Heydər Əliyev və müasir aqrar siyasət

 

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasına birinci dəfə rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) də aqrar sahəni iqtisadiyyatın prioritet istiqaməti kimi qiymətləndirmiş və bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Onun bilavasitə rəhbərlik etdiyi və nəzarəti altında aparılan aqrar siyasət həmin vaxtlar çox qısa müddətdə öz müsbət nəticəsini göstərmişdir. Ulu öndər Azərbaycanı keçmiş ittifaqda geridə qalan primitiv aqrar respublikadan qabaqcıl aqrar-sənaye respublikası kimi ön sıraya çıxarmış və daha yüksək inkişafa nail olmaq üçün möhkəm təməl yaratmışdır.

Həmin dövrdə aqrar bölmədə əsas diqqət bitkiçilik və heyvandarlıqda məhsuldarlığın yüksəldilməsinə, təsərrüfatların maddi-texniki bazasının möhkəmləndirilməsinə, emal müəssisələrinin tikintisinə və fəaliyyətlərinin genişləndirilməsinə, heyvandarlığın sənaye əsasında inkişafına, yeni texnika və texnologiyaların tətbiqinə, yüksək məhsuldar bitki sortları və heyvan cinslərinin yaradılmasına və istifadəsinin təşkilinə, kəndlərin sosial inkişafına və həlli vacib olan digər məsələlərə yönəldildi. Həyata keçirilən bu və ya başqa təşkilati tədbirlər sayəsində kənd təsərrüfatında əmək məhsuldarlığı ildən-ilə yüksəlməyə başladı, istehsalın həcmi artmaqla respublikamız üzüm istehsalına görə ittifaqda birinci yerə, pambıq istehsalında isə üçüncü yerə yüksəldi.

Təəssüf ki, bu dinamik inkişaf Heydər Əliyevin Azərbaycana rəhbərlikdən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə keçdikdən sonrakı dövrdə təmin edilmədi və hətta tənəzzül baş verdi.

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə - 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi ölkəyə rəhbərliyə başladıqdan sonra aqrar sahədə ciddi dönüş yaratmağın vacib olduğunu özünəməxsus uzaqgörənliklə yəqin etdi. Bu məqsədlə ilk növbədə kənd təsərrüfatında mövcud olan tənəzzülün qarşısı alındı və yubanmadan aqrar islahatlara başlamaq qərarı verildi. Aqrar islahatların hüquqi bazasını yaratmaq üçün 1995-ci ildən başlayaraq "Aqrar islahatın əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında", "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edildi və Azərbaycan Respublikasının Prezidenti 10 yanvar 1997-ci il tarixli "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" fərman imzaladı. Yaradılan bu hüquqi baza əsasında Azərbaycanda analoqu olmayan aqrar islahat prosesi başladı və MDB-yə daxil olan digər ölkələrlə müqayisədə çox qısa bir vaxtda sovxoz və kolxozlar ləğv edilərək torpaqları və əmlakı pulsuz olaraq kəndlilərə paylandı. Ölkəmizdə torpaq islahatının bir üstün cəhəti də ondadır ki, başqa ölkələrdən fərqli olaraq torpaqların əhalinin xüsusi mülkiyyətinə verilməsini təsdiq edən hüquqi sənədlərin rəsmiləşdirilməsi də dövlətin hesabına aparılmış və bu proses az müddətdə başa çatmışdır. Bununla da torpaq üzərində bazar iqtisadiyyatının əsas atributlarından olan xüsusi mülkiyyət hüququ formalaşmışdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycandan fərqli olaraq MDB-yə üzv digər ölkələrdə torpaqların və onların üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi pulsuz aparılmadığına görə bu proses hələ də davam edir. Bu isə həmin ölkələrdə kənd təsərrüfatının inkişafına mane olur.

Torpaqların xüsusi mülkiyyətə verilməsi aqrar siyasətin əsas istiqaməti olsa da, mövcud vəziyyət dərindən təhlil edilmiş və Prezident onlardan səmərəli istifadənin təmin edilməsi üçün bir sıra əlavə tədbirlərin görülməsini vacib saymışdır. Belə ki, Heydər Əliyevin 1999-cu ildə imzaladığı sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına neft məhsullarının pərakəndə satışında güzəştlər edilməyə başlandı və 2001-ci ildən istehsalçılar torpaq vergisi istisna olmaqla digər vergilərdən azad oldular. Qeyd etmək lazımdır ki, bu dərəcədə güzəştlər MDB məkanında ilk dəfə Azərbaycanda tətbiq olunmuş və hazırda da davam edir.

Əsası ümummilli lider Heydər Əliyevin irəli sürdüyü prinsiplərə uyğun qoyulan aqrar siyasət 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev tərəfindən müasir dövrün tələbləri nəzərə alınmaqla uğurla davam etdirilir. Prezidentliyinin ilk illərindən başlayaraq dövlət başçısı aqrar sahəni ölkəmizin milli təhlükəsizliyinin tərkib hissəsi kimi qiymətləndirərək bu bölmənin davamlı inkişafına dair sistemli tədbirləri əhatə edən qərarlar qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin formalaşdırdığı aqrar siyasətin əsasını rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etməklə daxili bazarı qorumaq və ekoloji təmiz məhsullarla xarici bazarlara çıxmaq, kənd təsərrüfatı ilə kənd yerlərinin tarazlı inkişafına nail olmaq təşkil edir. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyini artırmaq, iri təsərrüfatların yaradılması, yeni texnika və texnologiyaların tətbiqi, toxumçuluğu və damazlıq heyvandarlığı inkişaf etdirmək, kooperasiya və inteqrasiya əlaqələrini genişləndirmək, kəndin sosial infrastrukturunun inkişafını təmin etmək və digər məsələlər prioritet istiqamətlər kimi müəyyən olunmuşdur.

Bazar iqtisadiyyatına keçidin aqrar sahənin bütün problemlərinin həllinə və ölkənin ərzaq təhlükəsizliyinə tam təminat vermədiyini nəzərə alaraq ölkə başçısı bu sahədə münasibətləri tənzimləmək üçün dövlətin müdaxiləsinin vacibliyini önə çıxarmışdır. Prezidentin imzaladığı sərəncamlarla kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunma müddəti 2014-cü ilə kimi uzadılmış, 2007-ci ildən başlayaraq əkin sahəsinin hər hektarına 40 manat (buğda və çəltik sahələrinə isə əlavə olaraq 40 manat) subsidiya verilməsi, aqrolizinq yolu ilə mineral gübrələrin və damazlıq heyvanların güzəştli qiymətlərlə satılması, toxumçuluq təsərrüfatlarına dövlət büdcəsindən əlavə vəsait ödənilməsi, digər birbaşa və dolayı subsidiyalar və güzəştlər verilməsi həyata keçirilir. Bütün bunların nəticəsidir ki, 1996-cı ildən indiyə kimi hər il kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmində dinamik artım təmin edilir. Təkcə 2011-ci ildə ölkəmizdə 4,5 milyard manatlıq və ya 1995-ci ilə nisbətən 6,2 dəfə çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Son illər ölkə əhalisinin istehlak etdiyi heyvandarlıq və bitkiçilik məhsullarında yerli istehsalın payı xeyli artmış və adambaşına bu məhsulların istehlakı çoxalmışdır.

Hazırda aqrar sektorun inkişafını kəndlərin sosial inkişafından kənar düşünmək qeyri-mümkündür. İndi ölkə əhalisinin 47,1 faizi və ya 4,3 milyonu kənddə yaşayır və məşğul əhalinin 37,9 faizi (1,6 milyon nəfər) kənd təsərrüfatında çalışır. Bu onu göstərir ki, ölkəmiz kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malikdir və bundan səmərəli istifadə etmək lazımdır. Göstərilənləri nəzərə alaraq ölkə Prezidentinin sərəncamları ilə son illər regionların inkişafına dair iki dövlət proqramı qəbul edilmiş, müxtəlif dövlət və qeyri-dövlət maliyyə mənbələri hesabına kənd yerlərində təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sosial obyektlər tikilmiş və belə tikintilər davam etdirilir. Ölkə ərazisindəki bütün kəndlər elektrik enerjisi ilə tam təmin edilmiş və kəndlərin qazlaşdırılması yaxın illərdə başa çatdırılacaqdır. Kəndlərə asfalt yolların çəkilməsi sürətlə davam edir, rayon mərkəzləri və kəndlər su və kanalizasiya xətləri ilə təmin olunur. Həyata keçirilən bu tədbirlər kəndlərdə yaşamaq və işləmək üçün geniş imkanlar yaratmaqla kənd ərazilərinin və kənd təsərrüfatının inkişafına böyük stimul və təkan verir.

Ölkəmizdə həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindən biri də ölkə əhalisinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına maksimum dərəcədə ödənilməsidir. Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir ki, əsas ərzaq məhsullarının istehlakı 100 faiz Azərbaycanda istehsal olunan mallar hesabına təmin olunmalı və başqa ölkələrdən ən çox asılı olduğumuz taxıl istehsalını maksimum dörd-beş il müddətində özümüzü 100 faiz təmin edəcək səviyyəyə çatdırmalıyıq. Bu məqsədlə hələ bir neçə il bundan əvvəl taxıl istehsalı ilə məşğul olacaq iri fermer təsərrüfatlarının yaradılması barədə Prezident müvafiq dövlət qurumlarına tapşırıqlar vermişdir. Artıq bu vəzifələr yerinə yetirilir.

İri təsərrüfatların yaradılmasının ikinci yolu kənd təsərrüfatı kooperativlərinin təşkilidir.

Ərzaq təhlükəsizliyi problemini həll etmək, kənd təsərrüfatı istehsalı ilə əlaqəli fəaliyyət göstərən təşkilatların (emal, maddi-texniki təchizat, aqroservis, kredit, sığorta, məhsulun tədarükü, satışı və s.) inhisarının qarşısını almaq, kənd ərazilərinin inkişafına təkan vermək, inflyasiyaya yol verməmək və rəqabətə davamlı məhsul istehsalı ilə qloballaşan dünya iqtisadiyyatına inteqrasiya olunmaq üçün kənd təsərrüfatı istehsalçılarının birgə fəaliyyətinə əsaslanan könüllü kooperasiya əlaqələrinin qurulması dövrümüzün mühüm tələblərindəndir. Dünya praktikası sübut edir ki, kənd təsərrüfatının gələcək inkişafı əsasən kooperasiyanın üstünlüklərindən istifadə etməklə müəyyən ediləcək, ailə (kəndli) təsərrüfatları və kiçik kənd təsərrüfatı müəssisələrinə xidmət məsələləri isə kənd təsərrüfatı kooperativlərinin yaradılması və köməyi ilə həll olunacaqdır. Bunu nəzərə alaraq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı istehsal və istehlak kooperativlərinin yaranmasına və onlara dövlət dəstəyinin göstərilməsinə xüsusi önəm verilir.

Respublikamızda gələcəkdə ümumi daxili məhsul əsasən qeyri-neft sektorunun hesabına formalaşacaqdır. Bunu nəzərə alaraq hökumət dövlət büdcəsindən bu bölməyə, xüsusilə də onun prioritet istiqaməti olan aqrar sahəyə ildən-ilə daha çox büdcə vəsaiti yönəldir. Hazırda kənd rayonlarının əksəriyyətində kənd təsərrüfatı məhsullarını saxlamaq üçün anbarlar və emal müəssisələri tikilib istifadəyə verilir.

Azərbaycanın müasir aqrar siyasətinin əsas istiqamətlərindən biri istehsalın intensiv yollarla inkişaf etdirilməsidir. Bu məqsədlə mövcud potensialdan daha səmərəli və geniş istifadə etmək lazımdır. Onu da qeyd etmək lazımdır ki, bu istiqamətdə ölkəmizdə müəyyən tədbirlər həyata keçirilir. Belə ki, toxum istehsalçılarının və damazlıq heyvandarlıqla məşğul olanların stimullaşdırılması həyata keçirilir, heyvandarlıqda süni mayalanma ildən-ilə genişlənir, cins heyvanların sayı artırılır. Buna baxmayaraq istər bitkiçilikdə, istərsə də heyvandarlıqda məhsuldarlığın başqa ölkələrlə müqayisədə dəfələrlə az olması bu sahədə böyük potensialın mövcudluğunu göstərir. Ona görə də toxumçuluq və damazlıq işinə diqqət artırılmalı, kənd təsərrüfatının gələcəyini müəyyən edən bu məsələlərə dövlət nəzarəti gücləndirilməli, toxumçuluq və damazlıq təsərrüfatlarının qarşısına çox yüksək və ciddi tələblər qoyulmalıdır.

Bir məsələyə də diqqət yetirilməsini vacib hesab edirik. Məlumdur ki, aqrar islahatlar nəticəsində torpaqların kənd əhalisinə paylanması kənd təsərrüfatı məhsulu istehsalçılarının sayını artırmışdır. Əvvəllər bir rayonda 30-50 kolxoz və ya sovxoz kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olurdusa, hazırda istehsalçıların sayı on minlərlə ölçülür. Müxtəlif peşə sahibləri olan bu insanların kənd təsərrüfatı istehsalını idarə etmək, istehsal fəaliyyətinin sirlərinə yiyələnmək, istehsal vasitələri almaq və məhsul satışını təşkil etmək, yeni texnika və texnologiyaları tətbiq etmək və digər məsələləri həll etmək bacarığı, eləcə də qloballaşan dünya iqtisadiyyatına inteqrasiya olunmaq, istehsal prosesinin bütün mərhələlərinin modernləşdirilməsini həyata keçirmək və səmərəli fəaliyyət göstərmək üçün aqrar sektorda çalışanlar geniş informasiyaya malik olmalıdır. Təəssüf ki, bu məsələdə çox az iş görülür. Onu da qeyd edək ki, MDB məkanında Avropa ölkələrinə nisbətən kənd təsərrüfatında məhsuldarlığın aşağı olmasının bir səbəbi də informasiya qıtlığıdır. Belə ki, Avropa ölkələrində fermerlərin 85-95 faizi aqrar məsələlərə dair hərtərəfli informasiyaya malik olduğu halda, MDB ölkələrində bu rəqəm 20-25 faiz təşkil edir. Ona görə də müasir aqrar siyasətin ölkəmizdə uğurla həyata keçirilməsi üçün respublikamızın bütün ərazisini əhatə edən kənd təsərrüfatı informasiya-məsləhət xidməti şəbəkəsi yaradılmalıdır. Bu məqsədlə kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında qanunun hazırlanmasına və qəbul edilməsinə böyük ehtiyac var.

Azərbaycanda müasir aqrar siyasət Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı sayəsində uğurla davam edəcək, ölkəmizin aqrar sahəsi dünya iqtisadiyyatına daha geniş inteqrasiya olunmaqla respublika əhalisinin yüksək keyfiyyətli ərzağa olan tələbatını yerli istehsal hesabına təmin edəcəkdir. Çünki bu prosesin bünövrəsi böyük siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.

 

 

Eldar İBRAHİMOV,

Milli Məclisin komitə sədri,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.-2013.- 9 may.- S.6.