Xarici ölkələrdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilmişdir

 

BƏƏ

 

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirmişlər.

Dubayda fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov AzərTAc-a bildirmişdir ki, tədbirdə Azərbaycandan, Türkiyədən və müxtəlif ərəb ölkələrindən qonaqlar iştirak etmişlər.

S.İmanov tədbirdə çıxış edərək Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu barədə ətraflı məlumat vermiş, Azərbaycanın son 30 ildən çox dövlətçilik tarixinin ulu öndərin adı ilə bağlı olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, müstəqilliyinin ilk illərində Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmış, ölkədəki böhran  daha da dərinləşmişdir. Belə bir ağır vəziyyətdə xalq öz xilaskarına müraciət etmişdir. Xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı parçalanmaqdan qurtarmış, ölkədə ictimai-siyasi sabitlik yaratmış, iqtisadi inkişafa nail olmuşdur. Ümummilli liderin müdrikliyi sayəsində Azərbaycan dünyada öz layiqli yerini tutmuşdur. Vurğulanmışdır ki, ulu öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir və bunun nəticəsində Azərbaycan daha böyük uğurlara imza atır. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır. Paytaxt Bakıda mədəniyyətlərarası, dinlərarası dialoqla bağlı beynəlxalq tədbirlər, iqtisadi forumlar keçirilir.

BƏƏ-nin nüfuzlu qəzetlərində Azərbaycanla bağlı məqalələr dərc olunmuşdur. "Əl-İttihad" qəzeti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Milli Məclisdə qəbul olunmuş amnistiya aktına xüsusi yer vermişdir. Qəzet yazır ki, ulu öndərin yubileyi ərəfəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunmuş amnistiya aktı ilə minlərlə insan azadlığa qovuşmuşdur. Azad olunacaq təqribən 2 minə yaxın məhbusun əksəriyyəti qadınlar, yaşlı insanlar və əlillərdir. Daha 7000 məhbusun cəzası isə yüngülləşdirilmişdir.

Qəzet Mehriban xanım Əliyevanın parlamentdə söylədiyi fikirlərə də xüsusi yer vermişdir.

Tədbirlərdən hazırlanmış material və Azərbaycan haqqında məqalə ilə bu linklərdə tanış olmaq mümkündür:  http://www.albayan.ae/five-senses/last-page/2013-05-09-1.1879796

 

http://www.alittihad.ae/details.php?id=45090&y=2013

 

Argentina

 

Argentinanın La Plata Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə "Heydər Əliyev və müasir Azərbaycanın qurulması" adlı kitabın təqdimatı keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbir universitetin Beynəlxalq Əlaqələr İnstitutunun Azərbaycanşünaslıq kafedrasının, Azərbaycanın Argentinalı Dostları Klubunun və Azərbaycanın Argentinadakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılmışdır.

Beynəlxalq münasibətlər üzrə argentinalı tədqiqatçı və La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun professoru Paulo Bottanın müəllifi olduğu bu kitab ulu öndər Heydər Əliyevin keçdiyi şanlı həyat yoluna, sovetlər dövründə Azərbaycanın inkişafındakı xidmətlərinə, müstəqilliyin bərpasından sonra ölkəmizin üzləşdiyi mürəkkəb şəraitdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında dahi şəxsiyyətin roluna, ölkəmizin inkişafı və beynəlxalq sistemə inteqrasiya edilməsi istiqamətindəki strategiyasına həsr olunmuşdur.

Kitabda ümummilli liderin Azərbaycanda prezidentliyi dövrü  ölkəmizdəki daxili ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, uğurlu neft strategiyası, beynəlxalq təşkilatlarla əməkdaşlıq mövzuları kontekstində təhlil olunur və ulu öndərin bir sıra tarixi nitqləri müəllifin şərhləri ilə oxuculara təqdim olunur.

Təqdimat mərasimində kitabın müəllifi professor Paulo Botta, Argentina Milli Konqresinin Deputatlar Palatasının Argentina-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Roberto Moullieron, La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Norberto Consani, Azərbaycanın Argentinalı Dostları Klubunun sədri Xorxe Kolombre Marmol və Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə  çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri, ölkəmizin inkişaf strategiyası və regional siyasətdəki önəmli rolu barədə danışmışlar.

Tədbirdə Argentina rəsmiləri, parlamentin deputatları, diplomatik korpusun üzvləri, jurnalistlər, Azərbaycan və Qafqaz üzrə tədqiqatçılar və tələbələr iştirak etmişlər.

Təqdimat mərasimində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi nümayiş etdirilmişdir.

 

Pakistan

 

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Pakistanın Ticarət və Sənaye Palatasında toplantı keçirilmişdir.

Tədbirdə Kayde Azam, Preston, Müasir Dillər və Pakistan Milli universitetlərinin rektorları, Milli kitabxananın direktoru, "Diplomatic  Insight", "Diplomatic Star" və "Centreline" jurnallarının, "Daily Times", "Pakistan Observer" və "The News" qəzetlərinin baş redaktorları, tanınmış ictimai-siyasi xadimlər iştirak etmişlər.

Palatanın sədri Zəfər Bəxtəvari Pakistan-Azərbaycan münasibətlərinin qurucusu olan görkəmli dövlət xadimi Heydər Əliyevin ikitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafına verdiyi töhfələrdən danışmışdır. Bildirmişdir ki, məhz Heydər Əliyevin dəstəyi ilə iqtisadi əlaqələrin hüquqi normativ bazasını təşkil edən sazişlər paketi imzalanmış, ikitərəfli hökumətlərarası komissiya təsis edilmiş, Bakı-Kəraçi hava əlaqəsi qurulmuş, sadələşdirilmiş rejimdə gediş-gəlişin təşkili üçün konsulluq sazişi hazırlanmış, Pakistan Milli Bankının Bakıda filialı açılmış və digər tədbirlər görülmüşdür. Məhz bu siyasətin nəticəsində onlarca Pakistan şirkəti və mütəxəssisi hazırda Azərbaycanda fəaliyyət göstərir, ölkələrarası ticarət inkişaf etməkdədir.

Z.Bəxtəvari Heydər Əliyevin təməlini qoyduğu iqtisadi islahatların, neft strategiyası nəticəsində Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında olduğunu vurğulamışdır.

Palatanın sədri hər il Bakıya səfər etdiyini və hər dəfə də onu heyrətə gətirən dəyişikliklərin şahidi olduğunu vurğulamışdır.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov ulu öndər Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişafında əvəzsiz rolundan danışmışdır. Bildirmişdir ki, Heydər Əliyevin 1995-ci və 1996-cı illərdə müvafiq olaraq Pakistanın Prezidenti və Baş naziri ilə görüşləri əməkdaşlığımızın dərinləşməsi baxımından əhəmiyyətli olmuşdur.

Səfir hökumətlərarası iqtisadi komissiyanın təşkilinin və həmin komissiyanın artıq 5 iclasının keçirilməsinin də bu əlaqələrə təkan verən amillərdən olduğunu vurğulamışdır.

Azərbaycanın ümummilli liderinin ideyaları haqqında danışan D.Şikarov Prezident İlham Əliyevin həmin ideyaları layiqincə davam etdirdiyini vurğulamışdır. Bildirmişdir ki, məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyada ən yüksək templərlə inkişaf edən dövlətlərdən birinə çevrilmişdir.

Preston Universitetinin rektoru professor Abdul Basit, Sənaye və Ticarət Palatasının baş katibi Məcid Şabir ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın inkişafı, Pakistan-Azərbaycan münasibətlərinin qurulması və inkişaf etdirilməsi yolundakı xidmətlərindən danışmışlar.

Tədbirin iştirakçılarına yenidən çap olunmuş "Heydər Əliyev - Azərbaycanın ümummilli lideri" kitabı paylanmışdır.

 

Türkiyə

 

Türkiyənin böyük şəhərlərində olduğu kimi, Əskişəhərdə də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı silsilə tədbirlər keçirildi.

Anadolu Universitetində keçirilən ilk tədbirdə əvvəlcə Türkiyədə çalışan azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin açılışı oldu. Sərginin açılışında Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanov, İdarəçilik Akademiyasının prorektoru, professor Əlikram Abdullayev, İqtisad Universitetinin prorektoru, professor Damət Bağırov, Slavyan Universitetinin prorektoru, professor Asif Hacıyev iştirak etdilər. Yubiley tədbirini giriş sözü ilə açan Anadolu Universitetinin rektoru, professor Davud Aydın dedi ki, Heydər Əliyev yalnız Azərbaycan üçün deyil, bütövlükdə türk dünaysı üçün böyük tarixi xidmətlər göstərmişdir. Sonra Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev, Osman Qazi Universitetinin professoru Tamella Əliyeva və Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndəsi Nəcibə Nəsibova çıxış edərək ulu öndərin şərəfli ömür yolundan, ictimai-siyasi fəaliyyətindən söz açdılar. Professor Tamella Əliyeva Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsini Yunus İmrənin "Sevəlim, seviləlim; Dünya kimsəyə qalmaz" fikri ilə müqayisə edərək bildirdi ki, filosof şair Yunus İmrənin bu sözləri UNESCO-nun divarına, dünya şöhrətli siyasətçi Heydər Əliyevin "Bir millət, iki dövlət" sözləri isə bütün türk dünyasının tarixinə qızıl hərflərlə yazılmışdır.

Tədbirin sonunda universitetdə yaradılmış Heydər Əliyev Muzeyinin açılışı oldu. Muzeylə tanışlıq zamanı Türkiyənin müxtəlif bölgələrindən və Azərbaycandan gələn siyasi xadimlər, habelə universitet müəllimləri ulu öndər  Heydər Əliyevin həyat və fəaliyyətindən söz açaraq onun Azərbaycan dövləti və xalqı üçün gördüyü böyük işlərdən danışdılar.

Toplantıda Azərbaycan səfirliyi ilə Azərbaycan Təhsil Nazirliyinin birgə  təşəbbüsü ilə keçirilən "Heydər Əliyev haqqında nə bilirik?" yazı müsabiqəsinin qalibləri elan olundu. Osman Qazi Universitetinin qarşılaşdırmalı ədəbiyyat fakültəsinin IV kurs tələbəsi Cihan Takıcı birinci yerə, iqtisadi və idari bilimlər fakültəsinin I kurs tələbəsi Zülbiyə Büyükak ikinci, həmin fakültənin III kurs tələbəsi Gözdə Qaradağ isə üçüncü yerə çıxaraq Azərbaycan Təhsil Nazirliyi tərəfindən müxtəlif mükafatlara layiq görüldülər.

 

T.ƏLİYEVA,

"Azərbaycan" qəzetinin Türkiyə təmsilçisi

Əskişəhər

 

 

Braziliya

 

 Azərbaycanın Braziliyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Braziliyanın xarici işlər nazirinin müavini Hadil da Roşa Vianna, parlamentin Deputatlar Palatasının Xarici əlaqələr və milli müdafiə komitəsinin prezidenti Nelson Pellegrino, deputat Klaudio Kajado, habelə xarici ölkələrin səfirləri, dövlət qurumlarının və akademik dairələrinin nümayəndələri iştirak etmişlər.

Səfir Elnur Sultanov ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyəti haqqında məlumat verərək ulu öndərin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, respublikamızda ictimai-siyasi sabitliyin bərqərar olunmasında, davamlı iqtisadi inkişafın təmin edilməsində, milli maraqlara cavab verən xarici siyasət kursunun müəyyənləşdirilməsində, Azərbaycanın neft strategiyasının həyata keçirilməsində misilsiz rolundan danışmışdır.

Sonra qonaqlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxmış və fotosərgi ilə tanış olmuşlar.

Sonda isə braziliyalı musiqiçi Bernardo Bitenkurt tar və udda  Azərbaycan musiqi parçalarını ifa etmişdir.

 

Rumıniya

 

Mayın 10-da Buxarestdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Azərbaycanın Buxarestdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının təmsilçiləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin kollektivi və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və başqaları iştirak etmişlər.

Buxarestdəki Tey Parkı - Heydər Əliyev xiyabanına toplaşan tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev vurğulamışdır ki, Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyət, ümummilli lider hələ SSRİ dövründə ölkəmizə rəhbərlik edərək uzaqgörənliyi ilə doğma Vətəni və xalqının rifahı üçün misilsiz xidmətlər göstərmişdir.

Tədbirdə çıxış edənlər müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ölkəmizdə dinamik iqtisadi-sosial inkişafın təmin olunmasında, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin gücləndirilməsində, respublikamızda demokratik, hüquqi və vətəndaş cəmiyyətinin yaradılmasında və dünyəvi dəyərlərə inteqrasiya sahəsində ulu öndər Heydər Əliyevin apardığı cəsarətli siyasətin nəticələrindən danışmış və bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirildiyini diqqətə çatdırmışlar.

Sonda ümummilli liderin büstünün önünə əklillər və tər çiçəklər qoyulmuş, ulu öndərin əziz xatirəsinə yüksək hörmət və ehtiram ifadə edilmişdir.

 

 

Azərbaycan.-2013.- 11 may.- S.9.