«Heydər Əliyev və insan hüquqları» mövzusunda yazı müsabiqəsinə yekun vurulub

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Mətbuat Şurası tərəfindən elan olunmuş  "Heydər Əliyev və insan hüquqları" mövzusunda yazı müsabiqəsinin nəticələrinin açıqlanması və qaliblərin təltif olunması mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov açaraq muxtar respublikada jurnalist yazı müsabiqələrinin keçirilməsinin artıq ənənə halını aldığını, lakin insan hüquqları mövzusunda elan olunmuş bu müsabiqənin xüsusi əhəmiyyət daşıdığını bildirdi.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hüquq islahatlarından, insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışdı, qalibləri təbrik etdi. Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Ülkər Bayramova vurğuladı ki, müsabiqənin keçirilməsinin əsas məqsədi ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub-saxlanılması, gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin, dövlətçiliyimizin əbədiyaşarlığının təmin olunması, demokratik-hüquqi dövlət quruculuğu, ölkəmizin müstəqilliyi dövründə insan hüquq və azadlıqları sahəsində reallaşdırılan islahatların daha da dərindən öyrənilməsindən, jurnalistlərin bu istiqamətdə yazılar hazırlamasını stimullaşdırmaqdan ibarət idi.

Müsabiqənin münsiflər heyəti üzvlərindən "Şərq qapısı" qəzetinin baş redaktoru Tural Səfərov, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev müsabiqənin keçirilmə şərtləri, təqdim olunan yazıların hansı meyarlara görə dəyərləndirildiyi haqqında məlumat verdilər. Bildirildi ki, təqdim olunan yazılar münsiflər heyətinin bir neçə mərhələdə keçirilən müzakirələrinin nəticəsi olaraq qiymətləndirilib.

Sonra müsabiqə qaliblərinin adları açıqlanıb. "Azərbaycan" qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri Elxan Məmmədovun müsabiqəyə təqdim etdiyi yazı birinci, "Şərq qapısı" qəzetinin əməkdaşı Elnur Kəlbizadənin müəllifi olduğu yazı ikinci, "Nuh yurdu" qəzetinin redaktoru Qafar Qəmbərovun yazısı üçüncü yerə layiq görülüb. Qaliblərə Naxçıvan Muxtar Respublikası insan hüquqları üzrə müvəkkilinin  (ombudsman) diplomu,  Naxçıvan Mətbuat Şurasının fəxri fərmanı və mükafatlar təqdim olunub. Qaliblər çıxış edərək ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqənin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

 

 

Azərbaycan.-2013.- 10 may.- S.12.