Heydər Əliyev müasir Azərbaycan parlamentinin banisidir

 

1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin qarşısında yeni tarixi vəzifələr dayanırdı. Bu baxımdan 1993-cü il iyunun 15-də Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi respublikanın həyatında çox mühüm hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı.

Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı.

Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edildi.

Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk gündən dövlət quruculuğuna, idarəetmənin təkmilləşdirilməsinə, iqtisadi islahatların aparılmasına, xarici ölkələrlə əlaqələrin qurulmasına, müdafiə və hərbi quruculuq məsələlərinə ciddi fikir verildi. Ali Sovetin sədri mədəniyyətin, elmin və təhsilin inkişafına da böyuk diqqət yetirir, alimlərlə, gənclərlə görüşlər keçirir, onlarla ölkənin gələcəyi barədə fikirlərini bölüşürdü.

Parlamentin sədri vəzifəsində fəaliyyət göstərən Heydər Əliyev qanunun aliliyi, azad vətəndaş cəmiyyəti prinsiplərinin bərqərar olması zəruriliyini dəfələrlə vurğulayırdı:

"Azərbaycan Respublikası demokratik yolla getməlidir, Azərbaycanda həqiqi demokratiya prinsipləri yaranmalıdır, inkişaf etməlidir, Azərbaycanda siyasi plüralizmə imkan yaradılmalıdır. Azərbaycan çoxpartiyalı bir cəmiyyət kimi yaranmalıdır, partiyaların fəaliyyətinə şərait yaradılmalıdır, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə, sərbəst iqtisadiyyat yolu ilə getməlidir. Azərbaycanda milli həmrəylik, insanlar, siyasi partiyalar, qurumlar arasında sülh və sağlam rəqabət əhval-ruhiyyəsi yaranmalıdır."

Hələ 1969-cu ildə respublika rəhbərliyinə irəli çəkildiyi ilk gündən mövcud nöqsanları açıq-aşkar ictimai müzakirəyə çıxararaq onların həlli yollarını göstərən Heydər Əliyev problemlərin tez bir zamanda aradan qaldırılması üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, intibah prosesinə təkan vermişdir. Ulu öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə respublikanın qanunvericilik sisteminin möhkəmləndirilməsi, bu prosesdə əsas ağırlığı üzərinə götürən ali qanunverici orqanın fəaliyyətinin təkmilləşdirilməsi işinə də xüsusi qayğı ilə yanaşmışdır. Onun təşəbbüsü ilə həmin dövrdə Azərbaycan SSR Ali Sovetində milli-mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanılmasına, elmi-intellektual tərəqqiyə xidmət edən mühüm qanunların, qərarların qəbulu xalqda milli oyanışı və özünüdərk hissini gücləndirmişdir.

1970-ci illərdə Heydər Əliyev respublikanın birinci katibi olmaqla yanaşı, SSRİ Ali Sovetinin (VIII-X çağırışlar) deputatı, yuxarı palatanın - İttifaq Sovetinin sədr müavini (IX çağırış), habelə Azərbaycan SSR Ali Sovetinin (VII-X çağırışlar) deputatı və rəyasət heyətinin üzvü olmuş, bu imkanlardan xalqımızın mənafeyi naminə layiqincə istifadə etmişdir. Qanunverici orqanla sıx təmasda fəaliyyət göstərən Heydər Əliyev onun cəmiyyət və dövlət həyatındakı müstəsna rolunu düzgün dəyərləndirmişdir. IX, X və XI beşilliklərin proqramlarının təsdiq olunmasında, respublikanın illik büdcələrinin qəbulunda yaxından iştirak etmiş ulu öndər milli mənafeyə əsaslanan parlamentarizm ənənələrinin formalaşmasına çalışmışdır. Azərbaycan SSR Ali Soveti və SSRİ Ali Sovetinin tribunalarından məharətlə istifadə edən Heydər Əliyev rəhbəri olduğu deputat qrupunun Moskvadakı fəaliyyətini də respublikanın mənafeyi baxımından düzgün istiqamətləndirmişdir.

Hələ sovet dövründə Azərbaycan SSR Ali Soveti Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən möhtəşəm quruculuq işlərinin mükəmməl hüquqi bazasının formalaşdırılması prosesində yaxından iştirak etmiş, dayanıqlı inkişafa zəmin yaradan mühüm qərarlar qəbul etmişdir. Həmin dövrdə eyni zamanda Mülki, Mülki-Prosessual və Cinayət-Prosessual məcəllələrinə bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilmiş, Azərbaycan SSR-in məhkəmə quruluşu, Səhiyyə, Dövlət notariatı, Xalq təhsili, Tarixi və Mədəni Abidələrin Qorunması, Xalq Deputatları Sovetləri, Torpaq və Əmək haqqında qanunlar, ailə və nikah haqqında məcəllələr qəbul olunmuşdur. 1970-1980-ci illərdə icra orqanları ilə parlamentin işinin səmərəli koordinasiyası milli tərəqqi üçün zəruri əsaslar formalaşdırmış, Azərbaycanın gələcək siyasi müstəqilliyinə möhkəm körpü salmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Məclisinin hazırkı binası da məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə inşa olunaraq istifadəyə verilmişdir.

Ulu öndər Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə uzaqgörən bir siyasətçi kimi dövlət müstəqilliyinə zəmin yaradan bir sıra tədbirləri uğurla həyata keçirmiş və bu istiqamətdə ciddi nailiyyətlər əldə etmişdir. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işlərini də dövlət müstəqilliyinə təminat yaradan başlıca faktor kimi nəzərdən keçirmək lazımdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın bir vaxt müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır. Həmin dövrün statistikasına əsasən, Azərbaycan Ukrayna və Rusiya da daxil olmaqla, SSRİ büdcəsindən dotasiya almadan öz problemlərini həll etməyə qadir üç respublikadan biri olmuşdur.

Ölkəmizin ağır günlər yaşadığı bir dövrdə - 1993-cü il iyunun 9-da ümummilli liderin xalqın təkidli istəyinə səs verərək Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, dövlətinin taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha sübut etdi. Heydər Əliyevin iyunun 15-də Ali Sovetin sədri seçilməsi isə bu siyasət nəhənginin sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş və özünəqayıdış tarixidir.

1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin sədri seçilmiş ulu öndər Heydər Əliyev ölkədə qanunçuluğun bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır. Həmin iclasdakı dərin məzmunlu nitqində Heydər Əliyev demişdir: "Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm".

Ali sovetin sədri kimi qısa müddətdə qurumun cəmiyyətdə nüfuzunu qaldıran, onun cılız çəkişmə və dartışma meydanına çevrilməsinin qarşısını alan Heydər Əliyev, eyni zamanda ali qanunverici orqana yeni ruh və müasirlik gətirmişdir. Ulu öndərin fitri idarəçilik keyfiyyətləri, səlist, rəvan və yüksək məntiqə söykənən nitqi, qətiyyətli mövqeyi, ən çətin situasiyalarda çevik qərarlar qəbul etmək qabiliyyəti bu gün böyük ehtiramla, rəğbətlə anılır. Bir ictimai-iqtisadi quruluş formasından digərinə keçid dövründə qanunların yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsini və davamlı inkişafa zəmin yaradan mükəmməl qanunvericilik sisteminin formalaşdırılmasının zəruriliyini düzgün dəyərləndirən Heydər Əliyev bu məqsədlə parlamentin geniş imkanlarından düzgün bəhrələnmişdir. Müharibə şəraiti ilə əlaqədar ulu öndər ilk növbədə müdafiə sisteminin hüquqi bazasının möhkəmləndirilməsinə diqqət yetirmiş, nizami ordu quruculuğuna xidmət edən qanunların hazırlanmasını və qəbulunu təmin etmişdir.

Ali Sovetin sədri vəzifəsində çalışdığı qısa zaman kəsiyində Heydər Əliyev parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Heç də təsadüfi deyil ki, 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8 faizi Heydər Əliyevə səs verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Bu seçimlə müstəqillik yolunda Azərbaycan xalqı keyfiyyətcə yeni bir dövrə qədəm qoydu.

 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyev qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə, bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsini təmin etdi. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və hərbi sahənin inkişafına yönəlmiş hüquqi sənədlər sırasında 1994-cü il 4 yanvar tarixli "Sərhəd qoşunları haqqında", 1994-cü il 8 fevral tarixli "Daxili qoşunların statusu haqqında", 1994-cü il 23 sentyabr tarixli "Silahlı qüvvələrin intizam Nizamnaməsinin təsdiqi haqqında", 1995-ci il 10 yanvar tarixli "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında Əsasnamənin təsdiqi haqqında" qanunlar xüsusi əhəmiyyət daşımışdır.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycanda sivil parlamentarizm ənənələrinin formalaşması da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il noyabrın 12-də Konstitusiyanın ümumxalq referendumuna çıxarılması ilə paralel şəkildə Azərbaycan Respublikası Milli Məclisinə ilk demokratik, azad seçkilərin keçirilməsi təmin edildi. Müstəqil Azərbaycanın tamamilə şəffaf şəraitdə formalaşmış I çağırış Milli Məclisi ilk gündən fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində qurmuş, çevik və məhsuldar fəaliyyətə başlamış, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması naminə gərgin çalışmış, ictimai etimadı doğrultmağa səy göstərmişdir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmini məqsədilə aparılan islahatların əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik dəyərlər, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri dayanmışdır.

Qanun yaradıcılığı prosesində dünyanın aparıcı demokratik ölkələrinin ən qabaqcıl qanunlarından bəhrələnən Milli Məclis Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi, ölkənin qanunvericilik sisteminin formalaşdırılması üçün üzərinə düşən vəzifələri uğurla yerinə yetirmişdir. 1993-cü il oktyabrın 10-dan 2002-ci il dekabrın 30-dək Milli Məclisdə qəbul edilmiş 1715 qanun və qərardan 975-nin məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunması da ulu öndərin bu sahədəki fəaliyyətinə əyani sübutdur.

Milli Məclis qanunların təkmilləşdirilməsi mərhələsində təkcə beynəlxalq təcrübəni öyrənib tətbiq etməklə kifayətlənməmiş, eyni zamanda milli maraqları əsas tutmaqla müxtəlif beynəlxalq konvensiya və sazişləri ratifikasiya etmişdir. Konstitusiyamızın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Bu maddə Azərbaycan Konstitusiyasının liberallığını və demokratikliyini bir daha sübuta yetirməklə yanaşı, həm də son 15 ildə ölkədə milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına yaxşı imkanlar açmışdır. Əsas Qanunumuzda əksini tapmış insan hüquq və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilmişdir.

2000-ci ildə keçirilmiş ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər də ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğu yolunda irəliyə doğru mühüm addım olmuşdur. Seçicilərin yüksək fəallığı şəraitində ikinci çağırış Milli Məclisə respublikamızda fəaliyyət göstərən 9 siyasi partiyanın təmsilçiləri seçilmiş, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası böyük qələbə qazanaraq deputat mandatlarının əksəriyyətini əldə etmişdir. Məhz ikinci çağırış Milli Məclisin fəaliyyəti dövründə 2001-ci il yanvarın 17-də respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmiş, beləliklə, milli qanunvericiliyin Avropa standartlarına uyğun təkmilləşdirilməsi sahəsində yeni imkanlar yaranmışdır. Xüsusi vurğulanmalıdır ki, 2000-2003-cü illərdə Azərbaycanın AŞ PA-dakı parlament nümayəndə heyətinin rəhbəri olmuş cənab İlham Əliyev təşkilat çərçivəsində Azərbaycanın milli maraq və mənafeyini layiqincə təmsil etmiş, Avropa məkanında nüfuzlu siyasətçi kimi tanınmışdır.

Mükəmməl milli qanunvericilik sisteminin formalaşdırılması istiqamətində ölkə rəhbərliyinin fəaliyyəti, eyni zamanda Milli Məclisin beynəlxalq əlaqələrinin genişlənməsinə, onun tərəfdaşlarının sayının artmasına şərait yaratmışdır. Ötən dövrdə Milli Məclisdə dünyanın 70-dən çox ölkəsinin parlamenti ilə əlaqələr üzrə işçi qrupları yaradılmış, qanunverici orqanın beynəlxalq əlaqələri genişlənmişdir. Azərbaycanın parlament nümayəndə heyəti tez-tez xarici ölkələrdə işgüzar səfərlərdə olur, habelə Milli Məclisdə xarici ölkələrin siyasi və dövlət xadimləri, parlament üzvləri ilə görüşlər təşkil edilir. Milli Məclis bir sıra beynəlxalq qurumların böyük və mühüm əhəmiyyətli tədbirlərinə ev sahibliyi edir, belə tədbirlərdə bir sıra vacib sənədlər müzakirə edilərək qəbul olunur. Bütün bunlar həm də qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətlidir. Azərbaycan parlamenti ölkənin beynəlxalq əlaqələrinin inkişafına layiqli töhfəsini verməklə yanaşı, respublikanın demokratik imicinin yüksəlməsində də öz sözünü deyir.

2003-cü ilin oktyabrından ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də qanun yaradıcılığı prosesinə dövlət quruculuğunun mühüm sahələrindən biri kimi yanaşmış, Milli Məclisin müasirləşməsinə, maddi-texniki bazasının yüksəlməsinə, iş üslubunun daha da təkmilləşməsinə çalışmışdır. 2005-ci il noyabrın 6-da keçirilmiş üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər Azərbaycan xalqının Heydər Əliyevin siyasətinə inamının, hörmət və ehtiramının əyani göstəricisi olmuşdur.

Milli Məclis daim dövlət başçısına dəstək olaraq ölkənin yeni inkişaf modelinin hüquqi təminatının yaradılmasında yaxından iştirak edir. Bu baxımdan parlamentin fəaliyyətinə qiymət verən Prezident İlham Əliyev belə demişdir: "Milli Məclis Azərbaycanın inkişafında çox mühüm rol oynayır. Yeni qanunlar qəbul olunur, Milli Məclisin beynəlxalq fəaliyyəti möhkəmlənir və deputatların seçicilərlə görüşləri çox mütəmadi xarakter alır. Bu, çox önəmlidir, çünki seçicilərin qayğıları, onların arzuları ilk növbədə yerinə yetirilməlidir. Bu baxımdan Milli Məclis üzvlərinin fəaliyyətindən çox şey asılıdır. Bütün görülən işlər, ölkədə gedən inkişaf meyilləri bir məqsədə qulluq edir: Azərbaycanı hərtərəfli inkişaf etdirmək, zəngin, qüdrətli dövlətə çevirmək, sosial ədalət prinsiplərini tam şəkildə bərqərar etmək və ölkəmizi müasirləşdirmək."

Bu gün fəxrlə deyə bilərik ki, Milli Məclis qanun yaradıcılığı sahəsində üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Parlament insan hüquq və azadlıqlarının qorunmasına, demokratik proseslərin dərinləşməsinə, hüquqi dövlət quruculuğuna, ölkə iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən qanun və qərarların qəbul edilməsində mövcud potensialdan səmərəli istifadə edir.

Hazırda müstəqil Azərbaycanın bütün sahələr üzrə qanunvericilik bazası mövcuddur. Qəbul olunmuş Konstitusiya qanunları, məcəllələr, qanunlar, təsdiq edilmiş konvensiyalar və sazişlər cəmiyyət və dövlət həyatında yaranan münasibətləri tənzimləməyə xidmət edir. Milli Məclis öz fəaliyyətində ulu öndərin dövlətçilik formuluna sadiq qalaraq milli xüsusiyyətləri nəzərə almaqla qabaqcıl dünya ölkələrinin təcrübəsindən, o cümlədən Avropa parlamentarizmi ənənələrindən bəhrələnməyə xüsusi əhəmiyyət verir.

Qürurvericidir ki, cənab İlham Əliyev vaxtilə Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri olduğu dövrdə formalaşmış parlament diplomatiyası ənənəsi bu gün deputatlarımız tərəfindən nüfuzlu beynəlxalq qurumlarda uğurla davam etdirilir.

Bu siyasətin məntiqi nəticəsi kimi Avropa Şurası Parlament Assambleyası, BMT-nin Baş Assambleyası, Avropa Parlamenti, Almaniya Bundestaqı və İtaliya Senatı Dağlıq Qarabağ problemi ilə əlaqədar qəbul etdikləri qətnamələrdə ölkəmizin mövqeyini dəstəkləmələrini misal göstərmək olar. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət" kampaniyası çərçivəsində xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız, diplomatlarımız və xarici ölkələrə səfər edən Milli Məclisin deputatları Xocalı soyqırımının bütün dünyada tanınması istiqamətində işlər aparır və artıq Kolumbiya, Meksika, Pakistan, Çexiya, Rumıniya, Latviya, Bosniya və Herseqovina parlamentlərində və ABŞ-ın yeddi ştatında Xocalı soyqırımına siyasi qiymət verilmişdir. İslam Konfransı Təşkilatının üzvü olan 56 ölkənin parlament nümayəndə heyəti də ötən il yanvarın 31-də Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanımışdır.

Dövlət başçısının xüsusi tapşırığı və qayğısı ilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası ən müasir tələblər səviyyəsində əsaslı təmir olunmuş, onun yeni korpusu inşa edilmiş, eksteryeri və interyeri əsaslı şəkildə müasirləşmiş, ətraf ərazidə abadlıq-quruculuq işləri aparılmışdır. Nəticədə ulu öndərin yadigarı olan bu möhtəşəm kompleks hazırda paytaxt Bakının ən modern və görkəmli tikililərindən biri kimi şəhərimizin qonaqlarında da xoş təəssürat yaradır. Xüsusi vurğulamaq istərdik ki, ulu öndər Heydər Əliyevin dövlət və xalq qarşısında misilsiz xidmətlərinin obyektiv dəyərləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi məqsədilə Milli Məclisin foyesində onun büstü qoyulmuş, parlamentdə "Heydər Əliyev Muzeyi" yaradılmışdır.

Milli qanunvericilik sisteminin təkmilləşdirilməsi prosesinə xüsusi qayğı ilə yanaşan dövlət başçısı İlham Əliyevin təşəbbüsü əsasında son 6 ildə ölkə həyatı üçün mühüm əhəmiyyət kəsb edən çoxlu sayda qanun və qərarlar qəbul edilmiş, parlamentin ölkənin ictimai-siyasi həyatında rolu daha da yüksəlmişdir. Bu gün parlamentdə həyata vəsiqə alan qanunlar hüquqi bazanı möhkəmləndirməklə yanaşı, Azərbaycan hakimiyyətinin ölkənin kompleks inkişafına dair həyata keçirdiyi siyasi kursa da töhfələr verir.

Müstəqil Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyması və bütövlükdə beynəlxalq aləmə inteqrasiyasının güclənməsi bir sıra yeni qanunvericilik aktlarının qəbulunu, əvvəllər qəbul olunmuş qanunlara əlavələrin və dəyişikliklərin edilməsini zərurətə çevirir. Bu baxımdan qətiyyətlə demək olar ki, Milli Məclisin ötən dövrdəki fəaliyyəti müsbət və uğurlu olmuşdur.

Azərbaycan diplomatiyası fəaliyyətini gücləndirərək BMT, ATƏT, Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın təcavüzkar siyasətini pisləyən bir çox qətnamələr və qərarlar qəbul edilməsinə nail olmuşdur. Hazırda ölkəmizin NATO-nun assosiativ üzvü kimi bu təşkilatla sıx əlaqələrinin mövcudluğu bu quruma tam hüquqlu üzv olacağımız günlərin yaxınlaşdığından xəbər verir. Bütün bu uğurların qazanılmasında Milli Məclisin də özünəməxsus rolu olmuşdur.

2011-ci ilin sonunda ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul edilməsi isə, sözün əsl mənasında, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş çağdaş Azərbaycan diplomatiyasının yeni qələbəsi, Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasətin dünya birliyi tərəfindən etirafı idi. Prezident İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatında bu barədə deyilir: "... Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib."

2006-cı il oktyabrın 2-də Milli Məclisin payız sessiyasının açılışında iştirak edən Prezident İlham Əliyev ali qanunverici orqanın hüquqi dövlət quruculuğu sahəsindəki fəaliyyətini yüksək qiymətləndirdi. 2007-ci il noyabrın 3-də isə Milli Məclisin tarixində yeni bir əlamətdar hadisə baş verdi - parlamentin inzibati binasının 15 mərtəbədən ibarət yeni korpusunun təməlqoyma mərasimi keçirildi. Prezident İlham Əliyevin göstərişi ilə dünya standartları səviyyəsində inşa olunan bina vaxtından əvvəl təhvil verildi. Parlamentin yeni korpusunun istifadəyə verilməsi mərasimində iştirak edən dövlət başçısı görülən işləri yüksək dəyərləndirdi.

Bu gün ölkəmizdə aparılan nəhəng quruculuq işlərindən, əldə edilən uğurlardan danışarkən qadınların rolunu da xüsusi qeyd etmək lazımdır. Məhz İlham Əliyevin prezidentliyi dövründə müstəqillik tariximizdə ilk dəfə olaraq milli dövlətçilik sistemində birinci xanım institutu təşəkkül tapdı. Ölkəmizin əldə etdiyi uğurlar sayəsində Azərbaycan qadını cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı qazandı. Onlar da dövlətçiliyimizin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin inkişaf etdirilməsi işinə öz layiqli töhfələrini verirlər. Bugünkü Azərbaycan cəmiyyətində birinci xanım institutunun formalaşması Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Onun üzərinə götürdüyü böyük missiya ölkəmizdə qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsinə əyani sübutdur.

Mehriban xanım Əliyevanın fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti uğurla tamamlayır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihə və proqramlar ölkənin birinci xanımına cəmiyyətin böyük rəğbətini qazandırmışdır. Onun təşəbbüsü ilə reallaşan layihələr, yeni tikilən məktəblər, mədəni irsimizin təbliği ilə bağlı həyata keçirilən layihələr milli genofondun qorunub saxlanılmasına, inkişafına, gənc nəslin fəal vətəndaş kimi formalaşmasına xidmət edir.

Ölkəmizdə bütün sahələrdə gedən inkişaf prosesindən danışarkən, 2010-cu ildə Azərbaycanda Dövlət Bayrağı Meydanının tikilərək istifadəyə verilməsini xüsusi qeyd etmək istərdim. Bu meydanda ucaldılmış Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağı olmaqla yanaşı, həm də ölkəmizin inkişaf rəmzinə çevrilmişdir.

Bu gün Azərbaycanın qazandığı müsbət imic sayəsində ölkəmizin paytaxtında çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi artıq adi hala çevrilmişdir. 2011-ci ildə "Eurovision" mahnı müsabiqəsində gənclərimizin parlaq qələbəsi isə Avropa ölkələrinin Azərbaycan mədəniyyətinə verdiyi yüksək qiymətin təzahürü olmaqla yanaşı, 2012-ci ildə bu möhtəşəm yarışmanın ölkəmizdə keçirilməsi şansını bizə nəsib etdi.

Avropa Olimpiya Komitəsinin (AOK) Romada keçirilən iclasında 2015-ci il I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi isə ölkəmizin sürətli inkişafının Avropada etirafı kimi qiymətləndirilməlidir. Hazırda ölkəmizin 2020-ci ilin Yay Olimpiadasının ev sahibliyinə iddia etməsi Azərbaycanda idmanın inkişaf səviyyəsinin göstəricisidir.

Uğurlarımızdan danışarkən bu il fevralın 8-də Azərbaycanın "Azərspace-1" ilk telekommunikasiya peykinin uğurla orbitə buraxılmasını xüsusi qeyd etmək lazımdır. Bu, ölkəmizin tarixində ən əlamətdar hadisələrdən biri olmaqla yanaşı, ölkəmizdə telekommunikasiya sahəsinin və informasiya texnologiyalarının sürətli inkişafından xəbər verir. Bu peyk həm Azərbaycanın, həm də Şərqi Avropa, Şimali Amerika, Mərkəzi Asiya və digər region ölkələrini əhatə etməklə böyük arealda insanların telekommunikasiyaya olan tələbatını ödəyəcəkdir.

Müstəqil dövlətimizin parlamentinin keçdiyi yola nəzər salarkən qürurla qeyd edə bilərik ki, müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı parlamentarizm ənənələri illər keçdikcə daha da möhkəmlənir və zənginləşir. Hüquqi, demokratik dövlət quruculuğu prosesındə yaxından iştirak edən Milli Məclis ölkə həyatının müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən müasir ruhlu qanunlar, qərarlar qəbul edir, ölkəmizin taleyüklü məsələlərində daim prinsipiallıq nümayiş etdirir. Parlamentimiz Heydər Əliyev ideallarına sadiq qalaraq hər bir məsələdə məhz ölkə vətəndaşlarının mənafeyini uca tutur, yeni qanunların insanların rifahının yüksəlməsinə və maraqlarının qorunmasına xidmət etməsi üçün əlindən gələni əsirgəmir. Əminəm ki, Milli Məclis bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vüsət alan inkişaf prosesinin qanunvericilik bazasının möhkəmləndirilməsi üçün əzmlə çalışacaq, ölkəmizin yeni-yeni uğurlara imza atmasına bundan sonra da öz dəyərli töhfələrini verəcəkdir.

 

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli

Məclisinin Sədri,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.-2013.- 10 may.- S.5.