Həmkarımızın yeni kitabı

 

Şuşanın  erməni-daşnak quldurları tərəfindən işğal edilməsindən - 8 may 1992-ci ildən 21 il ötür. Bu illər ərzində Şuşaya edilən xəyanətdən, ermənilərin isə vandalizm siyasətindən kifayət qədər yazılıb və danışılıb.  Bu ulu mədəniyyət və incəsənət beşiyinin tarixi səhifələnib, dünyaya  verdiyi  şəxsiyyətlərindən müəyyən qədər söz açılıb.  Atatürk Mərkəzində haqqında bəhs edilən yeni nəşrin təqdimat mərasimini aparan Milli Məclisin  Mədəniyyət komitəsinin sədri, akademik Nizami Cəfərov, yazıçı-jurnalist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir,  professorlar Qəzənfər Paşayev, Vilayət Əliyev, Vaqif Arzumanlı, deputatlardan Qənirə Paşayeva, Flora Qasımova, Musa Urud, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, əməkdar artist Yaqut Abdullayeva  və digərləri "Azərbaycan" qəzetinin şöbə redaktoru, əməkdar jurnalist Flora Xəlilzadənin təqdimatı keçirilən "Ruhumuzun ünvanı Şuşa" kitabının özünəməxsusluğundan söz açdılar. Qeyd edildi ki, Şuşanın tarixi keçmişi,  xalqımızın mədəniyyət və mənəviyyatının ünvanı kimi zaman-zaman yaşadığı məşəqqətlər, onun odlara qalanması , uğrunda şahların və sərkərdələrin döyüşkən mübarizəsi, "qalibiyyətləri" və məğlubiyyətləri  barədə  az yazılmayıb. Lakin  "Ruhumuzun ünvanı Şuşa" oxucu ğörüşünə tamamilə yeni forma və üslubda  gəlib. Tarixən Şuşadan yazılan istər  bədii, publisist əsərlər, istərsə də  tədqiqat və araşdırmalardan  tamamilə fərqlənən yeni kitab müəllifin yalnız peşəkarlığı ilə deyil, Şuşaya olan məhəbbəti ilə də diqqət çəkir.

Azərbaycanın qədim tarixə malik şəhərlərindən biri   olan Şuşanın özünəməxsus tarixi, coğrafiyası, etnoqrafiyası, mədəniyyəti və məişəti olub. Şuşa həmçinin gerbi olan şəhərlərdən biri idi: "O zaman Şuşa - Kaspi vilayəti Yelizavetpol quberniyası Şuşa qəzasının mərkəzi statusuna malik idi. Bütün qəza şəhərləri kimi, Şuşanın da öz gerbi vardı. Bu gerb 1843-cü il mayın 21-də təsdiq edilmişdi".

Kitab  oxucusuna  bu sənət ocağının şöləsində naleyi-ney, nəğmeyi-tarı, əbədiyaşar ömürləri, adaşları, qürbətə düşənləri, bir yolun üç ünvanını göstərir. Bax, elə buna görə də "Sözümüz, özümüz Şuşa", "Şuşa xalqımızın milli xarakteridir", - deyir müəllif. Onu da xüsusi  qeyd edir ki, Şuşa Azərbaycanın mənəviyyat salnaməsidir. O, gah Vaqifi Cıdır düzündə canlandırır,  gah da oxucuya sinəsi dağlı diyarın unudulmaz simalarını tanıdır. İrfan ocaqlı,  Tanrının gözəllik sərgisi  - Cıdır düzündən dünya üzünə mədəniyyət  paylayan, üfüqdən boylanan Şuşamızın tarixinin dilsiz şahidləri, abidələşən ömürləri, nəhayət, "yeddi oğulun dastanı" ilə tanış olmaq üçün yeni nəşri, sadəcə, vərəqləmək yox, onu oxumaq, duymaq və düşünmək gərəkdir!

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 9 may.- S.14.