«Geostrategiya» jurnalının növbəti nömrəsi çapdan çıxmışdır

 

Aylıq ictimai-siyasi, elmi-populyar "Geostrategiya" jurnalının 2013-cü il mart-aprel  nömrəsi çapdan çıxmışdır.

AzərTAc xəbər verir ki, təsisçisi "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzi olan jurnalın baş redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Nəşrə başladığı qısa müddət ərzində "Geostrategiya" jurnalı geniş populyarlıq qazanmışdır. Buna səbəb jurnalın Azərbaycanın hazırkı və perspektiv geostrateji mövqeyi, ölkəmizin regional təhlükəsizliyin təminatındakı rolunun elmi tədqiqinə böyük diqqət ayırmasıdır. Nəşrin hər nömrəsində respublikamızın strateji maraqlarının, tarixinin, mədəniyyətinin, incəsənətinin təhlilinə geniş yer verilmişdir.

Jurnalın yenicə çapdan çıxan nömrəsində də bu məsələlər diqqətdə saxlanmış, eyni zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərinə həsr olunmuş analitik yazılar geniş əksini tapmışdır.

"Geostrategiya"nın yeni nömrəsi tarix elmləri doktoru, professor Əli Həsənovun "Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizə dövründəki fəaliyyəti (yanvar 1990 - iyun 1993-cü il)" məqaləsi ilə açılır.

"Geosiyasət" rubrikası altında dərc olunmuş bu sanballı məqalədə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri tam dolğunluğu ilə öz əksini tapmışdır.

Professor qeyd edir ki, görkəmli siyasət xadiminadir şəxsiyyət kimi ulu öndər Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik dövründəki xidmətləri, Azərbaycana rəhbərliyi illərində respublikanın sosial-iqtisadi istiqamətində atdığı addımlar, xalqımızın milli mənəvi dəyərlərinin qorunması və inkişafı sahəsində gördüyü işlər haqqında indiyə qədər çoxsaylı elmi-siyasi araşdırmalar aparılmış və kitablar yazılmışdır.

Ulu öndər Heydər Əliyevin xarizmatik liderlik keyfiyyətləri və milli iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı və dövlətə rəhbərlik bacarığı, qlobal düşüncə tərzi və s. keyfiyyətləri onun həyatının mühüm bir mərhələsini təşkil edən 1990-1993-cü illərdəki fəaliyyətində - Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda apardığı mübarizə dövründə daha qabarıq formada üzə çıxmışdır.

Müəllif dərin elmi araşdırmalara əsaslanan məqaləsində əsas diqqəti Azərbaycan xalqının cidditaleyüklü problemlər qarşısında dayandığı bir dövrdə - 1990-cı ilin əvvəllərində ulu öndərin öz həyatını təhlükə qarşısında qoyaraq milli mübarizə meydanına atılmasına və həmin andan başlanan və 1993-cü ilin iyununadək davam edən mücadilənin ayrı-ayrı mərhələlərinə, bu ağır dövrdə ümummilli liderimizin atdığı müdrik addımlar sayəsində Azərbaycanın bir dövlət kimi tarix səhnəsindən silinmək təhlükəsindən xilas olmasını şərtləndirən amillərə yönəltmişdir.

Professor Əli Həsənov məqaləsini bu fikirlərlə bitirir: "Tarixi proseslərin sonrakı gedişi göstərdi ki, Heydər Əliyev həm Ali Sovetin Sədri, həm də sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti kimi daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli, müdrik və səmərəli idarəçilik həyata keçirdi, Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etdi, respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərini dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin BANİSİ və LİDERİ kimi həkk etdi".

Jurnalda tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyevin "Baykal-Amur magistralının tikintisində Heydər Əliyevin xidmətləri", publisist-politoloq Reyhan Mirzəzadənin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr etdiyi "Ürəklərdə əbədi məhəbbət məşəli yandıran insan" sərlövhəli məqalələr də böyük maraq doğurur.

Bunlardan əlavə, jurnalda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) dosenti Elçin Əhmədovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, dağ-mədən mühəndisi Azər Şükürovun Azərbaycanda metallurgiyanın inkişaf perspektivlərinə, DİA-nın müəllimi Nafilə Rəhimovanın İran İslam Respublikasında xarici siyasət sahəsində qərarların qəbul edilməsi prosesinə dair araşdırmaları dərc edilmişdir.

Oxucular, həmçinin "Geostrategiya"nın yeni nömrəsində AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı Günel Adıgözəlovanın Azərbaycan-Türkiyə əməkdaşlığında ticarət-iqtisadi və humanitar sahələr aspektinə yanaşması, DİA-nın baş müəllimi Aynur Fərmanovanın Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsində UNESCO ilə əməkdaşlığın roluna dair araşdırması, eyni zamanda, Azərbaycan dilində mövcud olan fəlsəfi terminlərin yaranması və inkişafından, ölkəmizdə kosmik sənayenin inkişaf perspektivlərindən, İslamda elm və təhsillə bağlı ilk fəaliyyətlərdən bəhs edən maraqlı yazılarla tanış ola bilərlər.

Jurnalın bu nömrəsində, eyni zamanda,  rusdilli auditoriyanın istəyi nəzərə alınaraq rus dilində maraqlı yazılar dərc edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 11 may.- S.11.