Madrid KlubuNizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanmışdır

 

Mayın 8-də Bakıda keçirilən Cənubi Qafqaz Forumu çərçivəsində forumun təşkilatçılarından olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Madrid Klubunun prezidenti, Niderlandın sabiq Baş naziri Vim Kok mətbuat konfransı keçirmişlər.

AzərTAc xəbər verir ki, Nazim İbrahimov forumun  Azərbaycanın dünyaya tanıdılması üçün çox əhəmiyyətli olduğunu demişdir. O bildirmişdir  ki, forumda sivilizasiyalararası, mədəniyyətlərarası dialoq, dözümlülük, tolerantlıq məsələləri, qadın hüquqları ətrafında müzakirələr aparılmışdır. Azərbaycan bu gün dünyaya tolerantlıq nümayiş etdirir və forumun keçirilməsi üçün Bakı təsadüfən seçilməmişdir.

Vim Kok ikigünlük forum çərçivəsində dini, mədəni fərqliliklərlə bağlı müzakirələr aparıldığını, birgə çalışmaqla müxtəlif məsələlərin həllinə nail olmağın mümkünlüyünü qeyd etmişdir.

Qonaq vurğulamışdır ki, Bakıya ilk dəfə gələn forum iştirakçıları yüksək  təəssürat əldə etmişlər, təkrar gələnlər isə böyük inkişafın şahidi olmuşlar.

Tədbirdə  Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanmışdır.

 

 

Azərbaycan.-2013.- 9 may.- S.11.