Baş nazirin müavini Əli Həsənov Bərdədə qaçqın və məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə bağlı müşavirə keçirmişdir

 

Mayın 8-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün salınan yeni yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə bağlı vəziyyəti öyrənmək məqsədi ilə Bərdədə olmuşdur.

AzərTAc xəbər verir ki, yaşayış məhəlləsində tikintinin gedişi ilə tanış olan Ə.Həsənov burada inşaatçılarla müşavirə keçirmiş, işlərin yüksək keyfiyyətlə və vaxtında görülməsi üçün tapşırıqlar vermişdir.

Müşavirədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq salınan yeni yaşayış məhəlləsində hər biri 5 mərtəbədən ibarət 15 ev, 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, həkim məntəqəsi, klub, inzibati bina, poçt inşa edilir. Binalardakı mənzillər dörd, üç, iki və birotaqlıdır. Tikinti işləri ilə 20-yə yaxın şirkət məşğul olur. İşlər tam yekunlaşdırıldıqdan sonra yeni məhəllədəki mənzillərə Bərdə rayonu ərazisindəki təhsil müəssisələrində müvəqqəti məskunlaşmış ailələr köçürüləcəkdir.

Müşavirədə tikinti şirkətlərinin nümayəndələri çıxış edərək inşaat işlərinin gedişinin qrafikə uyğun getdiyini diqqətə çatdırmışlar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müşavirəyə yekun vurmuşdur.

 

 

Azərbaycan.-2013.- 9 may.- S.10.