəncamı
ulu öndərin unudulmaz xatirəsinə ümumxalq məhəbbətinin
ifadəsi olmaqla yanaşı, ilk növbədə, Heydər Əliyevin
Azərbaycan xalqı və dövləti qarşısında
misilsiz tarixi xidmətlərinə dövlət səviyyəsində
verilən layiqli qiymət kimi dəyərləndirilməlidir.
Diqqətə
çatdırılmışdır ki, keçən əsrin
60-cı illərindən başlamaqla ölkəmizin 30 ildən
artıq bir dövrü əhatə edən ən yeni tarixi,
bu dövr ərzində müstəqil dövlət kimi
formalaşan Azərbaycan Respublikasının və
xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin
adı, onun müdrik dövlətçilik siyasəti ilə
bağlı olmuşdur. Bu müddət ərzində ulu
öndər tərəfindən həyata keçirilən
möhtəşəm dövlətçilik tədbirlərinin
nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında
birləşməklə, siyasi və iqtisadi müstəqilliyə
nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə,
demokratik dəyərlərə əsaslanan vətəndaş
cəmiyyətində layiqli yaşamaq imkanı əldə
etmişdir. Müxtəlif siyasi quruluşların
mövcudluğu şəraitində Azərbaycan
Respublikasına rəhbərlik etmiş Heydər Əliyev
şəxsiyyətinin böyüklüyü ondan ibarətdir
ki, o, sovetlər dönəmində ölkəmizin gələcək
müstəqilliyinin möhkəm iqtisadi əsaslarını
yaratmaqla xalqımızı öz suverenliyi uğrunda
mübarizəyə hazırlamağı bacarmış,
dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin
parçalanması təhlükəsi yarandığı bir
dövrdə xarici və daxili qüvvələrin məkrli
cinayətkar hərəkətlərinin
qarşısını almaqla sabitlik və əmin-amanlıq
şəraiti yaratmış, daha sonra isə Azərbaycanın
inkişaf etmiş bir ölkəyə çevrilməsini
şərtləndirən misli görünməmiş quruculuq
işlərini həyata keçirmişdir.
Eyni
zamanda, ümummilli lider Heydər Əliyev gördüyü
möhtəşəm işlərin
davamlılığını təmin etmək və müəllifi
olduğu və uzun illərə hesablanmış "Azərbaycanın
strateji inkişaf konsepsiyası"nın gələcəkdə
də reallaşdırılmasına nail olmaq məqsədi ilə,
millətin gələcək
lideri olacaq İlham Əliyevin yetkin bir siyasətçi kimi
yetişdirilməsini təmin etmişdir. Bunun nəticəsidir
ki, müdrik Heydər Əliyev dövlətçilik siyasətinin
və bu siyasəti yeni məzmunda uğurla davam etdirən
dövlət başçısı İlham Əliyevin həyata
keçirdiyi məqsədyönlü tədbirlər bu
gün Azərbaycan xalqının ən mütərəqqi
qanunlarla tənzimlənən, insan hüquq və
azadlıqları üçün real təminatlar yaradan vətəndaş
cəmiyyətində yaşamasını, hərtərəfli
islahatlar nəticəsində formalaşmış demokratik və
hüquqi dövlətdə fəaliyyət göstərməsini
təmin etmişdir.
Baş
prokuror qeyd etmişdir ki, doğma xalqına və millətinə
təmənnasız xidməti həyatının mənası
və məqsədi kimi qəbul edən, bu yolda mümkün
olan bütün addımları atan Heydər Əliyev siyasi
hakimiyyətdə olduğu bütün dövrlərdə
müstəqil Azərbaycan
dövlətçiliyinin formalaşdırılması və
daha da möhkəmləndirilməsi uğrunda mübarizə
meydanında olmuş və millətinə rəhbərlik
etmişdir. Bu yolda çox böyük maneələrlə
rastlaşması, fiziki cəhətdən məhv edilmək təhlükəsi,
çoxsaylı sui-qəsd və terror cəhdləri ilə
üzləşməsinə baxmayaraq, Heydər Əliyev
öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli
hərəkətləri, ən əsası - xalqının dəstəyi
nəticəsində doğma Azərbaycanı bugünkü və
gələcək nəsillər üçün qoruyub
saxlamış və müstəqil inkişaf yoluna
çıxarmışdır.
Diqqətə
çatdırılmışdır ki, müstəqil Azərbaycan
Respublikasının mühüm dövlət təsisatlarından
biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə
mövcudluğuna və demokratik məzmunda yenidən
formalaşmasına görə də, ilk növbədə,
xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə
borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin
maraqlarına xidmət edən bir qurum kimi dövlət idarəçiliyi
sistemində öz layiqli yerini tutması ölkəmizdə
aparılan hərtərəfli məhkəmə-hüquq
islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik
siyasəti, onun gündəlik qayğı və dəstəyi
nəticəsində mümkün olmuşdur.
İlk növbədə, xüsusi olaraq qeyd edilmişdir ki, Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdışı respublikamızın hüquq - mühafizə orqanlarının, o cümlədən Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətində də əsaslı dönüş yaradılmasına səbəb olmuş, çox ciddi intizam və tələbkarlıq şəraiti formalaşdırılmaqla dövlət mənafeyinin müdafiəsi məsələləri ön plana çəkilmişdir. Məhz xalqımızın ümummilli liderinin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilməklə, bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər edilmiş, "cəzanın labüdlüyü" prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.
Bildirilmişdir ki, Heydər Əliyevin 2000-ci il aprelin 26-da respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi müşavirə prokurorluğun tarixində əsil dönüş nöqtəsi oldu, ölkəmizdə aparılan möhtəşəm yenidənqurma proseslərindən kənarda qalan Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara başlanılmışdır. Heydər Əliyevin həmin müşavirədəki tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirdi. Onun tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması mümkün olmuşdur.
Xüsusi vurğulanmışdır ki, əldə etdiyi bütün uğurlara görə, ilk növbədə, ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə və rəhbər kimi hərtərəfli qayğısına minnətdar olan Azərbaycan Respublikası Prokurorluğunun kollektivi tərəfindən onun xatirəsi həmişə əziz tutulur və yüksək ehtiram göstərilir. Prokurorluğun tarixi keçmişinin öyrənilməsi məqsədi ilə yaradılmış "Azərbaycan Prokurorluğunun Tarixi muzeyi"ndə ümummilli lider Heydər Əliyevin 1990-2003-cü illər ərzindəki dövlətçilik fəaliyyətini əks etdirən, "Böyük xilaskar" və "Böyük qurucu" kimi onun möhtəşəm siyasət tədbirləri və quruculuq işlərini, bu siyasətin davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətini əks etdirən eksponatların toplandığı böyük zal yaradılmışdır ki, həmin muzey prokurorluq əməkdaşları tərəfindən mütəmadi ziyarət olunur.
Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də milli prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, fəaliyyətinin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur.
Ölkə başçısının siyasi iradəsinə müvafiq olaraq, korrupsiyaya qarşı mübarizə işinin təşkilində prokurorluq orqanlarının məsuliyyətinin daha da artırılması, ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokurorluğun tərkibində yaradılması, onun fəaliyyətinin mütəmadi olaraq təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət səviyyəsində zəruri tədbirlərin həyata keçirilməsi yüksək etimadın təzahürüdür.
Həyata keçirilən tədbirlər sırasında Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, digər hüquq- mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.
Konfransda Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı "Xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasətində xalq amili" mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin çıxışın ana xəttini təşkil edən əsas ideya ondan ibarət olmuşdur ki, ulu öndər Heydər Əliyev həmişə Azərbaycan xalqı ilə bir yerdə olmuş və öz gücünü ondan almışdır. Bu sarsılmaz birlik Azərbaycan xalqının bütün qələbələrinin mənbəyi olmuşdur.
Daha sonra baş prokurorun birinci müavini Rüstəm Usubov "Ulu öndər Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərində müvafiq dövlət təsisatları və Azərbaycan Prokurorluğunun dövlət çevrilişləri, terror aktları və dövlətçilik əleyhinə digər ağır cinayətlərə qarşı mübarizəyə səfərbər edilməsi", baş prokurorun müavini - respublika hərbi prokuroru Xanlar Vəliyev "Milli Ordumuzun yaradılması, müstəqil Azərbaycanın hərbi prokurorluq orqanlarının formalaşdırılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin rolu", baş prokurorun müavini Namiq Əsgərov "Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri kimi dövlət ittihamının müdafiəsi işinin yenidən təşkili", Kadrlar İdarəsinin rəisi Bəhruz Mahmudov "Heydər Əliyevin siyasi iradəsi Azərbaycan Respublikası Prokurorluğu orqanlarında qulluğa qəbulun yeni qaydalarının müəyyənləşdirilməsi və prokurorluğun kadr korpusunun yenidən formalaşdırılmasının əsasını təşkil etmişdir", Bakı şəhər prokuroru Əziz Seyidov "Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin və hüquqi islahatların yaradıcısıdır", Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev "Azərbaycan Respublikasında müstəqil dövlət quruculuğu və korrupsiyaya qarşı mübarizə", Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov "Heydər Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin banisidir" və Hüquqi təminat və informasiya texnologiyaları idarəsinin rəisi Natiq Hüseynov "Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyaları bütün dövlət təsisatlarında, o cümlədən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında yeni informasiya texnologiyalarının tətbiqinə başlanılmasının əsası olmuşdur" mövzularında çıxışlar etmişlər.
Konfrans iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğu orqanlarının kollektivi adından xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına yekdilliklə müraciət qəbul edilmişdir.
Konfransın işinə yekun vuran baş prokuror Zakir Qaralov bir daha diqqətə çatdırmışdır ki, ulu öndər Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyəti və zəngin siyasi irsi həmişə xalqımızın inkişaf yolunu işıqlandıran və ona düzgün yol göstərən bir mayak olacaqdır. İndiki və bundan sonra gələcək nəsillər bu dahi azərbaycanlının şanlı həyat yolundan həmişə özləri üçün nümunə götürəcək və kamil vətəndaşlar kimi yetişmələri üçün ondan öyrənəcəklər.
Qürur
hissi doğuran haldır ki, milli prokurorluq orqanlarında işləmiş
və bu gün çalışan bir neçə nəsil
prokurorluq əməkdaşlarının fəaliyyəti bu
dahi insanın Azərbaycan Respublikasına rəhbərlik
etdiyi dövrə təsadüf etmişdir. Azərbaycan
Prokurorluğu bugünkü vəziyyətdə
mövcudluğuna, dövlət təsisatı kimi hərtərəfli
təkmilləşdirilməsi və müasirləşdirilməsi
yolunda əldə etdiyi nailiyyətlərə görə, ilk
növbədə, Heydər Əliyev şəxsiyyətinə
və onun dövlətçilik siyasətinə borcludur. Bu
gün konfransda edilən çıxışlar da bir daha əyani
surətdə onu göstərdi ki, ulu öndər Heydər Əliyevin
dövlətçilik fəaliyyəti nə qədər
çoxşaxəli olmuş, ölkə həyatının
bütün sahələri onun zəhməti hesabına hərtərəfli
inkişaf etmiş və bugünkü təminatlı həyatımızın
ilkin əsasları yaradılmışdır.
Baş
prokuror konfrans iştirakçıları və prokurorluq
orqanlarının bütün əməkdaşları
adından əminliyini bildirmişdir ki, prokurorluğun
kollektivi həmişə Heydər Əliyev ideyalarına sadiq
olacaq, onun unudulmaz xatirəsini əziz tutacaq və
bütün qüvvələrini Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi altında bu möhtəşəm
ideyaların həyata keçirilməsinə istiqamətləndirəcəkdir.
AzərTAc
Azərbaycan.-2013.- 9 may.- S.5.